Sadəliyi ilə ucalan insan - FOTO

Sadəliyi ilə ucalan insan - FOTO
  • Cəmiyyət

  • İbrahim Qurbanov haqqında xatirələr
     
    İlk tanışlıq 1985-ci ilin yanvar ayında təzəcə respublika prokuroru təyin edilmiş İlyas İsmayılov mənə zəng etdi və göstəriş verdi ki, sabah Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin I katibi İbrahim Qurbanovun qəbulunda olum.

    İ. Qurbanovu dəfələrlə görmüşdüm. Respublikanın sayılıb seçilən rayon katiblərindən idi. Deputat, Mərkəzi Komitə üzvü və Sosialist Əməyi Qəhrəmanı idi. Səhərisi gün Cəlilabad rayon PK-nın I katibi İ. Qurbanovla görüşdüm. Təxminən bir həftə sonra Cəlilabad rayon XDS İK-nın sədr müavini Tofiq Bağırov mənə zəng etdi və bildirdi ki, sabah Svetlyazarya kəndində seçicilərlə görüşə getməliyik. Düzü, mən təəccübləndim. Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyirdim. Cəlilabadda Rayon Sovetinə deputat seçilirdim. Beləliklə, təyinat almamışdan əvvəl, Cəlilabad Rayon Sovetinin deputatı seçildim.

    Mart ayında Cəlilabad rayon prokuroru vəzifəsinə təyin olundum. Bir neçə gün idi ki, işə başlamışdım. İ. Qurbanov mənə zəng etdi:

    - Başqa işin yoxdursa, sən də gəl, Üçtəpə kəndinə gedirik, dedi.
    İbrahim Qurbanov Üçtəpə kəndində toyuqçuluq fermasında olarkən, su istəyir. Suyu içən kimi haradan gətirildiyini soruşur. Deyirlər “suyu gördüyünüz beton quyudan götürürük”. Araşdırma nəticəsində məlum olur ki, əsrin əvvəllərində Üçtəpə dağlarından təxminən 30 km-lik məsafədən, saxsı borularla Pokrofka, Andreyevka və rusların çox məskunlaşdığı digər kəndlərə su çəkilib. Sovet dönəmində boruların çox hissəsi sıradan çıxır və suyun axarı kəsilir. Həmin hadisədən sonra Cəlilabad şəhərindən 6 kmlik məsafədə olan quyudan çənlərə çıxarılmaqla, rayon mərkəzinə su gətirilməsi işinə başlanmışdı. İ. Qurbanov məni də bu işə qoşdu. İkinövbəlilik, gərgin iş rejimi nəticəsində qısa müddətdə rayon mərkəzinə bulaq suyu gətirildi. Öz təcrübəmdən bilirəm ki, o, adamları həvəsləndirməyi bacarırdı.

    İ. Qurbanov tikinti-abadlıq işlərinə xüsusi diqqət yetirirdi. Tikinti sahəsində təhsili olmasa da fitri istedada malik insan idi. Onun tapşırıqlarını əsasən, tikinti trestinin rəisi Gülbala Piriyev həyata keçirirdi. Adi ağ vərəqdə cizgilər çəkir, Gülbala Piriyevə ideyalar verirdi. Qısa müddətdə gözəl tikili alınırdı. Təsadüfi deyil ki, İ. Qurbanovun gəlişindən sonra, Cəlilabadın siması başdan-başa dəyişmişdi. Ümumiyyətlə, İ. Qurbanovun Cəlilabada rəhbər təyin olunması nəticəsində rayonda bütün sahələrdə sıçrayışlı inkişaf baş vermişdi. Təkcə bunu demək kifayətdir ki. respublikanın kənd təsərrüfatı üzrə ümumdaxili məhsul istehsalının 7-8 faizi Cəlilabadın payına düşürdü.

    Öz təyinatı ilə əlaqədar maraqlı hadisə danışırdı. Neftçala rayon PK-nın I katibi işləyərkən, məzuniyyətə getməzdən əvvəl Heydər Əliyevlə görüşür. Söhbət zamanı H. Əliyev onun işindən razılığını bildirir. Xudahafizləşib gedir. Şəhərdən çıxarkən maşını saxlayırlar. Xahiş edirlər ki, təcili MK-yə qayıtmalısan. H. Əliyev onu gülər üzlə qarşılayır. “İbrahim, səni Cəlilabada göndərmək istəyirəm. Fikrin nədir?”- deyir. İ. Qurbanov etimada görə təşəkkürünü bildirir və iki gündən sonra, 1980-ci ilin yanvar ayında Cəlilabad rayon PK-nin I katibi seçilir.
    Cəlilabad rayonunda 1979-cu ildə 96 min ton, 1980-ci ildə 2 dəfədən artıq, yəni 206 min ton üzüm istehsal olunmuşdu.

    Maraqlı hadisələrin biri də 1981-ci ildə olur. İ. Qurbanov sərhəd kəndlərini gəzərkən, Ləkin “zastavası”nda sərhəd darvazasını açdırır və çayın o tayında işləyən İran vətəndaşları ilə səmimi söhbət edir. Onlara bir neçə yeşik üzüm də pay verir.

    Hələ rayona çatmamaış “ratsiya” ilə xəbər verirlər ki, onu Mərkəzi Komitə katibi İsa Məmmədov axtarır. Tez kabinetə gəlib İ. Məmmədova zəng edir. İsa Məmmədov deyir:

    - İbrahim, sənin sərhəddə nə işin var? Y. Andropov H. Əliyevə zəng edib səninlə maraqlanıb, o da cavabında deyib ki, “Yuri Vladimiroviç, o elə katibdir ki, icazə versək gedib İranda da sosializm qurar”. Heydər Əliyev tapşırdı ki, bir də elə şeylər etməyəsən.

    İ. Qurbanovun H. Əliyevə böyük hörmət və məhəbbəti var idi. 1987-ci ilin oktyabrında H. Əliyev Siyasi Büro üzvlüyündən və bütün postlardan kənarlaşdırıldıqdan sonra da, onun şəkli bir neçə gün Siyasi Büro üzvləri arasından götürülməmişdi. Bu həmin dövrdə az qala “cinayət “ sayılırdı. (Deyirdilər ki, İ. Qurbanovun işdən çıxarılmasının səbəblərindən biri də budur).

    Şəkil məsələsi ilə əlaqəar bir hadisəni də danışmaq istəyirəm. H. Əliyev Cəlilabada hər il gələr, zəhmətkeşlərlə görüşər, göstəriş və tövsiyələrini verərdi. İ. Qurbanov vəzifədən çıxandan sonra onun yerinə gələn I katib DTK-nın yerli şöbəsinin rəisi ilə 1988-ci ilin yay aylarında dağ kəndlərini gəzərkən, Akifəli Rzayevin direktor olduğu “Kommunist” sovxozuna gəlir və kabinetə girərkən diksinir. Akifəlinin kabinetində H. Əliyevin 1981-ci ildə zəhmətkeşlərlə görüşünü əks etdirən böyüdülmüş şəklini görür. Həmin şəkildə, o dövrdə MK-də təlimatçı işləyən I katib də H. Əliyevi alqışlayanlar arasında olmuşdu. Böyük mərəkə qopdu. Akifəlinin işdən çıxarılıb-çıxarılmaması yadımda deyil, lakin sovxozun maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına imkan vermədim. Bu da həyatın bir qəribəliyidir.

    İbrahim Qurbanov tez-tez nazirləri və komitə sədrlərini qonaq çağırır, təsərrüfatları gəzdirir, sonra da rayonun ehtiyacı üçün bu və ya digər məsələləri onların “boynuna qoyurdu”. O, rayon üçün mümkün olan və olmayan bütün imkanlardan bacarıqla istifadə edirdi.
    1985-ci ilin avqust ayında saat 20 radələrində episentri Cəlilabad şəhərindən 15 km aralıda ilkin məlumata görə 5. 5 bal gücündə zəlzələ baş verdi. Səhərisi günü Moskvanın “Vremya” (Zaman) proqramında Azərbaycanın Cəlilabad rayonunda 7 bal gücündə zəlzələ olması barədə məlumat verildi.

    Zəlzələdən sonra bir günün içində Cəlilabadda bütün divarı çatlamış, qəzalı vəziyyətdə olan tikililəri əks etdirən 2 fotoalbom düzəldilmiş və Moskvaya göndərilmişdi. İttifaq büdcəsindən Cəlilabad üçün 20 milyon manat pul ayrılmışdı. Bu pullar da abadlıq-quruculuq işlərinə sərf olunurdu.
    Həmin dövrdə Cəlilabadın güclü kadr potensiyalı var idi.

    RİK-nin sədri Aslan Mehdiyev, onun müavini Tofiq Bağırov (sonralar hər ikisi Füzulu və Cəlilabad rayonlarında birinci şəxs oldular) II katib – ixtisasca jurnalist olan, uzun müddət qəzet redaktoru işləmiş Əlövsət Bəşirov, məhkəmə sədri, 34 il hakimlik təcrübəsi olan Naxçıvan Ali Məhkəməsinin sədri işləmiş Qəni Kazımov, milis rəisi, 20 ildən artıq milis rəisi işləyən Sədr Mirzəyev, DTK-nın yerli şöbəsinin sədri, 35 ildən artıq təhlükəsizlik orqanlarında işləmiş Yavər Ələkbərov, ASB-nın rəisi Vəkil Zeynalov və onu əvəz edən Qılınc Nəsirovu göstərmək olar. Təcrübəli təsərrüfat rəhbərlərindən və idarə rəislərindən Möhsüm Kərimov, Cavad Cavadov, Qüdrət İsmayılov, Bəyriş Kərimov, Baxış Mustafayev, Tiflis Əzizov, Mirhüseyn Kazımov, Sahib Bağırov, 10 il SSRİ Ali Sovetinin Deputatı olmuş Əhməd Ağayev və SSRİ Ali Sovetinin Deputatı Minayə xanım, fədakar təsərrüfat rəhbərləri Surə Ağayeva, Gülsənəm xanım və digərləri böyük biliyə, təcrübəyə malik insanlar idi. Onların hər biri daha yüksək vəzifəyə layiq idilər.

    Cəlilabadın güclü ziyalı potensialı da var idi. Canlı ensiklopediya olan Rəşid müəllim, alovlu şair Abbasağa və digərləri.
    Bu həmin şair Abbasağadır ki, 1993-cü ildə Əlikram Hümbətov özünü “Talış-Muğan Respublikası”nın prezidenti elan etdikdən sonra, bir dəstə yaraqlı ilə Cəlilabada gəlir və iclas keçirir. İclasda Abbasağa tribunaya qalxır:

    – “Sən nə etmək istəyirsən?” – Bizim əlimizdən Həzi Aslanovu, talışların əlindən Sabiri, Səməd Vurğunu almaq istəyirsən? Sən kiminlə ayaq-ayağa qoymusan? Bilmirsən ki, H. Əliyev səni milçək kimi əzər?!
    Əlikram həmin iclasdan sonra Cəlilabada gəlmir.

    Böyük sınaq 1993-cü ildə Zaqatala rayon prokuroru vəzifəsində işləyirdim. “Naib Bulaq” deyilən yerdə məclis qurulmuşdu. Stolun başında hamının hörmətlə yanaşdığı Əjdər Əsədov oturmuşdu (O, əvvəllər Balakən və Şəmkir rayonlarında I katib işləmişdi). Zaqatala rayon icra hakimiyyətinin başçısı Rafail Məcidov, rayonun ağsaqqalları Cücü Yəliyev, Şahid Muxtarov, Oruc Orucov və digər rəhbər işçilər məclisdə iştirak edirdilər. Söhbət əsnasında Əjdər müəllim mənimlə maraqlandı. Əvvəllər Cəlilabadda prokuror vəzifəsində işlədiyimi biləndə dedi:-
    -Yəqin Cəlilabadda İ. Qurbanovdan sonra işləmisiniz?
    -Xeyr, 3 il İ. Qurbanovla Cəlilabadda çiyin-çiyinə işləmişik. O, diqqətlə mənə baxıb soruşdu:
    – SSRİ DİN-in əməliyyat qrupu Cəlilabada gələndə sən harada idin?.
    -Dedim ki, əməliyyat qrupu Cəlilabada gələndə mən prokuror vəzifəsində işləyirdim. Əjdər müəllim yerindən qalxdı, mənə yaxınlaşdı və qucaqladı:
     
    “Sən əsl Azərbaycan oğlusan!”.
    Sonra məclisə müraciətlə:

    - Bu oğlanın qoçaqlığı sayəsində ruslar Cəlilabadı Şəmkirə, Azərbaycanı Özbəkistana döndərə bilmədilər. Mən o əməliyyat qrupunu yaxşı tanıyıram. Şəmkidə daşı-daş üstə qoymadılar(Əjdər Əsədov qəzetlərin birində bu məsələdən yazmışdı). Sonra məndən təkidlə o hadisə barədə danışmağı xahiş etdi. Mən onun xahişini yerə salmadım və hadisəni danışdım.

    8 iyul 1986-cı ildə saat 1:00 radələrində Puşkin (indiki Biləsuvar) rayon milis şöbəsinin rəisi Telman müəllim mənə zəng etdi. (Eyni vaxtda Puşkin rayon prokurorunun səlahiyyətlərini də icra edirdim).

    -Ələmdar müəllim, 4 nəfər SSRİ DİN-in əməkdaşı axşam radələrində şöbəyə gəldilər. Bizdən maşın istədilər. Maşının dövlət nömrə nişanlarını çıxarıb, Cəlilabad istiqamətində getdilər və 3 saat sonra, gətirib maşını təhvil verdilər. Maşının spidometrinə baxmışdıq, 86 km yol getmişdilər. Çox güman ki, sizin rayona əməliyyat görüşünə gediblər. Təşəkkürümü bildirdim. Bir qədər fikirləşdim. Son zamanlar Cəlilabada hücumlar çox olurdu, yerindən duran yoxlamaya gəlirdi. Raykoopittifaqın sədri Səlim Zeynalovu çağırdım, vəziyyəti ona da bildirdim. O dedi ki, Ələmdar müəllim, ticarət şəbəkələrində qorxu yoxdur. Apardığınız yoxlamalardan və iclasdan sonra hamı ilə söhbət etmişik. Kimin çatışmazlığı olsa öz günahıdır. Məsələ burasındadır ki, 1 iyul 1986-cı il tarixdə, mənim qərarımla 4 mağazada eyni vaxtda yoxlama aparılmışdı. Yoxlama materialları üzrə cinayət işləri başlanmış və istintaq aparılırdı. 6 iyul 1986-cı ildə Raykoopittifaqda iclas keçirilmiş və çıxışımda mal gizlədənlərə, çəkidə, ölçüdə, qiymətdə aldadanlara, ictimai əmalkı mənimsəyələnlərə qarşı güzəşt olmayacağını, yoxlamaların bundan sonra da davam edəcəyini bildirmişdim.
    Səlim müəllimlə iş otağıma gəldik. Milis şöbəsinin rəisi Sədr Mirzəyevi dəvət etdim. Xeyli məsləhətləşdik, lakin “qonaqların” hara getdiklərini müəyyən edə bilmədik.

    ASB-nin rəisi Vəkil Zeynalovu çağırdıq. O, məsələni bilən kimi qonaqların “M” ilə görüşmək üçün, hansı kəndə getmələrini dəqiqliklə söylədi. Doğrudan da, Biləsuvardan həmin kəndə 43 km-lik məsafə var idi. (Məxfiçilik naminə həmin şəxsin və kəndin adını demirəm).
    Birinci katib İ. Qurbanovu məsələdən agah etmək üçün saat 3:00 radələrində raykomun qonaq evində toplaşdıq. Xeyli söhbət etdikdən sonra qərara gəldik ki, bu məsələni gizli saxlayaq və hadisələrin gedişini gözləyək.

    Səhər saat 11:00 radələrində milis rəisi məlumat verdi ki, dörd nəfər SSRİ DİN-in əməkdaşı, 20 nəfər respublikanın müxtəlif rayonlarından SƏDM əməkdaşı və 20 mütəxəssislə, 8 mağazada eyni vaxtda yoxlamaya başlayıblar. Üç günlük yoxlama nəticəsində cəmi bir mağazada qiymətdə aldatma faktı aşkar etmişdilər. Adətən rayona yoxlama gələrkən raykoma və prokurora məlumat verirdilər. Bu dəfə isə “qonaqlar” yoxlamaya başladıqdan sonra, milis şöbəsinə gəlib, qeydiyyatdan keçmişdilər.

    11 iyulda İ, Qurbanov mənə zəng etdi. “Qonaqların” onun yanında olduğunu, mənim də söhbətdə iştirakımın zəruriliyini bildirdi. Mən katibin kabinetinə girib “qonaqlar”la baş işarəsi ilə salamlaşdım. Yoxlamanın rəhbəri Reşetnyak Nikolay Stepanoviç əynində cins şalvar və qısa qollu köynək, ağzında siqaret, ayağı ayağının üstündə, çox ədalı formada oturmuşdu. Katib təqdim edəndə heç mənə tərəf baxmadı. Reşetnyakdan soruşdum:
    -“Prokurorluğa niyə gəlməmisiniz? Sabah axtarış lazım olsa, kimdən icazə alacaqsınız?”
    Onun cavabı sərt oldu:
    - Mən sizə hesabat verməliyəm?! Sanksiya lazım olsa, sənədləri göndərəcəyəm, razılıq verəcəksiniz. Bəlkə də sizdən sanksiya almağa ehtiyac olmayacaq!
    – Mən də eyni sərtliklə:
    -Bir həftə bundan əvvəl 4 mağaza yoxlayıb, 4 cinayət işi başlamışam. Siz bir dəstə adamla 8 mağazada yoxlama aparıb cəmi 1 cinayət faktı aşkar etmisiniz. Məndə məlumat var ki, sizin yoxladığınız mağazalarda çatışmazlıq faktları olub, lakin ört-basdır edilib. Həmin mağazalarda təzədən yoxlama aparacağam və yəqin ki, bir neçə cinayət faktı aşkar edə biləcəyəm.

    N. Reşetnyak çox pərt olmuşdu. Mən İ. Qurbanovdan icazə alıb “qonaq”la xudahafizləşmədən kabinetimə gəldim. 10 dəqiqə keçməmiş N. Reşetnyak milis rəisi S. Mirzəyevlə otağıma gəldi və məndən üzr istədi. Sonra biz “qonaqlar”ı götürüb yeməyə getdik. Həmin gündən sonra “qonaqlar” bizsiz çörək yemirdilər. Nə gizlədim, axşam süfrələrində onların sabahkı planlarını, milis rəisi və ASB-nin rəisi Vəkil Zeynalov bilir və müvafiq “qabaqlayıcı tədbirlər” görürdülər.

    6 sovxozda heyvandarlıq və quşçuluq fermalarında aparılıan yoxlamalar heç bir nəticə vermədi. 2 şərab zavodunda da yoxlama aparmaq istəyirdilər. Prokurorluqda CM-nin 88-1 maddəsi ilə istintaq olunan cinayət işinə əsasən, arayış verdim ki, həmin şərab zavodları üzrə sənədlər cinayət işinə əlavə olunmuşdur və istintaq davam edir.

    Axırıncı yoxlama şiakyətçi “M”-nin sakini olduğu kəndin fermasında aparılmalı idi. Səhər saat 10:00 radələrində N. Reşetnyak mənə telefonla zəng etdi və həyəcanlı səslə dedi:

    - Yoldaş Məmmədov, 100-ə qədər adam yığışıb şikayətçiyə və onun adamlarına hücum edirlər. Mən nə etməliyəm? Ona təklif etdim ki, yanıma gəlsin. (Gizlətmirəm, adamların toplaşacağından və yoxlamanın gedişinə mane olacağından bizim xəbərimiz var idi. ) 20 dəqiqə keçməmiş, o, otağıma daxil oldu:
    - Burda ağır hadisə ola bilər?

    Dedim ki, ağır hadisə də ola bilər, adam da ölə bilər. Sizin qərarınız insan həyatından qiymətlidirsə, icra edin.
    O, mənim otağımdan SSRİ DİN-in müavini general leytenant rütbəsində olan şəxsə (soyadı yadımda deyil) zəng etdi. Vəziyyəti bildirdi. Sonra dəstəyi mənə verdi. Generalın ilk sözü bu oldu ki, yoldaş prokuror, Siz də yoxlama aparanda belə gərginlik yaranır? Dedim ki, yoldaş general, biz belə yoxlama aparmırıq. Bir şikayətçinin sözü ilə 24 gündür 40-50 adam yoxlama aparır, cəmi 1 cinayət faktı aşkar ediblər. Rayonda təsərrüfatlar iflic vəziyyətinə düşüb. Sonra general N. Reşetnyaka göstəriş verdi ki, mövcud vəziyyəti aktlaşdırsın və yoxlamanı qurtarsın. Beləliklə də, bu rüsvayçı yoxlama başa çatmış oldu. Sonralar məlum oldu ki, şiakyətçi “M” SSRİ DİN-in yüksək mövqeli “gizli əməkdaşı” imiş. Bu da Moskvanın həqiqətən Cəlilabad üçün ağır günlər hazırladığının göstəricisi idi.

    İ. Qurbanov yoxlamalardan sonra gileylənirdi ki, MK rəhbərliyindən, hətta şöbə müdiri və təlimatçı səviyyəsində zəng edib, vəziyyətlə maraqlanan olmadı.

    Doğrudan da, rəhbərlikdən yalnız Respublika prokuroru İlyas İsmayılov yoxlamanın gedişi ilə maraqlanırdı. Mən qonşu Masallı və Puşkin rayonlarından ona bir neçə dəfə zəng edib, ümumi vəziyyəti məruzə etmişdim. Yoxlamadan sonra növbəti kollegiyada mənə dedilər ki, İlyas müəllim çağırır. Kabinetə girən kimi xoş təbəssümlə ayağa qalxdı. Qapı ağzında mənimlə olduqca səmimi görüşdü. Kamran Bağırovla hər gün Cəlilabaddakı vəziyyəti müzakirə edirdik. “Sənin fəaliyyətindən çox razıyıq. Siz hamılıqla qəhrəmanlıq göstərdiniz”.
    İlyas müəllimin prinsipi bu idi ki, ruslara fakt verib, xalqın taleyinə biganə qalmaq olmaz. Cinayət və cinayətkarlıqla özümüz öz daxili imkanlarımız hesabına mübarizə aparmalıyıq.

    Yeri gəlmişkən, onu da qeyd edim ki, N. Reşetnyakla münasibətlərimiz yoxlamanın axırına doğru istiləşmişdi. O, açıq deyirdi ki, Sizin rayona gələnə qədər harda olmuşuqsa, faktların çoxunu özünüzünkülər veriblər. Biz bir yoxlama aparanda onlar iki yoxlama aparırdılar. Mən Azərbaycanda ilk dəfədir ki, belə birlik görürəm. N. Reşetnyak 1992-ci ilə qədər mənə Şəmkirdən, Naxçıvandan, Moskvadan zənglər edirdi.
    Yoxlamaya qədər İ. Qurbanovla münasibətlərimizdə müəyyən gərginliklər olurdu. Görünür, mən köhnə qaydalarla işləmir, rəhbərlik isə yeni düşüncə tərzini qəbul edə bilmirdi. Öz şəxsi mənafeyi naminə araya girənlər, söz gəzdirənlər də var idi. lakin yoxlamadan sonra bizim münasibətlərimiz ən yüksək səviyyəyə qalxdı. İ. Qurbanov ilk iclasda tapşırıq verdi ki, rayonun hər-hansı təşkilatına yoxlayıcı gələndə, prokurorun yanına aparın və onun razılığı olmadan heç kimə sənəd verməyin. Bu qeyri hüquqi qərar olsa da, camaat üçün xeyirli idi. Belə ki, 1983-cü ildən başlayaraq Cəlilabadda müxtəlif təşkilatlar yoxlamalar aparırdılar. Bu tapşırıqdan sonra “yoxlayıcıların” sayı kəskin şəkildə azaldı. Məlum oldu ki, bir çoxlarının yoxlama aparmaq barədə sərəncamı belə yoxdur.

    DİN-in əvvəllər də tanıdığım müstəntiqi bir neçə nəfəri dindirmək üçün, birbaşa “Moskva” sovxozuna gəlir. Ona deyirlər ki, prokurorun razılığı olmadan Sizə otaq ayıra, sənəd verə bilmərik. Sovxoz direktoru ilə müstəntiq yanıma gəldilər. Müstəntiqin çox narazı görkəmi var idi. Respublika prokrurorunun I müavini Ə. Sultanovun razılığı ilə gəlmişdi.
    Müstəntiqə otaq ayrılması, şərait yaradılması barədə sovxoz direktoruna göstəriş verdim.

    Bir neçə gün sonra, sovxoz direktoru yanıma gələrək, müstəntiqin hərəkətlərindən şikayət etdi. Bütün günü bizi, sovxozun maliyyə-təsərrüfat fəaliyyətini yoxlayacağı ilə hədələyir. Aldığı ifadələri baş mühasibin otağındakı seyfə qoyur. Çıxanda da qapını möhürləyir. Bu gün müstəntiq gec gəldiyindən, baş mühasib qapını açıb, iş otağına girmişdi. Müstəntiq gələndən sonra: – Sənin nə ixtiyarın var mənim möhürlədiyim otağı açmısan? Səni cinayət məsuliyətinə cəlb edəcəyəm, - deyərək, baş mühasibin izahatını aldı.
    Mən tapşırdım ki, müstəntiqə heç bir sənəd verməsinlər, idarəyə buraxmasınlar və mənim yanıma gətirsinlər.

    Səhəri gün müstəntiq hay-küylə mənim otağıma gəldi, Ələddin Sultanova şikayət edəcəyi ilə hədələdi. Ələddin müəllimin telefonunu yığıb ona verdim. O, telefonu alıb:

    -“Ələddin müəllim, mənə mane olurlar, işləməyə qoymurlar, prokuror da onlara dəstək verir”, -dedi. Sonra telefonun dəstəyini mənə verdi.
    Ələddin müəllimə dedim:

    -Bu müstəntiq yeddi gündə doqquz adam dindirib, işçiləri sovxozun maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaqla hədələyir, baş mühasibin otağını möhürləyib. Dünən baş mühasib otağı açdığına görə onu təhdid edib və izahatını alıb ki, səni cinayət məsuliyyətinə cəlb edəcəyəm.
    Bunda sonra Ələddin müəllimin göstərişi ilə müstəntiq həmin gün rayonu tərk etdi.
    Oxucuya belə görünə bilər ki, biz yoxlamaların və yoxlayıcıların əleyhinə olmuşuq. Xeyr! İş olan yerdə nöqsan da olar. Hansı zərurət var idi ki, Moskvanın göstərişi ilə əməkdaşlar, mütəxəssislər, 50 nəfərə yaxın adam Cəlilabada hücum edir, milçəkdən fil düzəldirdilər. Məgər bu xalq, zəhmətsevər insanlar yazıq deyildimi? Yüzlərlə insan məhkum olacaq, minlərlə insan əziyyət çəkəcəkdi. Məgər rayonda hüquq mühafizə orqanları yox idimi?

    Rayon rəhbərlərinin münasibətlərinin yaxşı və ya pis olmasını, xeyrini və zərərini ən çox sadə insanlar hiss edirlər. Cəlilabadda tez-tez hüquq günləri keçirirdim. Təşkilatlarda camaatla görüşür, hüquqi suallarını cavablandırırdım. Baxış Mustafayevin direktor olduğu sovxozda, cavan bir oğlanın sualları diqqətimi cəlb etdi. Sonda onu dəvət etdim. Məlum oldu ki, ictimai əsaslarla sovxoz komsomol təşkilat katibi işləməklə, hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alır. Sovxozda hüquqşünas ştatı olub-olmaması ilə maraqlandım. Həmin sovxozda hüquqşünas ştatı yox idi. Ümumiyyətlə, Cəlilabaddakı 28 sovxozun yalnız 7-də hüquqşünas ştatı var idi. Mən İ. Qurbanova müraciət etdim. Qısa müddətdə bütün sovxozlarda hüquqşünas ştatı yaradıldı. Rayonda 30-a qədər hüquqşünas və yaxud hüquq fakültəsində oxuyanlar var idi. Onlar hamısı işlə təmin edildi. Sonradan bir çoxları ədliyyə və hüquq -mühafizə orqanlarında çalışdılar.

    İ. Qurbanov çox qonaqpərvər adam idi. Hər gün onun yanına müxtəlif rayonlardan, qonşu respublikalardan adamlar gəlirdi. Heç kimi naümid qaytarmazdı. Elə həftə olmurdu ki, rayonda sənət adamları olmasın. Hüseyn Arifi xüsusilə çox sevərdi. Onu demək kifayətdir ki, 28 sovxozun hamısında zəhmətkeşlərin dincəlməsi üçün çöldə, sahədə, briqada düşərgələri yaradılmışdı. Hər sovxozun bir “xüsusi” qonaq evi var idi. İnsanları qəbul etməyə həmişə hazır vəziyyətdə olurdular. Xanagah kəndində Möhsün Kərimovun bulaq üstə tikilmiş sahə düşərgəsi, Moskva sovxozunda SSRİ Ali Sovetinin Deputatı Minayə xanımın, Əhməd Ağayevin direktor olduğu 1 May sovxozundakı briqada düşərgələri belələrindən idi. Bütün təsərrüfat və idarə rəhbərlərindən qonaqlarla nəzakətli rəftar etmək tələb olunurdu. Ona görə də Cəlilabaddan heç bir qonaq narazı getməzdi.
    İ. Qurbanov sözün əsl məanasında mərd kişi idi. Dostluqda tayı-bərabəri yox idi.
     
    Cəlilabad rayonunun Dövlət notariusu Sadıq Səlimov hüquq elmləri namizədi idi. Moskvada Ali Partiya Məktəbini bitirmişdi. Bir müddət MK aparatında işlədikdən sonra 1970-ci ildə Quba rayon PK-nin I katibi seçilmişdi. 14 il işlədikdən sonra 1983-cü ilin dekabrında I katib vəzifəsindən çıxarılır. Ona deyirlər ki, Bakı şəhəri istisna olmaqla, hansı rayona istəyirsən hakim, bir ildən sonra prokruror olmaq şərti ilə prokuror müavini vəzifəsinə təyin edək. Sadıq müəllim Cəlilabad rayonunda notarius vəzifəsində işləməyə üstünlük verir. Səbəbini belə izah edirdi: - Notarius işi az məsuliyyətli işdir. Cəlilabadı isə İbrahim Qurbanova görə seçdim. Doğrudur, əvvəllər dostluq münasibətimiz olmasa da, onun mərd kişi olduğunu bilirdim. Həqiqətən Sadıq müəllim rayona gələn kimi, ona 5 otaqlı mənzil verildi. Raykomun bütün tədbirlərində iştirak edirdi. O, Sadıq müəllimə çox həssas münasibət göstərirdi. Hərdən zarafatla deyirdi ki, biz bir rayonun iki katibiyik.

    İ. Qurbanovun haqqında çox danışmaq olar. Onun gördüyü işlər və idarəçilik üslubu ilə əlaqədar daha 2 faktı dilə gətirmək istərdim.
    Yazının əvvəlində qeyd olunan SSRİ DİN-ə daxil olmuş məlumatın bir yerində yazılmışdı ki, İ. Qurbanov planda nəzərdə tutulmayan tikinti işləri aparmış, layihədən kənara çıxılmış və israfçılığa yol verilmişdir. Yoxlama aktında bu məsələyə belə qiymət verilmişdi: - Doğrudan da planda nəzərdə tutulmayan tikinti işləri aparılıb, layihədən kənaraçıxma halları olsa da, arxitektur gözəllik əldə olunmuş və smeta dəyərinə qənaət edilmişdir.

    İ. Qurbanov sadə dildə danışardı. Məruzə oxumaqla arası yox idi. 1985-ci ilin may ayında MK xətti ilə “Mənəvi tərbiyənin təcrübəsi. . . ” mövzusunda müşavirə keçirilirdi. 15 rayonun I katibi və digər rəhbər işçiləri dəvət olunmuşdular. Təzə istifadəyə verilmiş 800 yerlik “Üzümçülər sarayı” dolmuşdu. Müşavirəni MK katibi açdı. Sonra MK-nin şöbə müdiri 40 dəqiqəlik məruzə ilə çıxış etdi. Bundan sonra I katiblər bir-bir çıxış edirdilər. Çıxışlar üçün 10 dəqiqəlik vaxt ayrılmışdı. Mövzu təzə olduğundan belə təsəvvür yaranırdı ki, çıxışçılar özləri də dediklərini dərk etmirlər. Ona görə də, iclas cansıxıcı keçirdi. Nəhayət söz İ. Qurbanova verildi. Eynəyini taxıb əlindəki yazını oxumağa başladı. Heç birinci vərəqi qurtarmamışdı ki, yazını bir kənara qoyub özünəməxsus ifadələrlə çıxışını davam etdirdi. 20 yaşında Kənd Sovetində katib işləməsindən keçdi, 1918-ci ilin erməni-müsəlman davasına, sonra II dünya müharibəsi illərindəki həyatından, sovxoz direktoru işləməsinədək, ispolkom sədri işləməsindən gəldi təsərrüfat işlərinin gedişinə, bir sözlə, mövzudan kənar hər şeydən danışdı. MKdən gələnlərin üzündə narazılıq ifadəsi olsa da, 45 dəqiqəlik çıxışı dəfələrlə gülüşmə, alqış və gurultulu alqışlarla kəsildi. İ. Qurbanov çıxışını belə yekunlaşdırdı:

    - Mən ev sahibi kimi vaxtınızı çox aldım, yəqin ki, yoldaşlar çox yorulublar, yeməklər soyuyur, xahiş edirəm iclası qurtaraq. Gurultulu alqış sədaları ucaldı və iclas qurtardı.

    İ. Qurbanov sadə danışığı ilə hamının ürəyini ələ ala bilmişdi. Ümumiyyətlə o, sadəliyi və səmimiyyəti ilə ucalan insan idi.
    1987-ci ilin iyul ayında İ. Qurbanov iş otağında xəstələndi. O, axşam evə aparılanadək mən onun yanında qaldım. İlin axırında ona bildirdilər ki, vəzifədən getməlidir. İşdən çıxarılacağını heç kimdən gizlətmirdi. Biz hər gün onun yanında olur, axşam yatanda ayrılırdıq.
    Nəhayət 9 yanvar 1988-ci il tarixdə raykomun plenumunda İ. Qurbanov I katib vəzifəsindən çıxarıldı.
     
    Bir məsələni xatırlatmaq yerinə düşərdi. MK katibi T. Orucov İ. Qurbanovun işdən azad olunması təklifini səsə qoyduqda, heç kim əl qaldırmadı. T. Orucov sualını təkrar etdikdən sonra , birinci İ. Qurbanov əlini qaldırdı. Bundan sonra digər plenum üzvləri də əl qaldırdılar.
    İ. Qurbanovun həmin dövrdə, həmin zamanda işdən çıxarılması məncə, böyük səhv idi.
     
    Ələmdar MƏMMƏDOV.

    Təqaüddə olan
    baş ədliyyə müşaviri.


    PAYLAŞ:

    Oxşar xəbərlər