İsmayıllıda şəhid Novruz Həmzəyevin xatirəsi anılıb - FOTO

İsmayıllıda şəhid Novruz Həmzəyevin xatirəsi anılıb - FOTO
  • Cəmiyyət

  • Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini Novruz Bəkir oğlu Həmzəyevin doğum günü uyuduğu Şəhidlər xiyabanında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, Qarabağ müharibəsinin iştirakçıları, gənclər və idman idarəsinin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir karantin qaydaları gözlənilməklə keçirilib. Yaşasaydı, martın 21-də Novruz 29 yaşını qeyd edərdi.

    LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə gələn mərasim iştirakçıları şəhidin məzarı üstünə gül dəstələri, Novruzun atributlarından olan səməni qoyub, ailə üzvlərinə başsağlığı veriblər. Çıxışlarda şəhidin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Novruz Həmzəyev 1992-ci ilin martın 21-də anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kəşfiyyatçı manqa komandiri ixtisasını bitirib. Novruz İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının giziri, ZTR döyüş maşın komandiri kimi xidmət edib. Qeyd olunub ki, döyüş meydanından 127 şəhid və yaralı çıxarıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talış uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Novruz 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Çıxışlarda qeyd edilib ki, ötən il sentyabrın 27-dən başlanan və 44 günə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində xalqımız güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi oldu. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

    Mərasimdə şəhid Novruz Həmzəyevin oxuduğu şəhər 6 saylı tam orta məktəbin şagirdləri onun xatirəsini vətənə, qələbəyə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər