Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri, eləcə də müharibə iştirakçıları ölkənin hər yerində olduğu kimi, Zaqatala rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayonun mədəniyyət işçiləri də vaxtaşırı olaraq müharibə qaziləri və iştirakçıları ilə görüşür, onlara mənəvi dəstək olurlar.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi qaziləri və iştirakçıları ilə növbəti görüş rayonun Çobankol kənd mədəniyyət evində təşkil edilib. Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.
Tədbirdə iştirak edən Vətən müharibəsinin qazisi Mərhəmət İsmayılov, müharibə iştirakçısı Tural Həsənov cəbhə təəssüratlarından, igid əsgərlərimizin döyüşlərdə göstərdikləri misilsiz qəhrəmanlıqlardan ətraflı bəhs ediblər.
Kəndin qocaman şairi Şakir İbrahimov qəhrəman Vətən oğullarına həsr etdiyi şeirlərini səsləndirib.
Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri olduğunu vurğulayıblar.