Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il 11 mart tarixdə keçirilən İcraiyyə Komitəsinin iclasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilindən və xaricindən sərmayələrin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağa Dirçəliş Fonduna əlavə olaraq 500 min manat məbləğində vəsaitin köçürülməsi barədə qərar qəbul edilib.
Bu barədə LEQAL.AZ-a AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İcraiyyə Komitəsinin iclasında AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində azad edilmiş Qarabağda həyata keçiriləcək tikinti-quraşdırma və bərpa işləri haqqında iclas iştirakçılarını məlumatlandırıb.
AHİK sədri deyib ki, ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyasına sadiq qalan və onu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 illik prezidentliyi dövründə iqtisadi və ordu quruculuğu sahəsindəki həyata keçirdiyi islahatlar öz nəticəsini verdi. 4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü təsdiqlədi. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən yaradılan məğlubedilməzlik mifinin Aprel döyüşlərində sadəcə mif olduğu sübuta yetirildi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə növbəti hücumu artıq səbir kasasını daşırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatı başlanması barədə qərar verdi.
Sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirdi. Ölkəmizin Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün davam edən Vətən müharibəsində erməni ordusu haqqında uydurulan illüziyaları yerlə yeksan edildi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi.
AHİK sədri iclas iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş Qarabağ ərazisində tikinti, quraşdırma və bərpa işləri uğurla davam etdirilir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun olaraq tikintisi davam edir. Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində “Ağıllı kənd” layihələrinə start verilib, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində elektrik stansiyası bərpa edilərək istifadəyə verilib, Fizuli rayonunda aeroportun inşasının, Horadiz-Ağbənd dəmiryolu xəttinin təməlləri qoyulub, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri içməli su, elektrik enerjisi, qazla təmin edilib və tikini quraşdırma işlərinə start verilib. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin əksəriyyətində infrastruktur layihələrin işlənilməsi barədə ölkə rəhbərliyi tərəfindən göstərişlər uğurla yerinə yetirilməkdədir. Hazırda bu işlər davam etdirilir. Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı bir daha Qarabağın cənnətə çevriləcəyini bəyan edərək dedi: “Mən demişəm. Biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır”.
Vətən müharibəsi bitdikdən sonra respublikamızda fəaliyyət göstərən bütün dövlət və ictimai qurumlar kimi Qarabağın dirçəldilməsi və qazilərin sosial problemlərinin həllində yaxından iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da müəyyən addımlar atmışdır. Qarabağın Dirçəliş Fonduna 100 min, ümumilikdə 600 min manat, aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrə ərzaq sovqatlarının verilməsi məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 min, qazi və şəhid ailələrinin təminatına dəstək məqsədilə “Yaşat” fonduna isə 537.750 manat köçürülüb. Bundan əlavə Müzəffər Azərbaycan Ordusunun şəhid olmuş 139 əsgər və zabitlərinin ailəsi himayəyə götürülüb.
AHİK sədri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən tikinti quraşdırma, bərpa işlərində yaxından iştirak etməklə, ona maddi və mənəvi dəstək verilməsi üçün bütün imkanlardan istifadə etməyə səy göstərəcəklərini iclas iştirakçılarının diqqətinə çatdırıb.