Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Parkında ucaldılan müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Heydər Əliyev Mərkəzində davam edən konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov rayon ictimaiyyətini və çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazan xalqımızı Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik etmişdir. 1993-cü ilin iyun ayında ölkədə hökm sürən ağır ictimai-siyasi böhrana nəzər salan Tohid Hüseynov vurğulamışdır: "O dövrdə ölkəmiz daxili xaos, qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. İdarəçilik sisteminin tamamilə iflic olduğu, iqtisadiyyatın çökdüyü və Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir məqamda, ölkəni idarə edənlərin səriştəsizliyi ucbatından Azərbaycan bir dövlət olaraq dünya xəritəsindən silinmək və parçalanmaq həddinə çatmışdı. Belə bir kritik məqamda xalqımız öz gələcək taleyini həll etmək üçün yeganə çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördü. Millətin təkidli tələbi və dəvəti ilə 1993-cü il iyunun 15-də Ulu Öndərin Ali Sovetin sədri seçilməsi ilə ölkəmizin xilas qapıları açıldı."
Konfransda YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev mövzu ətrafında geniş məruzə ilə çıxış etmiş, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi xilaskarlıq missiyasından və Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sabitliyindəki rolundan bəhs etmişdir.
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Ağsaqqallar Şurasının Masallı şəhəri üzrə nümayəndəsi Fəxrəddin Talıbzadə və Masallı şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Əli Alışlı Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini müxtəlif aspektlərdən təhlil etmişlər. Çıxış edənlər bu günün sadəcə təqvim bayramı deyil, dövlətçiliyimizin uçurumun kənarından döndüyü taleyüklü bir dönüş nöqtəsi olduğunu diqqətə çatdırmışlar.
Konfransa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov ulu öndər tərəfindən əsası qoyulan müdrik siyasi xəttin son 20 ildən artıq dövrdə Ümummilli Liderin layiqli siyasi varisi, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə və qətiyyətlə davam etdirildiyini qeyd etmişdir: "Bu gün üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda qürurla dalğalanır. İndi biz Qurtuluş Gününü sadəcə azad bir dövlət kimi deyil, qalib və ərazi bütövlüyünü tam bərpa etmiş məğrur bir xalq kimi qeyd edirik!"


