Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların doğum günü qeyd olunub

Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların doğum günü qeyd olunub
  • Cəmiyyət

  • Ağdam rayonunun Çullu kəndində eyni gündə dünyaya gələn və eyni gündə də şəhidlik zirvəsinə ucalan Nazir və Tacir Allahverdiyev qardaşlarının anım tədbiri keçirilib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid qardaşların ailə üzvləri, silahdaşları, Ağdam Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, Çullu kənd tam orta məktəbin müəllim və şagird heyəti, şəhid ailələri, müharibə veteranları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Mərasimdə şəhid qardaşların döyüş yollarına nəzər salınıb. Çıxış edənlər Tacir və Nazir Allahverdiyev qardaşlarının Vətən sevgisindən, keçdikləri şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, eyni gündə dünyaya gələn qardaşların taleləri, həyat yolları da qoşa olub. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək Xocavənd istiqamətində bir yerdə döyüşüblər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Çullu kəndində torpağa tapşırılıblar. Şəhid qardaşlar ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

    Nazir və Tacir qardaşlarının timsalında bütün şəhidlərimizə borcluyuq. Çünki ən yeni tariximizi onlar öz qanları ilə yazdılar. Torpaq uğrunda ölən varsa, Vətəndir.


    PAYLAŞ:

    Oxşar xəbərlər