Azərbaycanda yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 9-13° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 17-də gündüz Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.