Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 4-dən 8-dək ölkə ərazisində fəaliyyət göstərən 1977 ictimai iaşə müəssisəsində 3251 monitorinq aparılıb.
Monitorinq zamanı 155 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.