SƏBAİLDƏ “JEK” İŞÇİLƏRİNİ ÇOX İŞLƏDİB, AZ PUL VERİRLƏR

SƏBAİLDƏ “JEK” İŞÇİLƏRİNİ ÇOX İŞLƏDİB, AZ PUL VERİRLƏR
  • Cəmiyyət / Maraqlı

  • Prezident İlham Əliyev demişdir: “Bizim 8 saatlıq iş günümüz var.

    Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır...”

    Təəssüf ki, bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Onların artıq iş saatlarına görə əmək haqqlarının hesablanması da çox vaxt adi qaydada aparılır. Bu da işəgötürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

    Bakı şəhəri Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki mənzil istismar sahələrinin işçiləri əməklərinin artıq saatlarla istismar olunduğunu deyirlər.  Deyirlər ki, bizi 13 saat işləməyə məcbur edir, amma 8 saatlıq norma işə görə əmək haqqı alırıq. İşlər səhər saat 7-də başlamalı olduğu halda, onları saat 5:30 - da işə çağırırlar. Məsələn, başqa rayonlarda çalışan həmkarları 850 manat civarında məvacib aldıqları halda, onlara 700 manat maaş verirlər. Əlavə işlətdikləri saatların qarşılığını, eləcə də bayram günlərində cəlb elədikləri işlərin əvəzini ödəmirlər. Hətta məcburi şəkildə iltizamnamə yazdırırlar ki, guya işçilər bayram pulundan imtina edirlər.

    Həm Konstitusiyada, həm də əmək qanunvericiliyində iş vaxtı, onun növləri, iş vaxtından artıq iş və bu kimi məsələləri nizama salınıb. Belə ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan və buna müvafiq olaraq həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən altıgünlük iş həftəsi müəyyən edilə bilər.

    Qanunvericilik tam iş vaxtından fərqli olan qısaldılmış, natamam iş vaxtı müəyyən edib. Belə ki, işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.  Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz.

    Natamam iş vaxtı əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər.
    Hər bir müəssisə, idarə və təşkilatda iş vaxtının rejimi qaydaları müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Bu qaydalara  gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı və s. daxil edilir.

    Əmək qanunvericiliyi iş vaxtından artıq iş, iş vaxtından artıq işlərə icazə verildiyi halları da müəyyənləşdirib. İş vaxtından artıq iş işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsidir. Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir. Lakin, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Əmək Məcəlləsi iş vaxtından artıq işlərə yol verilən istisna halların da dairəsini dəqiq müəyyənləşdirib. 

    İşəgötürən, hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

    İsrafil Şükürov
    PAYLAŞ:

    Oxşar xəbərlər