Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabrında Ermənistanın əsirliyindən azad edilən Kərimov Bayram Yaşar oğlunu Gəncə şəhərindəki evində ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub. Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq.
Əsirlikdə olarkən işgəncələrə məruz qalmış Bayramın əlilliyinin qiymətləndirilməsi də nəzərdə tutulur. Əlillik dərəcəsi təyin edildiyi halda birdəfəlik sığorta ödənişi və aylıq sosial ödənişlərlə təmin olunacaq.
Bundan əvvəl isə nazirliyin dəstək tədbirləri çərçivəsində qazinin özü və ailə üzvləri sosial-psixoloji dəstəklə də əhatə olunub. Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.