Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-ya ərizə ilə müraciət edərək, onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.
Araşdırmalarla onların səkkiz baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8 750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər üç şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.(oxu.az)