Siyəzənin Beşdam kəndindən olan 19 yaşlı şəhid Röyal Qurbanov Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb.
Röyal ölümündən sonra “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Röyal Qurbanov 2001-ci ildə Siyəzənin Beşdam kəndində dünyaya göz açıb. Onun iki qardaşı və bir bacısı var. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanan Röyal yüksək fiziki göstəricilərinə görə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb.
AZƏRTAC şəhidin ailəsində olub. Şəhidin anası Zeynəb Qurbanova bildirib ki, müharibə başlayanda iki oğlu döyüşlərə qatılsa da, Röyal düşmənlə vuruşduğunu ona bildirməyib.
“Müharibə haqqında heç nə danışmırdı. Zəng edəndə də deyirdi biz təlimlərə gedirik. Halbuki düşmənlə üz-üzə qanlı döyüşlərdə iştirak edirdi. Məndən soruşurdu ki, televizorda nə xəbərlər verirlər. Mən Röyaldan nigaran deyildim. Böyük qardaşı Rövşənə görə narahat idim. Çünki Rövşən gizirdir. Röyalsa məni arxayın eləmişdi ki, bizi aparmırlar. Hər dəfə gecələr zəng edərdim. İdman zalında olurdu. Məşq edərkən söylədikləri mahnını mənə də öyrətmişdi.
Diz çökərəm qarşında
Ölərəm mən yolunda
Qələbəsiz dönmərəm
Məni gözlə, ay ana.
Bu mahnını telefonda bir yerdə oxuyardıq. Mən mahnını öyrəndim, Röyal isə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Zeynəb Qurbanova söyləyib.
Röyal Qurbanov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzuli uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Oktyabrın 5–də Füzulidə baş nahiyəsindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.
Röyalın böyük qardaşı Rövşən Qurbanov da Vətən müharibəsi qəhrəmanlarındandır.
“Özüm Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə iştirak etmişəm. Döyüşlər vaxtı qardaşımla əlaqə saxlaya bilmirdim. Yalnız evlə danışanda məlumat alırdım. Oktyabrın əvvəlində döyüş mövqeyindən Daşkəsənə qayıtdım. Qardaşım şəhid olma xəbərini də orada öyrəndim. Röyalla fəxr edirəm!”, - deyə Rövşən Qurbanov söyləyib.
“Elnən gələn dərd toy-bayram olar. Hamının balası kimi mənim balam da Vətən uğrunda şəhid olub. Mən bütün şəhidlərin nənəsiyəm. Onlarla fəxr edirəm. Fəxr edirəm ki, bizim belə oğullarımız var”, - deyə şəhidin nənəsi Fatimə Xəlilova bildirib.
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Röyal Qurbanov ötən ilin oktyabrın 7-də Beşdam kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!