Vətən müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına kömək göstərilməsi ilə bağlı çağırış etməsi müəyyənləşdirilib.
Əfsanə Rüstəmova tərəfindən yerləşdirilmiş məlumatlar yoxlanılarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.
Faktla əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilib. Ona ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
“Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən yaranmış hazırkı həssas vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və bu qəbildən olan informasiyaların qəsdən yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək”, - deyə məlumatda bildirilib.