AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib
  • Cəmiyyət

  • Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun yaranmasının 90 illiyinə həsr olunmuş "Ədəbiyyatşünaslıqda müasir problemlər" mövzusunda XVIII beynəlxalq simpozium keçirilib. 

    İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirilən təntənəli açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, TDU-nun rektoru, akademik Caba Samuşiya və Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini elmlər doktoru Zviad Qabisoniya, TDU-nun humanitar fakültəsinin dekanı, professor Darecan Tvaltvadze, TDU-nun professoru, akademik Elquca Xintibidze və Gürcüstan Milli Kitabxanasının direktoru, elmlər doktoru Konstantine Qamsaxurdiya giriş nitqləri ilə çıxış ediblər. Çıxışlarda regional və beynəlxalq akademik əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.
    Simpoziumun açılış mərasimində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianinin "Gürcü Ədəbiyyatı İnstitutu – 90 il: Yol və əsas mərhələlər" mövzusunda geniş məruzəsi dinlənilib.
    Plenar iclasda Tokio Universitetinin professoru Qikaru Fuci məruzə ilə çıxış edib.

     Tədbir çərçivəsində qonaqlar universitetin muzeyində institutun yubileyinə həsr olunmuş "Ədəbiyyat İnstitutu: Tarixlər və fotoşəkillər" adlı kitabın təqdimatı və foto-sərgi ilə tanış olublar.

    Tədbirin ikinci günü Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun iclas zalında "Milli ədəbiyyatlar üzrə tədqiqat mərkəzləri arasında akademik əməkdaşlıq və onun perspektivləri" mövzusunda mühüm dəyirmi masa müzakirəsi təşkil olunub.

    Professor İrma Ratianinin moderatorluğu ilə keçən iclasda dünya alimləri və regionun elm xadimləri bir araya gəlib. 
    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edib. Çoxillik tarixi ənənələrə malik Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstututu ilə Çota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstututunun elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
    Tədbir panel iclasları ilə davam etdirilib. Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyə, Özbəkistan, Yaponiya, Rusiya, Fransa, Bolqarıstan, Polşa, Ukrayna, Litva, Latviya, Sloveniya, Serbiya və başqa ölkələrdən tanınmış tədqiqatçı alimlərin iştirak etdiyi beynəlxalq simpoziumda 130-dan çox elmi məruzə dinlənilib.

    Çıxışlar zamanı milli ədəbiyyatların beynəlxalq müstəvidə birgə tədqiqi, institutlararası elmi mübadilə proqramları və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə olunub. 

    Mədəni proqram çərçivəsində qonaqlar Gürcüstanın tarixi Msxeta şəhərini də ziyarət ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər