Masallıda “Milli-mənəvi dəyərlərdə ailənin rolu” mövzusunda tədbir keçirilib

Masallıda “Milli-mənəvi dəyərlərdə ailənin rolu” mövzusunda tədbir keçirilib
  • Cəmiyyət

  • 13 may 2026-cı il tarixində saat 11:00-da Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kollec və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin ailə həyatına hazırlanması, erkən nikah və məişət zorakılığının qarşısının alınması məqsədilə “Milli-mənəvi dəyərlərdə ailənin rolu” mövzusunda tədbir keçirilmişdir.

    Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova qeyd etmişdir ki, ailə cəmiyyətin əsas sütunlarından biridir və sağlam ailə münasibətlərinin formalaşdırılması gənclərin düzgün tərbiyəsində mühüm rol oynayır. O bildirmişdir ki, gənclərin ailə həyatına hazırlanması, erkən nikah hallarının və məişət zorakılığının qarşısının alınması bu gün cəmiyyət qarşısında duran vacib məsələlərdəndir. Natiq vurğulamışdır ki, maarifləndirici tədbirlər gənclərin sağlam düşüncəli, məsuliyyətli və milli-mənəvi dəyərlərə bağlı fərd kimi formalaşmasına böyük töhfə verir və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.

    Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı  məsləhətçisi Aybəniz Novruzova çıxışında Beynəlxalq Ailə Günü münasibətilə ailə dəyərlərinin qorunmasının vacibliyindən danışmışdır. O, gənclərin sağlam ailə həyatına hazırlanmasının, erkən nikah və məişət zorakılığının qarşısının alınmasının cəmiyyət üçün mühüm məsələlər olduğunu vurğulamışdır. Aybəniz Novruzova ailənin cəmiyyətin təməli olduğunu qeyd edərək, gəncləri təhsilli, məsuliyyətli və düzgün seçimlər etməyə çağırmış, sağlam və güclü ailələrin güclü cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirmişdir.

    Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva milli-mənəvi dəyərlərin qorunub yaşadılmasında ailənin mühüm rolundan danışmışdır. O qeyd etmişdir ki, ailə xalqın adət-ənənələrinin, mənəvi irsinin və milli kimliyinin gələcək nəsillərə ötürülməsində əsas vasitədir. Muzey direktoru vurğulamışdır ki, uşaqlara və gənclərə vətənpərvərlik, böyüklərə hörmət, milli adət-ənənələrə bağlılıq kimi dəyərlər ilk növbədə ailədə aşılanır. O, sağlam ailə münasibətlərinin cəmiyyətin mənəvi inkişafına və milli dəyərlərin yaşadılmasına mühüm töhfə verdiyini diqqətə çatdırmışdır.

    Tədbirdə çıxış edən “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-ginekoloqu İlhamə Nağıyeva gənclərin sağlam ailə həyatına hazırlanmasının vacibliyindən danışmışdır. O, erkən nikahın gənclərin sağlamlığına, təhsilinə və gələcək həyatına mənfi təsirlərindən bəhs etmiş, xüsusilə gənc qızların fiziki və psixoloji baxımdan ailə həyatına hazır olmasının əhəmiyyətini vurğulamışdır. Həkim tələbələrə sağlam həyat tərzi, ailə məsuliyyəti və gələcəkdə sağlam nəslin formalaşdırılması ilə bağlı tövsiyələr vermişdir.

    Daha sonra çıxış edən Bioloji Təbabət Klinikasının psixoloqu Nigar Həsənova ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, anlayış və düzgün ünsiyyətin vacibliyindən danışmışdır. O qeyd etmişdir ki, sağlam psixoloji mühit ailənin möhkəmliyində əsas amillərdən biridir. Psixoloq məişət zorakılığının yaratdığı mənfi nəticələrdən bəhs edərək, problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həll edilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, tələbələrə gələcək ailə həyatında düzgün seçim etmələri, özünəinamlı və məsuliyyətli fərd kimi formalaşmaları ilə bağlı faydalı tövsiyələr vermişdir.

    Tədbirin sonunda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.


    PAYLAŞ:

    Oxşar xəbərlər