Füzulidən Laçına qədər döyüş yolu keçən şəhid İlqar Həsənov - FOTO

Füzulidən Laçına qədər döyüş yolu keçən şəhid İlqar Həsənov - FOTO
  • Cəmiyyət / Maraqlı

  • Hərb meydanında tarix yazan Azərbaycan qəhrəmanları 30 illik Vətən həsrətinə öz qanları bahasına son qoydular. Şərəfli ömür yolu keçən qəhrəmanlar öz igidlikləri ilə qəlblərdə yer saldılar. Belə qəhrəmanlarımızdan olan şəhid İlqar Həsənovu tanıyaq.

    LEQAL.AZ-ın məlumatına görə, Həsənov İlqar Nadir oğlu 1990-cı il yanvar ayının 20-də Beyləqan rayonunun Dünyamalılar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanır.

    İlqar haqqında qürurla danışan atası Nadir Həsənov deyir ki, Vətən müharibəsində ilk günlərdən döyüşə atılan İlqar və döyüşçü yoldaşları Füzuli istiqamətində düşmənin birinci səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra onlar Cəbrayıl uğrunda gedən döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv ediblər. Yeni tapşırıq üzrə İlqar Hadrut istiqamətində irəliləyib. Növbəti uğurlu tapşırıqları isə Zəngilan və Qubadlı istiqamətində olub.

    İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noybarın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib. Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub.

    Şəhidin anası Azadə Həsənova qəhrəman oğlu haqında göz yaşı ilə danışsa da, qürur hissi keçirir: “İlqar Vətəninə çox bağlı idi. O, hətta torpağı öz valideynlərindən və iki övladından da çox sevirdi. Hər zaman bir amal uğrunda yaşayırdı - torpaqlarımızı yağı düşməndən azad etmək və şəhidlərimizin qisasını almaq. Arzusuna çatdı, öz canını fəda edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. Biz İlqar ilə hər zaman fəxr etmişik, bundan sonra da fəxr edəcəyik”, - deyə şəhid anası söyləyib.

    İlqar Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı təltif edilib. Şəhidin bir qız və bir oğlan övladı yadigar qalıb.



    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər