Masallıda “02 fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə gənclərlə görüş keçirilmişdir.
01 fevral 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində “02 fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə gənclərlə görüş keçirilmişdir.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb.
Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi olduğunu vurğuluyaraq bildirdi ki, II Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi.
Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu. tarixə milli qürurumuzun təntənəsi kimi həkk oldu.
44 gün davam edən döyüşlər və qazanılan qələbə Prezident cənab İlham Əliyevin yenilməz qətiyyəti, Ali Baş komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində Masallı rayon gəncləri də öz vətənpərvərlikləri ilə seçildi könüllü olaraq döyüşlərdə iştrak etdilər. Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu.
Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi.
Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacağını diqqətə çatdırıb.
Tədbirdə I və II Qarabağ müharibəsinin iştrakçısı Ehtiyyatda olan zabitlər konfederasiyasının Masallı rayonu üzrə sədr müavini, ehtiyyatda olan zabit Camaləddin Məmmədov və II Qarabağ müharibəsinin iştrakçısı Ağayev Fərahim çıxış edərək Azərbaycan ordusunun qazandığı uğurlardan və keçdikləri şərəfli döyüş yolundan danışaraq gəncləri 02 fevral Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etmişlər.
Sonra Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.