Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yolları yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb. Torpaq işlərinə paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan mövcud körpünün hərəkət hissəsi təmir edilib, məhəccərlər yenisi ilə əvəz olunub, həmçinin bir nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün 193 nöqtədə yeni suötürücü borular inşa olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, avtomobil yollarına 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa, layihəsi çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerdə ikitərəfli əyrixətli tirlər, məlumatverici lövhələr, 130 yol nişanı və 540 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə, sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq.