Bir daha paytaxtdakı “Ekologiya postu”nun əhəmiyyəti barədə - FOTO

Bir daha paytaxtdakı “Ekologiya postu”nun əhəmiyyəti barədə - FOTO
  • Cəmiyyət

  • Yol hərəkəti sahəsində fiziki şəxslərin ətraf mühitin mühafizəsi, ekologiyanın nəqliyyatın zərərli təsirindən qorunması ilə bağlı tələblərə əməl etmək vəzifələri vardır.

    Texniki cəhətdən problem olan avtomobil qəza vəziyyəti yaradır, tıxaca səbəb olur. Üstəlik, həmin avtomobillər, xüsusən, tıxac zamanı ətraf mühitə daha çox zərərli qazlar buraxır. Texniki qüsurlu maşını aşkar eləməyin “texniki baxış” deyilən prosedurdan başqa yolu da var və elə bu sahədə də yol polisi fəaldır. Məsələn, paytaxtımızda “təmiz hava aylığı” keçirilməsi ənənəsi var. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduqda avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülür. Bu tədbirləri  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət yol patrul bölükləri həyata keçirir. Paytaxt yaxınlığında bu missiya ilə fəaliyyət göstərən post da var. Bakı-Sumqayıt şosesindəki post Bakının şimal girişinin əhəmiyyəti nəzərə alınaraq qurulub. Belə ki, buradan şəhərə gün ərzində on minlərlə maşın daxil olur. Ekoloji postun fəaliyyəti Yol Patrul Xidməti haqqında təlimata uyğun nizamlanır və yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. YPX-nin yoldakı bütün səlahiyyətləri ekologiya postunun da səlahiyyətinə aiddir. 

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri polis mayoru Mərdan Mehtiyevin rəhbərliyi altında postda xidməti iş layiqlə yerinə yetirilir. Daimi oxucularımız bilirlər ki, baş redaktoru olduğum “102-ci qəzet” daxili işlər orqanlarının bütün struktur vahidləri, o cümlədən yol polisi ilə səmərəli əlaqələr qurub. Bu əməkdaşlıq özünü pandemiyaya qarşı mübarizə müstəvisində, həmçinin Vətən müharibəsinin davam etdiyi müddətdə bariz şəkildə göstərdi və haqlı olaraq deyə bilərik ki, polis-jurnalist münasibətrlərinə sözün həqiqi mənasında gözəl nümunə kimi dəyərləndirilir. 

    Ancaq bu sətirlərin müəllifinin yaşadığı ünvanla iş yeri arasındakı yolu sözügedən postun yanından keçdiyindən, buradakı fəaliyyəti müşahidə etmək imkanı çoxdur. Postda saxlanılan sürücülərə xatırladılır ki, yol hərəkəti sahəsində fiziki şəxslərin ətraf mühitin mühafizəsi, ekologiyanın nəqliyyatın zərərli təsirindən qorunması ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifələri vardır. Dayandırılan avtomobillərin mühərriklərinin işlənmiş qazlarında, həmçinin onların daşıdığı yüklərdə zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Şəxsi heyət arasında Ekoloji bölüyün tağım komandiri Hacı Abdullayevin xidməti xüsusilə təqdirəlayiqdir.

    İnanırıq ki, BDYPİ-nin bu, vacib strukturu və onun bütün əməkdaşları, Əli Zeynalov və Elnur Əhmədov olmaqla, ilk günlərini yaşadığımız yeni 2021-ci ildə də öz vəzifəsinin öhdəsindən layiqincə gələcək, biz yazarlara isə qələmə almaq üçün gözəl mövzular verəcəkdir.

    Tural Kəlbəcərli,
    “102-ci qəzet”in baş redaktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər