Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə 100 nəfər fiziki qüsurlu şəxsin hər birinin bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış əlil arabaları təqdim edilib, eləcə də qüsurlu şəxslərin rəsm əsərlərinin və əl işlərinin sərgisi təşkil olunub.
LEQAL.AZ xəbər verir ki, tədbirdə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi və birinci xanımı Samina Alvi, dövlət rəsmiləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.
Pakistan Prezidenti və birinci xanımı, eləcə də digər iştirakçılar fiziki qüsurlu şəxslərin rəsm əsərləri və əl işləri sərgisinə baxıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərasim iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Respublikasında bütün fiziki qüsurlu şəxslərin hüquq və azadlığının, onların müdafiəsinin, layiqli həyat şəraiti ilə təmin olunmasının, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edildiyini, onların rahat yaşayış və rifahının təmin olunmasının Azərbaycan hökumətinin tam nəzarətində olduğunu bildirib. Səfir qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da Azərbaycanda və xaricdə fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsindəki rolunu qeyd edərək, Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, “Hilal-e-Pakistan” ordeni ilə də təltif olunmuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun Azərbaycanda və Pakistan da daxil olmaqla bir sıra digər ölkələrdə təhsil, səhiyyə, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməyə davam etdiyini vurğulayıb. Əli Əlizadə xeyriyyə layihələrini dəstəklədiyinə və Azərbaycan–Pakistan münasibətlərinə göstərdiyi xüsusi diqqətə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Səfir fiziki qüsurlu şəxslərin hüquqlarının və sosial rifahının tam həyata keçirilməsinin böyük vaxt və kollektiv yanaşma tələb etdiyini, xüsusi əlil arabalarının təqdim olunması ilə yanaşı, bu şəxslərin rəsm və əl işlərindən ibarət sərgisinin keçirilməsi məqsədinin onların bacarıqlarını ortaya çıxarmaq, özlərinə inamlarını artırmaq olduğunu qeyd edib. Pakistan hökuməti tərəfindən fiziki qüsurlu şəxslərin rifahı üçün keçirilən müxtəlif proqramlardan da bəhs edən səfir Əli Əlizadə bu tədbirə Prezident Sarayında ev sahibliyi etdiyinə və xeyirxah məqsədlərə xidmət edən işlərə göstərdiyi davamlı diqqətə görə Pakistan Prezidenti Arif Alviyə təşəkkürünü bildirib.
Tədbirin xüsusi ali qonağı, Pakistanın Prezidenti Arif Alvi Heydər Əliyev Fondunun Pakistanda, eləcə də dünyanın bir çox ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirdiyini xüsusi qeyd edərək, bu cür proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Azərbaycanla Pakistan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətlərindən məmnunluğunu bildirən Prezident 2019-cu ildə Qoşulmama Hərəkatının iclasında iştirakla bağlı Azərbaycana səfər etdiyini və ölkəmizdə göstərilən xüsusi diqqət, qayğı və qonaqpərvərliyin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Prezident 44 günlük müharibədən söhbət açaraq ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. O, həmçinin fiziki məhdudiyyətli şəxslərə diqqətin göstərilməsinin vacibliyindən bəhs edərək Pakistan hökuməti tərəfindən də bu şəxslərin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilməkdə olan layihələr barədə məlumat verib və onlara, sadəcə, dövlət tərəfindən deyil, eyni zamanda, vətəndaşlar tərəfindən də qayğı göstərilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin yekununda Pakistanın Xüsusi Təhsil Baş Direktorluğu, Bait-ul-Mal, Xüsusi Hərbi Təhsil Akademiyası və Xüsusi İstedad Mübadilə Proqramı təşkilatlarını təmsil edən fiziki qüsurlu şəxslərə Heydər Əliyev Fondunun dəstəyi ilə onların bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış 100 ədəd araba təqdim olunub.