Daxili İşlər Nazirliyi Kürdəmir rayon “ASAN xidmət” mərkəzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 13 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, müsabiqədə yaşı 20-dən 30-dək, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, Azərbaycan Respublikasının orta, orta ixtisas və ali təhsil müəssisələrini bitirmiş, ailəli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Kürdəmir, Ucar, Ağsu və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər fevralın 8-dən martın 10-dək iş günləri saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Bakı şəhəri Rəşid Behbudov küçəsi 130 ünvanında yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və əmək kitabçasını (olanlar üçün) təqdim etməlidirlər.
Əlavə məlumatı (012) 590-64-41 telefon nömrəsi vasitəsilə öyrənmək olar.