"Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran" adlı yeni kitab işıq üzü görüb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) LEQAL.AZ-a verilən məlumata görə, kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub. Kitabın müəllifi Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir.
Sadədən mürəkkəbə sistematik şəkildə tərtib olunmuş kitabda bütün izah və şərhlər asanlıqla anlaşılan dildə verilib. Bunun sayəsində kitab olduqca rahat oxunur və istənilən yaş qrupu üçün uyğundur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duası ilə nəşr olunmuş kitabın məsləhətçiləri QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və QMİ sədrinin müavini Fuad Nurullayevdir. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Kitab Quran oxumağı öyrənmək istəyənlərə pulsuz təqdim olunur. Kitabı əldə etmək istəyənlər QMİ-yə, birbaşa müəllifin özünə müraciət edə bilərlər.