Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göyçay rayonunun Şıxbəy kəndindən olan Qismət Yolçu oğlu Qasımovun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub. LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar Qismət Qasımovun məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Qismət Qasımov yaşasaydı 28 yaşını qeyd edəcəkdi.
Anım mərasimində Qismət Qasımovun həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid atası Yolçu Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.