Bir müddət öncə həbs olunan Vətən müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı bu gün Bakı Hərbi Məhkəməsində proses keçirilib.
LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Z.Kazımovla bağlı seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.