Tarixən olduğu kimi, müasir dövrdə də beynəlxalq nəqliyyat marşrutları dünya ölkələri və xalqları arasında iqtisadi, ticarət və mədəni əlaqələrin qurulması, genişləndirilməsi və davamlı inkişafının təmin edilməsində strateji əhəmiyyətə malikdir. Bu marşrutlar yalnız logistika infrastrukturunun mühüm elementi kimi deyil, həm də qlobal dəyər zəncirlərinin səmərəli fəaliyyətini təmin edən, beynəlxalq iqtisadi inteqrasiyanı dərinləşdirən və dünya iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən əsas amillərdən biri kimi çıxış edir.
Hazırda dünyada qlobal yük axınlarını formalaşdıran əsas beynəlxalq meqa nəqliyyat marşrutları aşağıdakılardır:
Şimal Dəhlizi: Çin – Qazaxıstan – Rusiya – Belarus – Avropa marşrutudur. Dəhliz uzun müddət Asiya ilə Avropa arasında əsas quru nəqliyyat marşrutu olmaqla, Avrasiya üzrə konteyner daşımalarının əsas hissəsini təmin edir.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi: Hindistan – İran – Azərbaycan – Rusiya – Şimali Avropa marşrutudur. Dəhliz Hind okeanını Avrasiya bazarları ilə birləşdirən ən mühüm çoxnövlü nəqliyyat sistemlərindən biridir.
Dəniz İpək Yolu: Şərqi Asiya – Cənub-Şərqi Asiya – Hind okeanı – Qırmızı dəniz – Süveyş kanalı – Aralıq dənizi – Avropa marşrutudur. Bu, qlobal dəniz ticarətinin əsas magistrallarından biri hesab olunur.
Cənub Dəhlizi: Çin – Mərkəzi Asiya – İran – Türkiyə – Avropa və ya Pakistan – İran – Türkiyə – Avropa istiqamətində formalaşan alternativ quru nəqliyyat marşrutudur. Marşrut xətti Şimal Dəhlizinə alternativ kimi qəbul olunur.
Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa marşrutudur.
Trans-Sakit Okean marşrutu: Şərqi Asiya ilə Şimali Amerikanı birləşdirən və dünyanın ən böyük konteyner yükdaşımaları şəbəkəsini təşkil edən dəniz marşrutudur.
Trans-Atlantik marşrutu: Qərbi Avropa ilə Şimali Amerika arasında dünyanın ən intensiv dəniz və hava yükdaşımalarını təmin edən əsas beynəlxalq nəqliyyat marşrutudur.
Təsnifatdan göründüyü kimi, Trans-Sakit Okean və Trans-Atlantik marşrutları birbaşa Avrasiya beynəlxalq nəqliyyat dəhlizlərinə deyil, qlobal qitələrarası dəniz ticarət marşrutlarına aiddir.
Lakin Avrasiyanın beynəlxalq nəqliyyat dəhlizləri və xüsusilə Azərbaycanın tranzit potensialı baxımından yanaşdıqda mövcud nəqliyyat marşrutları arasında Orta Dəhliz xüsusi önəm daşıyır.
Belə ki, son illərdə dünyada və regionda baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, onların təhlükəsizliyinin təmin edilməsi baxımından Orta Dəhlizin strateji və geoiqtisadi əhəmiyyəti getdikcə artır.
Hazırda davam edən Rusiya–Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar bu ölkə ərazisindən keçən Şimal Dəhlizinə marağın azalmasına səbəb olmuşdur. Həmçinin Qara dənizdə Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyətin hökm sürməsi də dəhlizin etibarlılığına və təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur.
Digər tərəfdən, İran–ABŞ/İsrail münaqişəsində blokadaya qarşı tətbiq olunan əks-blokada tədbirləri, infrastruktur obyektlərinə dəyən ciddi zərərlər, qarşılıqlı etimadın olmaması, hərbi əməliyyatların hər an yenidən başlanacağı ehtimalının yüksək olması kimi təhlükəsizlik risklərinin davam etməsi sığorta şirkətlərini və logistika operatorlarını olduqca ehtiyatlı davranmağa, riskli marşrutlardan maksimum şəkildə yayınmağa sövq edir. Bu isə beynəlxalq daşımaların maya dəyərinin artmasına, tədarük zəncirində qeyri-müəyyənliyin daha da dərinləşməsinə və nəticədə qlobal enerji bazarında qiymət sabitliyinin pozulmasına gətirib çıxarır.
Beləliklə, qlobal miqyasda geosiyasi gərginliklərin artması, xüsusilə Yaxın Şərqdə Hörmüz boğazı ətrafında baş verən qeyri-sabitlik Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin həm şərq, həm də qərb marşrutlarının fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Bu isə Qərb dövlətləri üçün alternativ və daha təhlükəsiz prioritet marşrut kimi Orta Dəhlizin strateji və iqtisadi əhəmiyyətini xeyli dərəcədə artırmış, nəticədə beynəlxalq yük axınlarının mühüm hissəsinin bu xətt üzrə daşınmasına səbəb olmuşdur.
Həmçinin Çin üçün də həm “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, həm də Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə hökm sürən ağır hərbi-siyasi gərginliklər fonunda Orta Dəhliz geosiyasi risklərdən uzaq, sabit və dayanıqlı tranzit yolu hesab olunur.
Doğrudur, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin Şərq marşrutu ilə müqayisədə Qərb marşrutunun Azərbaycan ərazisindən keçməsi ölkəmiz üçün mühüm iqtisadi və tranzit dividendlər vəd edir. Lakin mövcud gərgin geosiyasi proseslər fonunda mühüm strateji-coğrafi mövqeyə malik, həm Şimal-Cənub və həm də Şərq-Qərb nəqliyyat xətlərinin qovşağında yerləşən Azərbaycan yaranmış yeni reallıqları iqtisadi və geosiyasi üstünlüyə çevirmək imkanına malikdir. Bu amil ölkənin beynəlxalq logistika və tranzit sistemində rolunu daha da artırır və onu cəlbedici unikal mövqeyə malik ölkə kimi digər ölkələr üçün yeni əməkdaşlıq perspektivləri açır.
Prezident İlham Əliyevin 22-23 sentyabr 2025-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna ünvanladığı müraciətində qeyd edildiyi kimi: “Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir”.
2010-cu illərdən etibarən qlobal geosiyasi rəqabətin kəskinləşməsi, o cümlədən ABŞ–Çin strateji rəqabətinin dərinləşməsi və dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyi ilə bağlı risklərin artması fonunda quru nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti xeyli dərəcədə artmışdır. Bu geostrateji zərurətin nəticəsi olaraq, Orta Dəhliz beynəlxalq əməkdaşlıq və çoxtərəfli razılaşmalar əsasında formalaşdırılmış, hüquqi və institusional əsası isə 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq qurumları tərəfindən imzalanmış sənədlərlə qoyulmuş beynəlxalq nəqliyyat təşəbbüsüdür.
Mənbəyini uzaq Çindən götürən, Mərkəzi Asiya vasitəsilə Xəzər dənizi üzərindən keçməklə Asiyanı Avropa ilə birləşdirən bu mühüm nəqliyyat və logistika marşrutu geniş coğrafiyada yerləşən dövlətlər arasında əlaqələrin inkişafına böyük imkanlar açır.
Orta Dəhlizin digər nəqliyyat marşrutlarından əsas fərqləndirici üstün cəhəti onun etibarlı və proqnozlaşdırıla bilən olmasıdır ki, bu da onu investorlar və yükdaşıyıcılar üçün daha cəlbedici edir.
Bu məqsədlə tranzit ölkələr dəhlizin imkanlarının artırılması və nəqliyyat axıcılığının yaxşılaşdırılması istiqamətində iri layihələrin icrasını həyata keçirirlər.
Digər Orta Asiya ölkələrinin də bu dəhlizə artan maraqlarını da nəzərə alsaq, yaxın gələcəkdə karbohidrogen ehtiyatlarının, qiymətli metalların, tekstil məhsullarının və tikinti materiallarının ixracı üçün Özbəkistanın, Tacikistanın, Türkmənistanın da bu prosesə qoşulacağı proqnozlaşdırılır. Bu isə nəticə etibarilə regionda nəhəng nəqliyyat dəhlizinin formalaşması deməkdir.
Beynəlxalq nəqliyyat arteriyalarının kəsişməsində yerləşən və regional nəqliyyat şəbəkələrinin ayrılmaz tərkib hissəsi olan ölkəmizdə də hazırda nəqliyyat infrastrukturunun dayanıqlılığının artırılması istiqamətində irimiqyaslı layihələr icra olunur. Bu layihələr, öz növbəsində, Orta Dəhlizin yükdaşıma qabiliyyətinin artırılmasına, onun tranzit potensialının gücləndirilməsinə və beynəlxalq yükdaşımaların daha səmərəli təşkilinə öz müsbət təsirini göstərəcək.
İstər Qədim İpək yolu olan Orta Dəhliz, istərsə də Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi baxımından Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilməsi üçün mükəmməl infrastruktura malikdir.
Orta Dəhlizin multimodal nəqliyyat olduğunu nəzərə alsaq, səmərəliliyi artırmaq üçün burada bütün növ nəqliyyat növlərinin birgə koordinasiyalı və sistemli şəkildə fəaliyyət göstərməsi olduqca önəmlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, avtomobil və dəmir yolları, dəniz və hava limanları tikilmiş və ya yenidən qurulmuş, eləcə də rəqəmsal idarəetmə sistemləri müasirləşdirilmişdir. Son 20 ildə yaradılmış geniş nəqliyyat infrastrukturu və həyata keçirilən sistemli islahatlar Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıraraq ölkəni regionun əsas nəqliyyat və logistika qovşağına çevirmişdir.
Belə ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi istiqamətində layihənin ikinci mərhələsinin icrası həyata keçirilir ki, layihə tamamlandıqdan sonra limanın yükdaşıma qabiliyyəti illik 25 milyon ton səviyyəsinə yüksələcəkdir.
Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında ixtisaslaşmış aviasiya klasteri yaradılmaqdadır. Eləcə də beynəlxalq əhəmiyyətli və müasir standartlara uyğun Ələt Ticarət Limanı tikilib istifadəyə verilmişdir ki, Mərkəzi Asiyadan gələn yüklər məhz bu liman vasitəsilə Orta Dəhlizə yönəldilir.
Həmçinin ümumölkə üzrə dəmir yolu şəbəkələri tam elektrikləşdirilərək modernləşdirilir, yeni yüksəkötürücülü xətlər inşa edilir.
Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da xüsusi qeyd olunmalıdır. Belə ki, “Bir pəncərə” prinsipinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişlənməsi, sistemlərin qarşılıqlı uyğunluğunun artırılması və gömrük əməliyyatlarının avtomatlaşdırılaraq sadələşdirilməsi nəqliyyat-logistika infrastrukturunun inkişafında tranzit proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bu isə yükdaşımalarda şəffaflığın təmin olunmasına və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə xidmət edir.
Statistik göstəricilərə əsasən, 2024-cü ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatmışdır. Mövcud hədəflərə əsasən, 2027-ci ilədək Orta Dəhliz üzrə illik yükdaşımaların həcminin 10 milyon tona, 2030-cu ilədək isə 11,4 milyon tona çatdırılması nəzərdə tutulur. Uzunmüddətli perspektivdə isə dəhlizin illik yükötürmə qabiliyyətinin 15 milyon tona çatacağı proqnozlaşdırılır.
Onu da qeyd edək ki, Orta Dəhliz üzrə həyata keçirilən infrastruktur layihələri yalnız yükdaşımaların həcminin artırılmasına deyil, eyni zamanda, yükdaşımalarda zaman itkisinin qarşısının alınmasına da xidmət edəcəkdir. Belə ki, əvvəllər Orta Dəhlizdə yükdaşımaların müddəti təqribən bir aya qədər olduğu təqdirdə, 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azaldı. Bunun müsbət nəticəsidir ki, hazırda Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropaya tranzit müddəti cəmi 18 gün təşkil edir. Dəhlizin yüksək ötürücülük potensialını nəzərə alsaq, tranzit ölkələr tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş layihələrin planlı və ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində bu müddətin gələcəkdə daha da qısaldılması mümkün olacaqdır.
Müqayisə üçün qeyd edək ki, Şimal Dəhlizi ilə Çindən Avropaya yük daşımalar 10 min km qət edilməklə 15-20 gün ərzində, Dəniz İpək Yolu ilə isə 20 min kilometr qət edilməklə 45-60 gün ərzində həyata keçirilir.
Orta Dəhlizin ümumi uzunluğu isə marşrutun seçilən istiqamətindən asılı olaraq təxminən 8-10 min kilometr təşkil edir. Dəhlizin əsas hissəsini 4 256 kilometrlik dəmir yolu və 508 kilometrlik Xəzər dənizi keçidi təşkil edir. Daha sonra marşrut Gürcüstan üzərindən Türkiyəyə və Avropaya uzanır.
Hazırda Orta Dəhlizin səmərəliliyini artıracaq alternativ və tamamlayıcı marşrut kimi qiymətləndirilən Zəngəzur Dəhlizi (TRIPP) üzrə tikinti işləri sürətlə davam etdirilir. Azərbaycan bu istiqamətdə öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirməklə zəruri nəqliyyat infrastrukturunu formalaşdırmaqdadır. Bu baxımdan, marşrutun istər Ermənistan ərazisindən keçməklə, istərsə də İran üzərindən alternativ xətt vasitəsilə reallaşacağı təqdirdə, Azərbaycan tranzit daşımalarının həyata keçirilməsi üçün geniş imkanlara malik olacaqdır. Digər tərəfdən, Azərbaycan həm Gürcüstan üzərindən keçən mövcud marşrut, həm də gələcək perspektivdə Zəngəzur dəhlizi vasitəsilə Avrasiya nəqliyyat şəbəkəsinin əsas tranzit qovşaqlarından biri kimi çıxış edir. Beləliklə, qeyd olunan amillər regional və qlobal yükdaşımalarında Azərbaycanın strateji rolunu daha da artırır.
Lakin Orta Dəhlizin səmərəliliyinə mənfi təsir göstərən bir sıra amillər də mövcuddur. Bunlardan biri də tranzit ölkələrdə, xüsusilə Qazaxıstanda liman və dəmir yolu infrastrukturunun yük götürmə imkanlarının yetərli səviyyədə olmamasıdır. Belə ki, infrastruktur imkanlarının məhdudluğu, logistika proseslərində yaranan gecikmələr və texniki çatışmazlıqlar nəticə etibarilə marşrutun rəqabət qabiliyyətinə ciddi mənfi təsir göstərən amillərdir.
Bu məqsədlə Azərbaycan Orta Dəhlizdə ortaq maraqlara sahib Qazaxıstanla da əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə “Aktau İstehsal və Logistika Mərkəzi” inşa edilib. Mərkəz iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Orta Dəhlizin geniş coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu marşrut xətti təkcə Şərqlə Qərbi birləşdirən iqtisadi əlaqələr baxımından deyil, eyni zamanda, 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndirici xətti, Türk dünyasının beynəlxalq məkana inteqrasiyası baxımından da olduqca önəmli ortaq yol kimi dəyərləndirə bilərik.
Beləliklə, Orta Dəhliz layihəsinin reallaşdırılması Azərbaycanın tranzit potensialının gücləndirilməsi ilə yanaşı, tərəfdaş dövlətlər arasında strateji, iqtisadi və geosiyasi baxımdan geniş perspektivlər vəd edir.
Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru