Akademik İsa Həbibbəyli: “Ölkəmiz Mədəniyyətlərarası Dialoq Forumu ilə öz modelini və təcrübəsini bütün dünyaya yayır”

Akademik İsa Həbibbəyli:  “Ölkəmiz Mədəniyyətlərarası Dialoq Forumu ilə öz modelini və təcrübəsini bütün dünyaya yayır”
  • Cəmiyyət

  • Azərbaycan bu il “Ortaq gələcək naminə dialoq” mövzusunda bütün dünyanı düşündürən problemlə çıxış edir. Bu gün çox təəssüf ki, dünyada müharibələr, qarşıdurmalar, çəkişmələr, qütbləşmələr dərinləşməyə, genişlənməyə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev məhz dünyanı parçalanmaqdan xilas etməyin yolunu qarşılıqlı etimadda, mədəniyyətlərarası, dinlərarası dialoqda görür və doğrudan da Azərbaycan modeli bu baxışın isbatıdır.

    Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Akademik Forumun açılış mərasimində deyib.

    Akademik İsa Həbibbəyli çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən, ölkəmizin multikulturalizm təcrübəsindən və qlobal həmrəyliyin təmin olunmasında dialoqun vacibliyindən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan Bakı Prosesinin 2011-ci ildən etibarən beynəlxalq forumlar vasitəsilə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bu il Mədəniyyətlərarası Dialoq Forumunun 15 illiyinin tamam olduğunu, Azərbaycanın ötən müddət ərzində dünyada mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini söyləyib.

    Qeyd edib ki, bu gün VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir dövrdə mədəniyyətlərarası dialoqun, eləcə də beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın əhəmiyyətini bir daha önə çıxardı: “Cənab Prezidentin nitqində mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda hər iki tərəflərin bərabərhüquqlu təmsil olunması, ikili standartlara yol verilməməsi, hətta ikili standartların beynəlxalq siyasətdən çıxarılması haqqında çox qiymətli və yeni dünya üçün yeni olan əhəmiyyətli fikirlər irəli sürüldü. Ölkəmiz artıq yeddinci dəfədir ki, Mədəniyyətlərarası Dialoq Forumuna təkcə mükəmməl ev sahibliyi eləməklə öz işini bitmiş hesab eləmir. Eyni zamanda mədəniyyətlərarası dialoqun Azərbaycan modelini və təcrübəsini bu tədbirlər vasitəsilə dünyaya yayır”.

    AMEA rəhbəri bildirib ki, Forum həm də dünya təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrin nümayəndələri, alimlər, mədəniyyət və ədəbiyyat xadimləri arasında fikir mübadiləsinin aparılması baxımından mühüm platformadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tədbir çərçivəsində keçirilən müzakirələr müasir dünyanın daha dərindən dərk edilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və qlobal həmrəyliyin təşviqinə töhfə verəcək.

    Elmin də bu prosesdə mühüm rol oynadığını deyən AMEA rəhbəri vurğulayıb ki, elmi əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, ortaq dəyərlərin müəyyənləşdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

    Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz bu missiyanın məsuliyyətini dərk edir və bu sahədə ölkəmizdə aparılan dövlət siyasətinə, dünyada gedən proseslərin elmi şəkildə dəyərləndirilməsinə özünün töhfəsini verəcəkdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər