Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Abbasbəyli Həmid Cavanşir oğluna Xətai rayonunda xatirə abidəsi qoyulub, bulaq istifadəyə verilib.
Bu barədə LEQAL.AZ-a Xətai Rayonu İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, abidə və şəhid bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib.
Eyni zamanda, ətraf ərazi abadlaşdırılıb, səki daşları döşənib, ağaclar, dekorativ gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, söhbətgah quraşdırılıb, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.
Şəhidin xatirəsinə qoyulan abidənin açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və digər ictimai şəxslər, eləcə də şəhidin yaxınları iştirak ediblər.
Xatirə abidəsi şəhidimizin yaşadığı ünvanda qoyulub.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Abbasbəyli Həmid 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirib. “Aprel döyüşləri”nin iştirakçısı olan H.Abbasbəyli ötən il 27 sentyabr tarixindən İkinci Qarabağ müharibəsinə qatılıb.
Füzuli, Cəbrayıl, Zəngilən şəhərlərinin, Hadrut, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edən H.Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.