Masallı rayonunun Təzə Alvadı ərazisində şəhid Səlimov Sənan Nasif oğlunun adını daşıyan küçədə aparılan asfaltlaşdırma işləri uğurla başa çatdırılıb.
Təzə Alvadı Bələdiyyəsi və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində uzunluğu 1 kilometr, eni 5,5 metr, asfalt örtüyünün qalınlığı isə 7 santimetr olan yol tam asfaltlanaraq sakinlərin istifadəsinə verilib.
Layihənin maliyyələşdirilməsi üçün Təzə Alvadı Bələdiyyəsi tərəfindən 60 min manat, xeyriyyəçilər tərəfindən isə 33 min manat vəsait ayrılıb. Görülən işlər nəticəsində küçənin nəqliyyat hərəkəti üçün əlverişliliyi artırılıb, sakinlərin rahat gediş-gəlişi təmin olunub və ərazinin yol infrastrukturu daha da yaxşılaşdırılıb.
Hazırda yol ətrafının abadlaşdırılması istiqamətində işlər davam etdirilir. Həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində ərazidə təmizlik və səliqə-sahman işləri aparılır, yol kənarlarının abadlaşdırılması istiqamətində tədbirlər görülür. Görülən işlər əhalinin rahatlığının təmin edilməsinə, nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılmasına və yaşayış məntəqəsinin sosial simasının gözəlləşdirilməsinə xidmət edir.
Şəhid Səlimov Sənan Nasif oğlunun adını daşıyan küçədə asfaltlaşdırma işlərinin tamamlanması həm şəhidimizin əziz xatirəsinə göstərilən ehtiramın, həm də yerli əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti nümunəsidir. Sakinlər layihənin reallaşdırılmasına dəstək göstərən bələdiyyəyə və xeyriyyəçilərə minnətdarlıqlarını bildiriblər.