14 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən “Olduğu yer üzrə qeydiyyat, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinin şöbə rəisi, miqrasiya xidməti müşaviri İbrahim Abdullazadə və baş inspektor, I dərəcəli miqrasiya xidməti qulluqçusu Turan Əliyev çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat vermiş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşama qaydaları, qeydiyyat prosedurları barədə iştirakçıları maarifləndirmişlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, qanunvericiliyin tələbləri və tətbiqi ilə bağlı geniş izahatlar verilmişdir.
