Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti dəfə humanitar atəşkəs qərarına əməl etməməsi Türkiyə kütləvi informasiya vasitələrinin əsas mövzusudur. Ekspertlər hesab edirlər ki, Paşinyan hakimiyyəti cəbhədəki biabırçı məğlubiyyətin ölkədə sosial partlayış yaradacağından ehtiyatlanaraq erməni hərbçilərinin meyitlərini qəbul etmək istəmir.
LEQAL.AZ xəbər verir ki, cəbhədəki son vəziyyət, o cümlədən düşmən ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması Türkiyə mediası tərəfindən diqqətlə izlənilir. Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti “Su-25” hücum təyyarəsinin Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilməsi xəbəri qardaş ölkə mətbuatında mühüm xəbər kimi sürətlə yayılıb. Bildirilir ki, atəşkəs qərarı ilə döyük təyyarəsinin Azərbaycan mövqelərinə qarşı səmaya qaldırılması bir-birinə ziddir.