“Vətən” Muğam Qrupu Azərbaycan və Litva arasında dostluq münasibətlərinə, ortaq tarixi yaddaşa və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı ədəbi-bədii tədbirdə İştirak edib. Azərbaycan Yazıçılar Birliyi, Litvanın Azərbaycandakı səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan və Litva Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
"Leqal"ın məlumatına görə, tədbirdə repressiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, məktəbin direktoru Leyla Fətiyeva, Milli Məclisin deputatları və tarixçi alimlər, Mikayıl Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış edərək repressiya dövrünün tarixi dərslərindən danışıb, bu cür tədbirlərin gənc nəslin maarifləndirilməsində rolunu vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşayıb, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələri ilə üzləşib.
Tədbirdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi repressiya qurbanları olan görkəmli ədiblərdən bəhs olunub, eyni zamanda, Litva tarixində repressiyaya məruz qalan tanınmış şəxsiyyətlər də yad edilib. Mikayıl Müşfiqin şagirdlərin ifasında təqdim olunan şeirləri tədbirə xüsusi emosional təsir qatıb.
Proqram çərçivəsində “Sözün repressiyası” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, həmçinin Litva səfirliyi tərəfindən hazırlanmış videoçarx təqdim olunub. Məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tanınmış incəsənət xadimlərinin ifaları, muğam və musiqi nömrələri, həmçinin Litva xalq rəqsi təqdim olunub. “Vətən” Muğam Qrupunun solistləri, respublika və beynəlxalq müsabiqələr qalibləri, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Solistləri, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimləri xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadovun 2016-cı İldən başlayaraq Litva Respublikasında iştirak etdikləri beynəlxalq festivallardandan söz açılıb. “Vətən” Muğam Qrupunun İfasında Litva Xalq Mahnısı “Oi Giria-Giria” ifa edilməsi daha da coşqu yaradıb. Onlar Litva Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri cənab Kestutis Vaskeleviçiusu Litva dilində salamlayıblar.
Qeyd edək ki, “Vətən” Muğam Qrupu Litva Respublikasının Vilnus, Klaipeda, Şauley, Nerinqa, Trakai, Palanga, Kaunas, Druskininkai, Birştonas şəhərlərində konsertlərdə, Unesconun beynəlxalq festivallarında və 2025-ci ildə həmin beynəlxalq festivalın 41 ölkə arasında iki nominasiya üzrə qalibi olaraq vətənə qayıtmışdılar. Ölkəmizi sevən Litvalılar hətta muğam qrupuna Litva milli musiqi aləti də hədiyyə etmişdilər.




