Uxanın vizit kartı Sarı durna qülləsi - FOTOSESSİYA

Uxanın vizit kartı Sarı durna qülləsi - FOTOSESSİYA
  • Cəmiyyət

  • Təxminən bir ildir ki, Çinin Uxan şəhəri dünyada adı ən çox hallanan şəhərlərdəndir. Buna səbəb şəhərin COVID-19 virusunun ilk ocağı olmasıdır. Amma Çinin bu şəhəri həm də tarixi yerləri ilə məşhurdur. Uxanın rəmzlərindən sayılan Sarı durna qülləsi isə şəhərin tarixi memarlıq nümunələri arasında xüsusi yer tutur. Qüllə şəhərin ən hündür yerində 223-cü ildə - vahid Çin imperiyasının 3 müstəqil dövlətə parçalandığı dövrdə inşa edilib. Uxan həmişə ölkənin mərkəzində yerləşdiyi üçün hər 3 dövlətin sərhədi sayılırdı. Məhz bu səbəbdən daim təhdid altında idi və onun özünü müdafiə üçün belə bir qülləyə ehtiyacı vardı. Sarı durna qülləsi iki təyinat üçün nəzərdə tutulmuşdu - düşmənin hücumunu izləmək və vaxtilə tez-tez baş verən yanğınlar barədə əhalini xəbərdar etmək. Nə qədər qəribə səslənsə də, məhz bu səbəblərdən tarixi məkan düz 12 dəfə ya yanıb, ya da hərbi hücumlar zamanı dağıdılıb. Beşmərtəbəli qüllənin hündürlüyü 51 metrdir. Qüllənin damı əjdaha formalı bəzədilib. Sonuncu mərtəbəsindən isə Uxana aydın mənzərə açılır. Qüllənin yanında tuncdan iri zəng yerləşir ki, onun əsas funksiyası yanğınlardan hər kəsi xəbərdar etməkdir. Qarşısında isə durna cütlüyünün heykəli ucaldılıb. Bu, Çində ailə sədaqətinin və uzunömürlülüyünün rəmzi sayılır.

    Hazırda qüllə həm də muzey kimi fəaliyyət göstərir. Qüllənin ətrafında isə gözəl park salınıb. Sarı durna qülləsi Çin ənənəvi memarlığınn xüsusiyyətlərini qabarıq formada əks etdirir. Uxanlılar əbəs yerə buranı şəhərin vizit kartı hesab etmirlər. Bura hər il 100 minlərlə çinli ziyarətə gələrək, öz tarixləri ilə yaxından tanış olurlar.

    AZƏRTAC Uxandakı Sarı durna qülləsindən fotoları təqdim edir.












    PAYLAŞ:

    Oxşar xəbərlər