Şəhid Nizami Osmanovun xatirəsi anılıb

Şəhid Nizami Osmanovun xatirəsi anılıb
  • Cəmiyyət

  • Kürdəmir rayonunun Şahsevən kəndindən olan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nizami Osmanovun uyuduğu kənd qəbiristanlığında anım mərasimi keçirilib. Nizami yaşasaydı, bu gün əzizləri, yaxın dostları ilə birgə öz ad gününü qeyd edəcəkdi.

    LEQAL.AZ xəbər verir ki, anım mərasimində şəhid Nizami Osmanovun, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxışlarda Nizaminin qısa, şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Şahsevən kəndində dünyaya göz açan, orta məktəbi bitirdikdən sonra 2020-ci il aprelin 1-də həqiqi hərbi xidmətə yollanan Nizami Osmanov ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə gedib, işğalçı erməni ordusuna qarşı döyüşüb. Talış və Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Lakin Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Ailədə iki qardaşın böyüyü olan Nizami Osmanov indi doğulub boya-başa çatdığı kənd qəbiristanlığında uyuyur. Bütün şəhidlərimiz kimi, o da adını qanı ilə tariximizin silinməz səhifəsinə yazdı. Bu, elə bir səhifədir ki, xalqımız var olduqca daim qürurla anılacaq, ehtiramla xatırlanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər