03 iyun 2026-cı il tarixdə Masallı şəhərində “3 İyun - Ümumdünya Velosiped Günü” münasibətilə veloyürüş təşkil olunub.
Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Masallı Rayon Polis Şöbəsinin və Bioloji Təbabət İnteraqtiv Müalicə Mərkəzinin Masallı filialının dəstəyi ilə baş tutan idman tədbiri rayonda sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədini daşıyıb.
Gənclərin, idmançıların və rayon ictimaiyyətinin böyük maraq göstərdiyi veloyürüş Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı mərkəzi meydandan start götürüb.
Təhlükəsizlik qaydalarına tam riayət olunmaqla təşkil edilən yürüş iştirakçıları şəhid İntiqam Əsgərli küçəsi, Bakı prospekti və Heydər Əliyev prospekti üzrə hərəkət edərək müəyyən olunmuş marşrutu uğurla qət ediblər. Yüksək coşqu və idman ruhu ilə keçən veloyürüş Masallı Olimpiya İdman Kompleksinin qarşısında yekunlaşıb.
Təşkilatçılar tərəfindən qeyd olunub ki, bu cür kütləvi idman tədbirlərinin mütəmadi keçirilməsi rayonda ekoloji təmiz nəqliyyat vasitələrinə olan marağı artırmaqla yanaşı, gənc nəslin fiziki sağlamlığının möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim edilmişdir.


