AMEA-da “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir keçirilib

AMEA-da “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir keçirilib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, AMEA-nın Gənclər Akademiyasının İdarə Heyəti, Akademiyanın gənc alim və mütəxəssisləri iştirak ediblər.

    Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsi onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm addımdır. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi tədbirlər onların dünyagörüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda yeni gənc kadrların meydana çıxmasına təkan verir.

    Ölkəmizdə gənclər hərəkatının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən akademik İsa Həbibbəyli dahi liderin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın gəncliyini forumlar ətrafında birləşdirmiş, onların gələcək inkişaflar üçün öz tövsiyələrini vermiş, intellektual gəncliyin önə çıxmasına çalışmış və nəticədə Ulu Öndərin Sərəncamı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü elan olunmuşdur.

    Ümummilli Liderin gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, bu siyasət dövlətimizin əsas istiqamətlərindən birinə çevrilməklə, ölkəmizin idarəetmə strukturlarında da özünü göstərməkdədir. Vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi dövlət idarəetməsində geniş təmsil olunur, yüksək vəzifələrə çəkilərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısı tərəfindən regionlardakı gənclik də hər zaman diqqət mərkəzində saxlanılır və onların inkişafı üçün bütün zəruri addımlar atılır.

    AMEA rəhbəri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatının ölkəmizdə gənclərə göstərilən diqqətin bariz ifadəsi olduğunu söyləyib. 

    Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, AMEA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımların atıldığını söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, “Gənc tədqiqatçı” jurnalının buraxılışı biri ingiliscə olmaqla, ildə 4 dəfəyə çatdırılıb. Həmçinin elmi tədqiqat və ictimai fəaliyyətində fərqlənən gənclər üçün “İlin gənc alimi” mükafatı təsis edilib. 2025-ci ildə AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda elmi məqalə müsabiqəsi təşkil edilib və 19 gənc təltif olunub. Eyni zamanda Naxçıvan və Gəncədə gənclər üçün konfranslar təşkil olunaraq regionlarda elmi, intellektual gəncliyin inkişafı üçün əməli addımlar atılıb. Bundan əlavə, gənc alimlər Türkiyə, Polşa, Macarıstan, Misir və başqa ölkələrdə təcrübələrə, ixtisasartırma kurslarına göndəriliblər və bu proses mütəmadi davam etdirilir. İntellektual gəncliyin inkişafı, doktorant və dissertantların elmi işləri üçün zəruri mənbələrlə işləmək imkanlarını genişləndirmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası müasir səviyyədə yenidən qurulub, dünyanın 200-ə yaxın kitabxanasına çıxış imkanı təmin olunub. O cümlədən Akademiyada elmi irsin rəqəmsallaşdırılması işlərinə başlanılıb və gənclərin elektron arxivdən istifadə imkanları işlər yekunlaşdıqdan sonra təmin ediləcəkdir. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və fiziki sağlamlığı istiqamətində isə futbol yarışlarının keçirildiyini diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli gənclərin inkişafı istiqamətində atılan mühüm addımlardan birinin də onların gənc yaşda müdafiə etməsi olduğunu, bu yöndə də bir sıra mühüm inkişafın artıq müşahidə edildiyini söyləyib. Bundan əlavə, gənclərin, orta yaşlı nəslin rəhbər vəzifələrə çəkildiyini və onların öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

    AMEA rəhbəri dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis olunduğunu bildirib. Qeyd edib ki, artıq Gənclər Akademiyasının əsasnaməsi təsdiqlənib və rəhbər vəzifələr – dosent Elmir Babayev sədr, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, Günel Əzimova isə Rəqəmsal Mobillik Mərkəzinin müdiri təyin olunublar. Filologiya elmləri doktoru, dosent Sərxan Xavəri isə Gənclər Akademiyasına elmi məsləhətçi təyin edilib.

    Gənclər Akademiyasının təşkilatçılığı ilə bu gün ilk konfransın keçirildiyini deyən akademik İsa Həbibbəyli Akademiya gəncliyini təbrik edib, onlara elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

    Sonra AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev “AMEA-da gənclər təşkilatının inkişafında yeni mərhələ: Gənclər Akademiyası” mövzusunda məruzə ilə çıxış edib.

    Dövlət siyasətində gənclərlə işin əsas prioritet istiqamətlərdən biri olduğunu vurğulayan dosent Elmir Babayev qeyd edib ki, gənclərin müasir, inkişaf etmiş və yüksək intellektual potensiala malik aparıcı sosial qüvvə kimi formalaşmasının təməli Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun sözlərinə görə, 1995-ci ildən etibarən Azərbaycan gənclərinin respublika forumlarının mütəmadi şəkildə keçirilməsi artıq davamlı ənənə xarakteri almışdır. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və strateji siyasətinin nəticəsi olaraq, dünya miqyasında Beynəlxalq Gənclər Günü rəsmi şəkildə təsis edilməmişdən öncə, ilk dəfə məhz Azərbaycanda 1996-cı ildə 2 fevral tarixi Ümumrespublika Gənclər Günü kimi təsdiq edilib. Bu mühüm Sərəncamın imzalanması Ümummilli Liderin gənclərə göstərdiyi xüsusi diqqət və verdiyi dəyərin bariz nümunəsi idi.

    Natiq vurğulayıb ki, AMEA-nın gənclər siyasəti Prezident İlham Əliyevin elmi gəncliyin inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə sıx bağlıdır. Elmin inkişafında davamlı dinamikanın təmin olunması məqsədilə bir sıra mühüm qərar və sərəncamların imzalandığını qeyd edən Elmir Babayev bildirib ki, ölkədə həyata keçirilən elm və gənclər siyasəti bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edir. “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi, Gənclər üçün Prezident Mükafatının yaradılması dövlət başçısının müasir gəncliyə və gənc alimlərə göstərdiyi diqqət və qayğının bariz təzahürləridir.

    Gənc Akademiyanın sədri vurğulayıb ki, AMEA gəncləri hazırda Azərbaycanın elmi və mədəni həyatında mühüm rol oynayır və onlar ölkənin taleyüklü məsələlərinin həllində fəal şəkildə iştirak edirlər.

    Elmir Babayev xüsusi olaraq vurğulayıb ki, 10 sentyabr 2025-ci ildə yaradılmış AMEA-nın Gənclər Akademiyası məzmun və yanaşma baxımından yeni mərhələdir. MDB məkanında ilk dəfə məhz Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyətə başlayan bu model gənclərin inkişafını dar çərçivədə deyil, beynəlxalq təcrübə və milli prioritetlər əsasında formalaşdırmağa imkan verir: “Yeni təsis olunan Gənclər Akademiyası, bu gün burada gənclərin elmin müxtəlif sahələrində böyük təcrübəyə malik alimlərlə eyni platformada bir araya gəlməsi təsadüfi deyil. Bu, biliklərin ötürülməsinə deyil, elmi varisliyin təmin olunmasına yönəlmiş strateji yanaşmadır. Gənclər Akademiyasının yaradılmasında əsas məqsəd gənclərin inkişaf və liderlik platformasını müəyyən etmək, elmi biliklə yanaşı, strateji düşüncə və idarəetmə bacarıqları formalaşdırmaq, şəbəkələşmə və karyera inkişafına töhfə verməkdən ibarətdir”.

    Natiq qeyd edib ki, AMEA-nın Gənclər Akademiyasının növbəti illərdə inkişafı qarşıya qoyulan məqsəd və vəzifələrin daha da genişlənməsinə imkan verəcək.

    Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli “Beynəlxalq elmi bazalara inteqrasiya üzrə AMEA-nın təşviq mexanizmləri və bu istiqamətdə gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, müasir dünyada elmin inkişaf səviyyəsi bir sıra digər amillərlə yanaşı, həmçinin onun qlobal elmi məkana nə dərəcədə inteqrasiya etməsi ilə ölçülür və ölkəmizdə həyata keçirilən dövlət siyasətində elm və elmi potensialın gücləndirilməsi əsas prioritetlərdən birini təşkil etməkdədir. Aynur Günəşli diqqətə çatdırıb ki, bu strateji hədəflərin icrası məqsədilə son illərdə Akademiyada ardıcıl islahatlar həyata keçirilir və bununla bağlı AMEA-nın Rəyasət Heyəti tərəfindən impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə mükafatların verilməsi kimi və s. müvafiq qərarlar qəbul edilib. Həmçinin AMEA-nın Elm və təhsil şöbəsi və Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən 53 adda indikator hazırlanmış, Akademiyanın elmi müəssisə və təşkilatlarına 53 adda indikator üzrə sorğular göndərilmişdir. Statistik göstəricilər toplanılmaqla, humanitar və ictimai elmlər üçün ölçülə bilən nəticələrin hazırlanması istiqamətində sistemli iş aparılır.

    “Görülən işlərin nəticəsidir ki, Qlobal İnnovasiya İndeksinin illik hesabatlarına əsasən, Azərbaycan 2024-cü ildə elmi-texniki məqalələr üzrə 107-ci yerdə olduğu halda, 2025-ci ildə 89-cu yerə yüksəlmişdir”, - deyən A.Günəşli bildirib ki, bu gün gənclər beynəlxalq bazalara inteqrasiyanın əsas aparıcı qüvvəsi olmaqla, onların xarici dilləri bilməsi, rəqəmsal bacarıqları, açıq elmi platformalarda fəallığı və innovativ yanaşmaları Azərbaycan elminin qlobal elmi məkanda layiqli təmsil olunmasının əsas təminatıdır.

    2025-ci il üzrə impakt faktorlu jurnallarda çap olunan məqalələrin müəllifləri sırasında gənclərin də təmsil olunduğunu deyən məruzəçi ötən il Akademiya əməkdaşları tərəfindən 78 məqalənin “Web of Science” və “Scopus” bazasında indeksləşən jurnallarda çap olunduğunu vurğulayıb: “2024-cü il ilə müqayisəli təhlilinə nəzər salsaq, 2024-cü ildə məqalə sayı 59 idisə, 2025-ci ildə bu rəqəm 78 olmuşdur. Elmi müəssisələrin reytinqinə gəldikdə, əvvəlki illərdə bir neçə müəssisənin adı çəkilirdisə, artıq Akademiyanın demək olar ki, bütün elmi müəssisə və təşkilatları prosesdə iştirak edir. AMEA-da formalaşdırılan təşviq mexanizmləri, elmmetrik yanaşmalar və gənclər siyasəti son nəticədə vahid bir məqsədə – rəqabətqabiliyyətli, ölçüləbilən nəticələrə əsaslanan və beynəlxalq elmi məkana inteqrasiya olunmuş Azərbaycan elminin formalaşdırılmasına xidmət edir”.

    Tədbirdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, 2025-ci il Gənclər üçün Prezident mükafatçısı Mircavid Ağalarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi Yasin Alməmmədov və AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük laborantı Ülviyyə Aslanova çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, elmi, intellektual gəncliyin inkişafı istiqamətində AMEA-da həyata keçirilən islahatlardan danışıblar.

    Çıxışlardan sonra bir qrup gənc alim və mütəxəssis 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AMEA tərəfindən təltif olunublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər