Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə birgə Bakı şəhəri və ölkəmizin bölgələrində fəaliyyət göstərən heyvandarlıq müəssisələri, kəsim məntəqələri və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iş prosesi ilə yaxından tanış olublar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, tanışlıq prosesində heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər, təsərrüfatlarda baytarlıq nəzarətinin gücləndirilməsi, baytarlıq-sanitariya tələblərinin yerinə yetirilməsi və heyvanların qeydiyyat sisteminin qurulması ilə əlaqədar görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Səfər zamanı Bakıda "AzMeat Production”, “AzProtein Foods Group”, Hacıqabulda “Anqus Heyvandarlıq Kompleksi”, Ağcabədi rayonunda fəaliyyət göstərən özəl qoyunçuluq təsərrüfatları və heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Eyni zamanda müvafiq qurumun nümayəndələri ilə birgə Göygöldə Kənd Təsərrüfatı Nazirliyi Respublika Suni Mayalanma Mərkəzi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssislərin iştirakı ilə görüşlər keçirilib. Həmin görüşlərdə heyvandarlıq məhsullarının qonşu ölkələrə, xüsusilə, Türkiyəyə ixrac imkanları, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların qeydiyyat sisteminin qurulması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi müzakirə olunub.
Mütəxəssislərdən ibarət nümayəndə heyətinin bölgələrə səfəri davam edir.