Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası və miqyası - AMEA Rəyasət Heyətinin növbəti iclası

Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası və miqyası - AMEA Rəyasət Heyətinin növbəti iclası
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    İclasda müzakirəyə çıxarılan ilk məsələ akademik İsa Həbibbəylinin “Azərbaycançılıq məfkurəsinin təşəkkülü kontekstində Ümummilli Lider Heydər Əliyevin missiyası və miqyası” mövzusunda məruzəsi olub. Məruzəni təqdim edən AMEA rəhbəri bildirib ki, ölkəmizdə azərbaycançılıq hərəkatının, azərbaycançılıq ənənəsinin tarixi qədimdir.

    Şərqşünasların məlumatına əsasən, “Azərbaycan” adının IX əsrdə ərəb mənbələrində işlədildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan və rusdilli mənbələrdə “Azərbaycan” sözünə XIX əsrdə rast gəlindiyini söyləyib. Qeyd edib ki, 1884-cü ildə “Qafqaz” qəzetində Məhəmməd ağa Şahtaxtinskinin “Müsəlmanlarda məktəb həyatı” adlı silsilə məqaləsində “Azərbaycan” adı “Adərbaycan” kimi yazılmışdır. Daha sonra 1891-ci ildə “Kəşkül” qəzetində Azərbaycan dilində, həmçinin rus dilində “Kaspi” qəzetində artıq “Azərbaycan” şəklində işlədilmişdir və rus dilində çap olunan həmin məqalənin müəllifi də Məhəmməd ağa Şahtaxtinski idi.

    “Bu məqaləsində o, “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” sualını qoyurdu. O yazırdı ki, bizə “tatar” deyirlər, “müsəlman” deyirlər, lakin müsəlman dinimizin adıdır, xalqımızın adı deyil. Bizim mənşəyimiz türkdür. Amma biz Zaqafqaziya müsəlmanlarının yaşadığı ərazi olan Azərbaycan torpaqlarında yaşayırıq və dilimiz Azərbaycan dilidir. Əslində, bu fikir sonradan ədəbiyyatda geniş inkişaf etdi. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri, məncə, azərbaycançılıq ideallarının şah əsərlərindən biridir. O, “Azərbaycan” adlı məqaləsində Azərbaycanın trayektoriyasını müəyyənləşdirərək dilimizin Azərbaycan dili olduğunu vurğulamış və “Azərbaycan haradır?” sualına cavab verərkən Dərbənddən Borçalı çökəkliyinə, Ağdağdan Xəzər dənizinə qədər böyük bir ərazini Azərbaycan kimi təsvir etmişdir. Beləliklə, bu anlayış ədəbiyyatda və ictimai fikirdə möhkəmləndirilmişdir. Sovet dövründə bu ideya vətənpərvərlik ideyası kimi yaşadı. Bu baxımdan Səməd Vurğunun “Azərbaycan” şeiri xüsusi yer tutur və bu şeir hər bir kəsin dillər əzbəridir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

    AMEA rəhbəri qeyd edib ki, Sovet Azərbaycanı dövründə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlmiləlçilik ideyasını ön plana çəkdiyi, vahid sovet xalqı anlayışını formalaşdırmağa çalışdığı bir vaxtda ölkəmizdə Azərbaycançılıq siyasətini həyata keçirirdi. Onun rəhbərliyi ilə yazıçı və şairlərin yubileyləri keçirilir, bu tədbirlər Kreml səviyyəsində qeyd olunur, hətta Nəsiminin yubileyi UNESCO səviyyəsində keçirilmişdi. Bir çox yazıçı, şair, bəstəkar və alim yüksək fəxri adlara layiq görülür, Azərbaycanda hərbi məktəblər açılır və bu kimi addımlar milli özünüdərkin güclənməsinə xidmət edirdi.

    Ulu Öndərin bununla da xalqımızı gələcək müstəqil dövlətçiliyə hazırladığını deyən akademik İsa Həbibbəyli bildirib ki, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi dahi liderin həmin dövrdəki rəhbərliyi zamanı azərbaycançılıq siyasətinin zirvəsi hesab oluna bilər.

    Natiq diqqətə çatdırıb ki, keçid dövründə də Ulu Öndər azərbaycançılıq ideyasına və milli istiqlal uğrunda mübarizəyə böyük töhfələr verib, 1990-cı ilin 21 yanvarında ailə üzvləri ilə, cənab İlham Əliyevlə birgə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərə qarşı dünya qarşısında açıq bəyanatla çıxış etməsi Azərbaycanın müstəqil dövlətçiliyi yolunda mühüm dönüş nöqtəsi idi.

    “Dahi liderin Naxçıvanda Ali Məclisin sədri olarkən üçrəngli Azərbaycan bayrağının sovet bayrağı əvəzinə qaldırılması da böyük cəsarət nümunəsi idi. 1990-cı ilin 17 noyabrında bu addım atılmış və bu hadisə SSRİ-nin dağılmasından əvvəl baş vermiş nadir və tarixi addımlardan biri olmuşdur. Heydər Əliyev həm Sovet Azərbaycanının rəhbəri kimi, həm də müstəqil Azərbaycanın lideri kimi xalqımızı parçalanmaq təhlükəsindən xilas etmiş, ölkəmizin bütövlüyünü təmin etmiş, müstəqil dövlətin iqtisadi, siyasi, elmi, mədəni və sosial əsaslarını qurmuş və “Azərbaycanın müstəqilliyi əbədidir” demişdir”, - deyə məruzədə vurğulanıb.

    Akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndərin müstəqillik dövründəki ən böyük xidmətlərindən biri də “Dünya azərbaycanlıları” anlayışını siyasi gündəmə gətirməsi olmuşdur. Məruzəçi qeyd edib ki, “Dünya azərbaycanlıları” anlayışı haqqında nə elmdə, nə siyasətdə aydın bir konsepsiya yox idi və bu ideyanı Azərbaycanın siyasi gündəminə və ictimai mühitinə, dövlətçilik təfəkkürünə məhz Ümummilli Lider Heydər Əliyev gətirmişdir. Akademikin sözlərinə görə, Ulu Öndərin hələ Naxçıvanda Ali Məclis sədri olarkən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması haqqında qəbul etdiyi qərar bunun canlı bir nümunəsidir və Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən Dünya Azərbaycanlılarının Birinci Qurultayını çağırması və qurultayda dərin məzmunlu çıxış etməsi müstəqil Azərbaycan dövlətçiliyinə və Azərbaycançılıq siyasətinin inkişafına göstərdiyi tarixi xidmət idi.

    “Dahi lider özünə qədər ədəbiyyatda, incəsənətdə, mədəniyyətdə, elmdə, ictimai fikirdə səslənən azərbaycançılıq anlayışını müstəqil Azərbaycanın dövlət ideologiyası səviyyəsinə qaldırdı. “Azərbaycan dili” və “Azərbaycan xalqı” anlayışlarının dəqiq şəkildə müəyyənləşdirilməsi də onun mühüm xidmətlərindəndir. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyini qətiyyətlə müdafiə etmiş və “Azərbaycan xalqı” anlayışı ilə ölkədə yaşayan bütün xalqları vahid bir dil ailəsi ətrafında birləşdirmişdir. “Azərbaycan xalqı” anlayışı, “Azərbaycan dili” anlayışı kimi, xalqımızın ümumi adı mənasını ifadə edir və bu coğrafiyada birlik, sabitlik və bərabərliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu baxımdan “Azərbaycan dili”, “Azərbaycan xalqı” və “Azərbaycançılıq” dövlət ideologiyası anlayışlarının müəllifi və yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Bizim cəmiyyətimiz üçün bu anlayışlar dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə AMEA rəhbəri bildirib.

    O qeyd edib ki, bu ideyalar ölkəmizin iqtisadi, sosial və siyasi inkişafının əsasında dayanan sabitliyin təməlini təşkil edir və ona görə də biz bu gün Ulu Öndəri müstəqil Azərbaycanın memarı hesab edərkən məhz bu böyük və fundamental prinsipləri nəzərdə tuturuq. Alim vurğulayıb ki, Azərbaycanda ümummilli lider anlayışı hər hansı bir xalqın, xalqların və ya bir siyasi partiyanın lideri olmaq demək deyil, bu anlayış bütün xalqı, bütün cəmiyyəti özündə birləşdirən bir lideri ifadə edir. Onun sözlərinə görə, ümummilli lider dedikdə, xalqın bütün təbəqələri, sosial və etnik qrupları tərəfindən qəbul olunan və eyni zamanda bütün siyasi qüvvələr tərəfindən tanınan lider nəzərdə tutulur və məhz bu mənada Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin müəyyən etdiyi yolu XXI əsrin reallıqlarına uyğun şəkildə inkişaf etdirdiyini deyən akademik İsa Həbibbəyli Ali Baş Komandanın Vətən müharibəsində qazandığı tarixi zəfəri Azərbaycan tarixinin ən böyük hadisələrindən biri kimi qiymətləndirib: “Ümummilli Lider Heydər Əliyevin qoyduğu əsaslar üzərində Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü tam təmin etməsi, vaxtilə Ulu Öndərin 1990-cı ilin 17 noyabrında siyasi səhnəyə gətirdiyi üçrəngli bayrağı Azərbaycanın bütün ərazisində dalğalandırması dövlətçiliyə, lider yoluna, müstəqil Azərbaycanın inkişafına təkrarolunmaz xidmətdir və bu tarixi xidmətlər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır”.

    Qarabağ probleminin həlli istiqamətində Ulu Öndərin çox danışıqlar apardığını, hətta Lissabon sammitində çıxış edərkən bizi ərazi bütövlüyümüzün təmin olunmasına çox yaxınlaşdırdığını deyən AMEA rəhbəri məkrli qüvvələrin, qısqanc yanaşan dairələrin yaratdığı əngəllərin o zaman buna mane olduğunu söyləyib.

    Bu gün Azərbaycanın bütün ərazisində Azərbaycan bayrağının dalğalandığını bildirən akademik İsa Həbibbəyli bu hadisənin min illər keçsə də, Heydər Əliyev-İlham Əliyev epoxasının tarixi hadisəsi kimi qəbul olunacağını vurğulayıb. Qeyd edib ki, İlham Əliyev Azərbaycan Prezidenti olaraq Qalib Xalqın Qalib Lideri kimi tarixdə öz yerini tutmuşdur və bu gün də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar, həyata keçirilən siyasi gedişlər, indiki çətin geosiyasi şəraitdə bu istiqamətdə düşünülmüş proqramın addım-addım icra olunması bizə əsas verir ki, ölkəmizin Prezidenti bu böyük vəzifəni də yerinə yetirəcək.

    “Biz inanırıq ki, ölkəmizin Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı azərbaycançılıq təlimini, ideologiyasını və ideallarını rəhbər tutaraq onları daha da inkişaf etdirəcək, zənginləşdirəcək və xalqımızı böyük məqsədlərə çatdıracaqdır.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da əməyini, zəhmətini, dəstəyini və yaratdığı bütövlük anlayışını yüksək qiymətləndirməyi özümə borc bilirəm. Məhz onun rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial və iqtisadi proqramlar ölkəmizin sürətli və hərtərəfli inkişafının konkret ifadəsidir.

    İnanırıq ki, Ulu Öndərin ən çox sevdiyi şeir kimi Səməd Vurğunun “Azərbaycan” şeirini qeyd etməsi, ən çox sevdiyi poema kimi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərini vurğulaması, ədəbiyyatda azərbaycançılığın ən böyük nümayəndələrindən biri kimi Cəlil Məmmədquluzadəni göstərməsi onun başladığı böyük işin və qoyduğu idealların bu gün etibarlı əllərdə olduğunu göstərir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

    AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev bu gün dünyanın gözü qarşısında qüdrətli Lider kimi, Qalib Xalqın Qalib Lideri kimi Azərbaycanı irəli aparır və dövlətimiz artıq öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın apardığı uğurlu siyasət nəticəsində “Böyük Qayıdış” proqramı da uğurla həyata keçirilir və bu proqram həm də Azərbaycanda yeni inkişaf mərhələsinin başlanması deməkdir. Bu, azərbaycançılıq ideyalarının daha da dərinləşməsi, ərazi bütövlüyünün və məskunlaşmanın möhkəmlənməsi, sosial, iqtisadi, siyasi və hərbi qüdrətimizin yeni mərhələyə yüksəlməsi deməkdir.

    Akademik İsa Həbibbəyli məruzəsinin sonunda qeyd edib ki, Azərbaycan alimləri indiyə qədər olduğu kimi, bundan sonra da Heydər Əliyev-İlham Əliyev epoxasının ideallarını öz işlərində rəhbər tutacaq, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan bütün sahələrdəki işlərə öz dəstəyini verməyi şərəfli borc hesab edəcəkdir.

    Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

    Daha sonra iclasda bir sıra elmi təşkilati məsələlər müzakirə olunub.

    Müzakirəyə çıxarılan məsələ “Heydər Əliyev Ensiklopediyası”nın çapa hazırlanması haqqında olub.

    Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, Rəyasət Heyəti tərəfindən ötən müddət ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmasına dair müvafiq qərarlar qəbul edilib, əsas icraçı qurum kimi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi müəyyən olunub. Belə ki, Elmi Mərkəz tərəfindən 12 bölmə üzrə ensiklopediyanın sözlüyü hazırlanaraq Rəyasət Heyətinin qərarı ilə yaradılmış komissiya tərəfindən geniş müzakirə olunub. AMEA rəhbəri vurğulayıb ki,  təqdim olunmuş sözlük Rəyasət Heyəti tərəfindən təsdiq edilib və bunun əsasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları “Heydər Əliyev Ensiklopediyası”nı hazırlamağa başlayıblar.

    Qısa müddət ərzində Mərkəz tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın yüksək səviyyədə hazırlandığını deyən akademik İsa Həbibbəyli ensiklopediyanın ilkin variantını iclas iştirakçılarına təqdim edib. Qeyd edib ki, “Heydər Əliyev Ensiklopediyası” hazırda redaktə mərhələsindədir və üç aylıq son tamamlama işlərindən sonra “Elm” nəşriyyatı tərəfindən yüksək keyfiyyətlə çap olunaraq ictimaiyyətə təqdim ediləcək.

    Akademik İsa Həbibbəyli “Heydər Əliyev Ensiklopediyası”nı qısa müddətdə və yüksək keyfiyyətdə hazırladıqlarına görə AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevə və Mərkəzin əməkdaşlarına təşəkkür edib.

    “Heydər Əliyev Ensiklopediyası”nın yüksək səviyyədə çapa hazırlanması haqqında Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

    İclasda müzakirə edilən növbəti məsələ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd edilməsinə hazırlığın vəziyyəti haqqında olub. Akademik İsa Həbibbəyli qeyd edib ki, may ayının 7-də AMEA-nın Rəyasət Heyətində AMEA-nın Gənclər Akademiyası ilə birgə Ulu Öndərə həsr olunmuş tədbir keçiriləcək və gənc alimlər təqdimatlarla çıxış edəcəklər.

    Akademik İsa Həbibbəyli AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Ulu Öndərin həyatının və zəngin fəaliyyətinin çoxcəhətli aspektlərini əhatə edən elmi konfransların, elmi sessiyaların keçirilməsi və sərgilərin təşkili ilə bağlı tapşırıqlar verib.

    Daha sonra iclasda Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının 2025-ci il üzrə AMEA-da icra vəziyyəti haqqında AMEA-nın akademik-katibi akademik Arif Həşimov məlumat verib və Akademiyada dövlət başçısının tapşırıqlarının vaxtında və məsuliyyətlə yerinə yetirildiyini bildirib.

    Rəyasət Heyətinin iclasında, həmçinin AMEA-nın Gənclər Akademiyasının loqotipi təsdiq edilib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Gənclər Akademiyasının fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə uyğun şəkildə qurulması məqsədilə vahid vizual quruluşa malik, qrafik təsvir kimi xarakterizə olunan fərqləndirici işarənin – loqotipin (emblem) yaradılması zərurəti meydana çıxıb və bu səbəbdən AMEA-nın Gənclər Akademiyası tərəfindən yeni loqotip (emblem) hazırlanıb. Loqotipdə istifadə olunan rənglər və simvollar ənənə ilə müasirliyin harmoniyasını, biliklə yaradıcılığın vəhdətini və gələcəyə yönəlmiş dinamik elmi inkişaf konsepsiyasını vizual olaraq ifadə edir.

    Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən AMEA-nın Gənclər Akademiyasının yeni loqotipi təsdiq edilib.

    İclasda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında yaradılan rəqəmsallaşma və süni intellektlə bağlı şöbələrin nümunəvi əsasnaməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

    AMEA rəhbəri vurğulayıb ki, son illərdə Akademiyada rəqəmsallaşma və süni intellekt sahəsində mühüm addımlar atılır və həyata keçirilən yeniləşmə islahatlarının əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edib ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində AMEA-nın Elektron arxitekturası formalaşdırılıb, Akademiyanın bütün institutlarında, regionlarda yerləşən Elmi Bölmələrində və Mərkəzlərində Rəqəmsal elm sahəsi və süni intellekt şöbələri yaradılıb. Bildirib ki, rəqəmsallaşma və süni intellektlə bağlı şöbələrin nümunəvi əsasnaməsinin təsdiq edilməsi onların gələcək fəaliyyətlərinin inkişafına öz töhfəsini verəcək. Akademik İsa Həbibbəyli, o cümlədən institutlarda rəqəmsallaşma və süni intellekt üzrə direktor müavinlərinin təyin olunma prosesinin başa çatmaqda olduğunu deyib.

    Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarında yaradılan rəqəmsallaşma və süni intellektlə bağlı şöbələrin nümunəvi əsasnaməsi təsdiqlənib.

    İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor Kərim Şükürov, dosent Elmir Babayev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər