Bir əsr uşaq sağlamlığının keşiyində
Bəzi yubileylər sadəcə təqvim hadisəsi olmur. Onlar bir ömrün deyil, bütöv bir məktəbin, bir düşüncə tərzinin, hətta bir milli məsuliyyət anlayışının yenidən xatırlanması üçün səbəbə çevrilir. Akademik Adilə Namazovanın anadan olmasının 100 illiyi də məhz belə yubileylərdəndir. Bu tarix, Azərbaycan tibb elminin inkişaf yolunda dərin iz qoymuş bir alimin xatirəsini yad etməklə yanaşı, həm də ölkəmizdə pediatriyanın necə milli missiyaya çevrildiyini göstərən mühüm bir mənəvi-siyasi hadisədir.
Adilə Namazovanın ömür yolu haqqında danışanda sadəcə bioqrafik ardıcıllıq kifayət etmir. Çünki onun həyatı və fəaliyyəti, görünən faktların fövqündə daha dərin və böyük mənanı ehtiva edir. Onun üçün həkimlik peşədən çox, xalq qarşısında cavabdehlik idi.
Adilə xanımın Ağdamın Seyidli kəndindən başlayan həkimlik yolu sonradan böyük elmi tribunalaradək uzandı, amma həmin yolun mənəvi başlanğıcı dəyişmədi. Uşağı müayinə edəndə o, təkcə klinik tablo görmürdü, orada ailənin ağrısını, cəmiyyətin gələcəyini, millətin sabahını görürdü.
1949-cu ildə Tibb İnstitutunu bitirib doğma Ağdama qayıdan gənc həkim böyük arzularla yaşayırdı. Rayon uşaq məsləhətxanasında çalışan, gündəlik qayğılarla üz-üzə qalan, amma artıq daha geniş üfüqlərə baxan bir mütəxəssis. Müxtəlif bölgələrdən gələn valideynlər onu sadəcə həkim kimi yox, güvənilən insan kimi yanaşırdılar. Həmin etimad sonradan onun elmi məktəbinin də gizli təməl daşına çevrildi. Çünki Adilə Namazovanın sonrakı bütün elmi uğurlarında canlı klinik müşahidənin, xəstə ilə həkim arasında qurulan etibarın xüsusi payı vardı.
Onun yubileyini əlamətdar edən cəhətlərdən biri də budur ki, bu tarix Azərbaycan qadınının elm tarixində tutduğu yüksək mövqeni də yada salır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olmaq böyük uğur idi. Eyni zamanda bu, Azərbaycan elmi mühitinin yetkinliyini, milli kadr potensialının və qadın intellektinin yüksək səviyyədə tanınmasını göstərirdi.
Adilə Namazovanın 100 illik yubileyinin əsl tarixi əhəmiyyəti onun keçmişdə qalmamasındadır. Onun ideyaları bu gün də aktualdır. Uşaq sağlamlığına strateji baxış, səhiyyənin elmi əsaslarla inkişafı, həkim hazırlığında intizam və humanizmin vəhdəti, bioetikaya həssas yanaşma bu gün də Azərbaycan səhiyyəsinin müasir gündəliyində yaşayan prinsip kimi qalır. Ona görə də bu yubiley keçmişə ehtiram olduğu qədər, gələcəyə baxışın da parlaq ifadəsidir.
Alimin Azərbaycan elmi, səhiyyəsi və dövlətçiliyində rolu
Akademik Adilə Namazovanın Azərbaycan elmi və səhiyyəsində rolunu yalnız “görkəmli alim”, “tanınmış pediatr”, “böyük təşkilatçı” kimi ifadələrlə izah etmək yetərli deyil. O, bir sahəni inkişaf etdirən mütəxəssis olmaqdan daha artıq idi. Adilə xanım bir sistem düşüncəsi formalaşdırmışdı. Onun fəaliyyətində klinika, elm, təhsil, dövlət siyasəti və ictimai məsuliyyət bir-birindən ayrı xətlər kimi yox, bir-birini tamamlayan istiqamətlər kimi görünürdü. Bu rolun ən mühüm təzahürlərindən biri Azərbaycan pediatriya elmi məktəbinin yaradılması idi. Bir vaxt ölkədə belə bir məktəbin olmaması onu ciddi düşündürürdü. Alim mövcud boşluğu sadəcə müşahidə etmədi, onu doldurmaq üçün elmi və təşkilati mexanizm qurdu. Sonralar E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi laboratoriyanın və ürək-tənəffüs sisteminin funksional fəaliyyətini araşdıran elektrofizioloji mərkəzin yaradılması həmin prosesin mühüm mərhələsi idi.
O dövrün tarixi mənzərəsini təsəvvür etsək, bir tərəfdə Sovet dövrünün məhdud imkanları, digər tərəfdə isə pediatriyanı dünya səviyyəsinə çıxarmaq iddiası dayanırdı. Adilə Namazova həmin mərkəzə gənc həkimləri, tələbələri cəlb edir, onları müşahidə aparmağa, düşünməyə, müqayisə etməyə, nəticə çıxarmağa sövq edirdi. Başqa sözlə, o, təkcə elmi müəssisə yaratmırdı, təfəkkür laboratoriyası qururdu. Onlarla fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi, 60-dan artıq alimin onun məktəbinin yetirməsi olması da bunun nəticəsi idi.
Adilə xanımın elmi fəaliyyətində uşaqlarda ürək-damar sistemi xəstəlikləri, xüsusən anadangəlmə ürək qüsurlarının tədqiqi xüsusi yer tuturdu. XX əsrin ortalarında bu sahə dünyanın bir çox yerlərində belə son dərəcə mürəkkəb sayılırdı. Adilə Namazova isə çətinliyin qarşısında dayanmaq əvəzinə, məhz ən mürəkkəb sahəyə yönəldi. Hələ Moskva elmi mühitində apardığı tədqiqatlar zamanı oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya, daha sonra vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya, angiokardioqrafiya kimi metodlardan istifadə etməsi onun nə qədər yenilikçi düşüncəyə malik olduğunu göstərir.
Bu tədqiqatlar sayəsində o, uşaqlarda revmatizmin fəal mərhələsində ürəkdə baş verən dəyişiklikləri elmi əsaslarla izah etdi, anadangəlmə ürək qüsurlarının diaqnostikasını dəqiqləşdirdi, kiçik qan dövranında durğunluğun dərəcəsini və təzyiq göstəricilərini qiymətləndirdi, cərrahlara və pediatrlara praktik istifadə üçün təsnifat və yanaşmalar təqdim etdi. Adilə xanımın işlədiyi metodikalar sadəcə nəzəri maraq doğurmurdu, bunlar uşaqların taleyinə birbaşa təsir edən qərarların elmi əsasını möhkəmləndirirdi.
Adilə Namazova elmdəki yeniliklərinə görə SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsini əldə edib. Alimin elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib. Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında “Tibbi etika” adlı ilk dərsliyin müəllifidir.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Adilə Namazovanın dövlətçiliklə bağlı rolunu anlamaq üçün onun yalnız elmi kabinetlərdə deyil, taleyüklü ictimai anlarda da necə davrandığına baxmaq kifayətdir. 1990-cı ilin Qanlı Yanvar günlərində Bakı küçələrində baş verən faciə ölkənin mənəvi tarixində silinməz iz qoydu. Həmin ağır günlərdə o, sadəcə etiraz edən ziyalı deyildi, təhlükənin içinə girən insan idi. Bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə o zamankı “Salyan” kazarmasına gedərək zirzəmilərdə saxlanılan yüzlərlə azərbaycanlının azad olunmasına nail olması onun xarakterindəki cəsarətin, vətəndaş məsuliyyətinin və humanist qətiyyətin canlı təzahürü idi.
Eyni qətiyyəti o, Qarabağ həqiqətlərinin müdafiəsində də göstərirdi. Keçmiş SSRİ-nin yüksək tribunalarında, mürəkkəb siyasi mühitdə Azərbaycan torpaqlarının işğalı və soydaşlarımızın faciəsi ilə bağlı mövqeyini açıq şəkildə ifadə etməsi elm adamının susmayan vicdanı kimi yadda qaldı. O, dövlətçiliyi insan taleyi ilə birbaşa bağlı olan böyük məsuliyyət kimi dərk edirdi.
Adilə Namazovanın səhiyyə siyasəti ilə bağlı mövqeyi də xüsusi mahiyyət daşıyır. Vaxtilə Ülu Öndər Heydər Əliyevlə görüşündə tibb üzrə elmi istiqamətlərdə kadr çatışmazlığını, elmi-tədqiqat institutlarının aşağı statusunu açıq şəkildə dilə gətirməsi göstərirdi ki, o, problemləri gizlədən yox, onları dövlət səviyyəsində həllə çıxaran alim idi. Bu ənənə sonrakı mərhələdə də Azərbaycan səhiyyəsinin inkişaf fəlsəfəsi ilə səsləşdi.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin yüksək diqqət və etimadı Adilə xanımın rəhbərlik etdiyi Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətinə də güclü təkan verib. Bu gün Assosiasiya akademik Adilə Namazovanın davamçısı, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin rəhbərliyi ilə beynəlxalq səhiyyə qurumları ilə inteqrasiyada olan, zəngin fəaliyyət yolu keçmiş, böyük nüfuz qazanmış təşkilatlardan biri kimi respublikamızı beynəlxalq aləmdə şərəflə təmsil edir.
Eyni zamanda, akademik Adilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının ilk dəfə beynəlxalq tədbirlərdə təmsil olunmasına əlverişli zəmin yaradıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar da məhz elmin, infrastrukturun və insan amilinin birgə inkişafına söykənir. Prezident İlham Əliyevin “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik” fikri bu sahəyə verilən dövlət qiymətinin ifadəsidir.
Son illərdə icbari tibbi sığorta mexanizminin geniş tətbiqi, səhiyyə idarəçiliyində yeni təşkilatların formalaşdırılması, müasir xəstəxana və diaqnostika mərkəzlərinin yaradılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi, rəqəmsal səhiyyə innovasiyaları bu siyasətin sistemli xarakter daşıdığını göstərir.
Dövlət səviyyəsində tibb işçilərinin təkmilləşdirilməsinə, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına və gələcək nəsillərin müdafiəsinə yönələn proqramlar da bu yanaşmanı tamamlayır. Əslində, Adilə Namazovanın ömrü boyu müdafiə etdiyi "uşaq sağlamlığının milli inkişafın əsası olması" fikri bu gün dövlət siyasətində daha geniş miqyasda davam etdirilir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə qurulan yeni həyat səhiyyə məsələsinə də yeni məzmun verib. Müasir tibb ocaqlarının yaradılması, tibbi xidmətin insanların yaşadığı məkana qədər çatdırılması, ən son texnologiyaların bölgələrə aparılması dövlət prioriteti kimi irəli çəkilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin təşkili ilə doğma torpaqlara qayıdan insanların sağlamlıq təhlükəsizliyi dövlət tərəfindən əsaslı şəkildə düşünülür.
Beləliklə, Adilə Namazovanın Azərbaycan elmi, səhiyyəsi və dövlətçiliyində rolu təkcə keçmişin böyük xidmətləri ilə məhdudlaşmır. O, bu gün də davam edən səhiyyə quruculuğunun başlanğıcında dayanan simadır. Onun adı ilə bağlı olan elmi məktəb, yetişdirdiyi kadrlar, müdafiə etdiyi ideyalar və sərgilədiyi vətəndaş mövqeyi müasir Azərbaycanın səhiyyə fəlsəfəsində yaşayır.
Uşaq sağlamlığı milli təhlükəsizlik və insan kapitalının
əsas komponenti kimi
Akademik Adilə Namazovanın irsində ən uzaqgörən cəhətlərdən biri uşaq sağlamlığına yalnız tibbi problem kimi yox, milli təhlükəsizlik məsələsi kimi yanaşmasıdır. Bu fikir bu gün çox aktual səslənsə də, onun elmi və ictimai fəaliyyətə başladığı dövrlərdə belə sistemli şəkildə irəli sürülməsi xüsusi uzaqgörənlik tələb edirdi. O, yaxşı anlayırdı ki, zəif uşaqlıq sağlam gələcək doğurmur, sağlam nəsil isə təsadüfən yox, düşünülmüş dövlət siyasəti, güclü səhiyyə sistemi və savadlı cəmiyyət hesabına formalaşır.
Adilə xanım üçün pediatriya yalnız xəstə uşağın müalicəsi deyildi. Bu sahə onun üçün eyni zamanda, xalqın sabahına cavabdehlik idi. O, uşağın xəstəliyinə diaqnoz qoyarkən təkcə tibbi nəticəni yox, sonrakı taleyi də düşünürdü ki, uşaq necə böyüyəcək, hansı həyat keyfiyyətinə sahib olacaq, cəmiyyətə necə inteqrasiya olunacaq, hansı peşəni seçəcək? Onun tədqiqatlarında belə uşaqların gələcək həyat şəraiti, davranışı, sosial faydalılığı haqqında tədbirlər kompleksinin işlənməsi bu baxışın nə qədər dərin olduğunu göstərir.
Difteriya epidemiyası dövründə profilaktik tədbirlərə verdiyi önəm, peyvənd proqramlarının inkişafına töhfəsi, ictimai səhiyyə sahəsindəki liderliyi də məhz bu strateji yanaşmadan doğurdu. O, xəstəliyin qarşısını almağı, onu sonradan müalicə etməkdən daha böyük dövlət müdrikliyi hesab edirdi. Bu gün profilaktika, immunizasiya, erkən diaqnostika və maarifləndirmə dünyanın bütün müasir səhiyyə sistemlərinin əsas prinsipləri sayılırsa, Adilə Namazova bu prinsipləri Azərbaycan şəraitində çox erkən dövrdə elmi və praktiki müstəviyə çıxarmışdı.
Adilə xanımın bioetika sahəsində fəaliyyəti də uşaq sağlamlığının geniş mənada qorunmasına xidmət edirdi.
2000-ci ildən ölkəmizdə tibbi bioetikanın elmi istiqamət olaraq tibb təhsilinə inteqrasiyasına nail olunub və dünya təcrübəsindən, beynəlxalq əməkdaşlıqdan faydalanaraq tibbi bioetikanın tədrisinin müvəffəqiyyətlə həyata keçirmək istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, akademik Adilə Namazova və dosent Təranə Tağı-zadə UNESCO-nun bioetikanın Azərbaycanda tədrisinin vəziyyəti və perspektivlərinə həsr olunmuş beynəlxalq layihəsində fəal iştirak ediblər. Layihə ABŞ, Macarıstan, Rusiya, Gürcüstan və digər ölkələrdə, bioetikaya həsr olunmuş beynəlxalq tədbirlərdə, UNESCO-nun tibbi bioetikaya həsr olunmuş XVIII sessiyasında, MDB Parlamentlərarası Assambleyasında, V Bakı Beynəlxalq Humanitar Forumunda və digər nüfuzlu tədbirlərdə müzakirə edilərək dəstəklənib.
Tibbi bioetika Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan həkimlər tərəfindən öncə problem və mühazirələr kimi, 2020-ci ildən isə seçim fənni kimi tədris olunur. Tibbi etika və deontologiyanı tələbələrin yaxşı mənimsəmələri, təhlil etmələri üçün çoxsaylı məsələ, situasiya sualları, işgüzar oyunlar tərtib edilir. Artıq 26 ildən çoxdur ki Azərbaycan Tibb Universitetində “Tibbi bioetikanın əsasları” fənninin tədrisi uğurla davam etdirilir.
Tibbi bioetikanın tibb tədrisinə daxil edilməsi, Azərbaycan dilində vəsaitlərin hazırlanması, həkimin yalnız müalicə edən yox, həm də mənəvi məsuliyyət daşıyan şəxs kimi yetişdirilməsi, əslində, insan kapitalının keyfiyyətinə yatırılan sərmayə idi.
Alimin sədrliyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti çərçivəsində uşaq hüquqları ilə bağlı maarifləndirmə layihələrinin həyata keçirilməsi də eyni məntiqə söykənir.
Uşaq hüquqlarını qorumaq sağlam cəmiyyət quruculuğunun mühüm şərtidir. Bu mənada Adilə Namazovanın elmi irsi təkcə pediatrlar üçün deyil, hüquqşünaslar, müəllimlər, sosial işçilər və dövlət idarəçiləri üçün də əhəmiyyətli düşüncə qaynağıdır. Onun adı Azərbaycan tibb tarixində yalnız böyük pediatr alimin adı kimi deyil, milli düşüncədə sağlam gələcəyin elmi və mənəvi memarlarından biri kimi yaşayır.
Yüz illik zaman məsafəsindən baxanda akademik Adilə Namazovanın ömrü bir insan taleyindən daha böyük görünür. O, şəfa ilə elmi, zəka ilə mərhəməti, vətəndaşlıqla müəllimliyi bir ömürdə birləşdirən nadir simalardan idi. Bu gün onun 100 illik yubileyini qeyd edərkən, yetirmələrinin, davamçılarının və bütövlükdə Azərbaycan tibb ictimaiyyətinin düşüncəsində bir həqiqət yenidən səslənir: Adilə xanım bu dünyadan getsə də, onun işığı hələ də minlərlə uşağın taleyində, yüzlərlə həkimin düşüncəsindəvə milli səhiyyəmizin yaddaşında yaşayır.



Təranə TAĞI-ZADƏ
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
tibb üzrə fəlsəfə doktoru, dosent