Karantin rejimi tələblərinin təmin olunması, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları Bakıda, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.
Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbov və 57 yaşlı E.Quluzadə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Müvafiq səhiyyə qurumları bu barədə məlumatlandırılıb.