Masallıda kənd təsərrüfatının inkişafı gündəmdə: Dövlət Proqramının vəzifələri müzakirə olundu

Masallıda kənd təsərrüfatının inkişafı gündəmdə: Dövlət Proqramının vəzifələri müzakirə olundu
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında aqrar sahədə istehsalın və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, emal imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.

    Dövlət Proqramından irəli gələn vəzifələrin Masallı rayonunda icrası, bu istiqamətdə görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərlə bağlı sentyabrın 10-da Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

    Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, RİH başçısının birinci müavini Tohid Hüseynov, RİH başçısının müavini – sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ərazi nümayəndələri, fermerlər və sahibkarlar iştirak ediblər.

    Müşavirədə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aqrar sahənin qarşısında duran əsas vəzifələr, Dövlət Proqramının hədəfləri və onların Masallı rayonunda icrası ilə bağlı məsələlər müzakirə olunub.

    Giriş nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlərin rayon üçün də mühüm əhəmiyyət daşıdığını bildirib. Rayon rəhbəri kənd təsərrüfatının Masallının iqtisadi və sosial həyatında mühüm yer tutduğunu qeyd edərək, mövcud potensialdan səmərəli istifadə olunmasının, məhsuldarlığın artırılmasının və fermer təsərrüfatlarının inkişafının vacibliyini vurğulayıb.

    Araz Əhmədov bildirib ki, rayon ərazisində əkin sahələrindən səmərəli istifadə, mövsümi kənd təsərrüfatı işlərinin düzgün təşkili, fermer və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılmış xüsusi Qərargah tərəfindən fermerlərlə mütəmadi əlaqə saxlanılır, onların müraciət və təklifləri dinlənilir və aidiyyəti qurumlarla birgə müvafiq məsələlərin həlli təmin olunur.

    RİH başçısının müavini – sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov çıxışında rayonun kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və görülən işlər barədə məlumat verib. O, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, istehsalın artırılması və kənd təsərrüfatı məhsullarının emalı imkanlarının genişləndirilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu bildirib.
    Adəm Məhərrəmov qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Masallıda həyata keçirilməsi rayonun aqrar potensialından daha dolğun istifadə olunmasına, fermer təsərrüfatlarının inkişafına və kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsinə imkan yaradacaq.
    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

    Dəyanət Abdullayev Masallı rayonunun əlverişli təbii-iqlim şəraiti və zəngin aqrar ənənələri ilə seçildiyini qeyd edərək, mövcud imkanlardan səmərəli istifadə olunmasının və Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Müşavirədə fermer və sahibkarların çıxışları dinlənilib. Onlar fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri, təkliflərini və qarşıdakı dövr üçün planlarını diqqətə çatdırıblar. Fermer və sahibkarlar Dövlət Proqramının Masallı rayonunda icrasına fəal şəkildə qoşulacaqlarını və müəyyənləşdirilən hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcəklərini bildiriblər.

    Sonda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Proqramından irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər