1918-ci ildə Azərbaycana gələrək “Qafqaz İslam Ordusu”nun tərkibində torpaqlarımızın düşməndən təmizlənməsində Türk ordusunun, Osmanlı dövlətinin 12-14 min nəfərə yaxın əsgəri iştirak edib.
LEQAL.AZ xəbər verir ki, həmin əsgərlərdən bir çoxunun Azərbaycan ərazisində məzarları qalmaqdadır. Yerli sakinlər 70 illik Sovet hakimiyyəti dönəmində o məzarlarda uyuyan qəhrəman şəhid türk əsgərlərini unutmayıb, onların xatirəsini daim yaşadıb, əziz tutub. 1918-ci ilin yayında Qafqaz İslam Ordusunun birlikləri albay Əhməd Şükrü bəyin başçılığı altında Qubanın azad olunmasında da iştirak ediblər. Bu əməliyyat zamanı Osmanlı əsgərlərindən bəziləri Qubanın Qrız kəndi ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə şəhid olub.
Qrız kəndinin camaatı 2021-ci il yanvar ayının 9-da həmin şəhidlərdən biri üçün məzar daşı qoyub, abidə düzəldib. İndi Qrıza yolu düşən şəxslər üçün daha bir müqəddəs ziyarətgah vardır. Bu abidənin qoyulması üçün əslən qrızlı həkim Yusif Sultanlı çox çalışıb.Musavat.com