AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, həmçinin AR Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

    Əvvəlcə AMEA-nın müxbir üzvü Amin İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub.

    İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müddəaları və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri haqqında olub.

    Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının sədrliyilə 11 fevral 2026-cı ildə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev rəqəmsal inkişafı ölkənin gələcək tərəqqisini müəyyən edən əsas strateji istiqamət kimi müəyyənləşdirib və vurğulayıb ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma prosesləri qlobal miqyasda ölkələrin inkişaf modelini formalaşdırır və Azərbaycanın da bu tendensiyalara uyğun hərəkət etməsi vacibdir.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, müasir dünyada rəqəmsal arxitekturanı qurmadan hər hansı bir inkişafa nail olmaq qeyri-mümkündür və bu istiqamət dövlətimizin başçısının fəaliyyətində strateji istiqamətlərdən birini təşkil edir. Natiq bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm dövlət sənədləri qəbul olunub. 4-cü Sənaye İnqilabında ölkəmizin mövqeyinin gücləndirilməsi və aparıcı dövlətlər sırasında yer almasının təmin edilməsi məqsədilə bir sıra mühüm addımların atıldığını deyən akademik İsa Həbibbəyli AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində isə Süni İntellekt Akademiyasının fəaliyyət göstərdiyini bildirib.

    Milli Elmlər Akademiyasında da rəqəmsallaşma istiqamətində bir sıra əhəmiyyətli işlərin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli AMEA rəhbəri seçilməsindən cəmi 3 ay sonra, 2023-cü ilin yanvar ayında Akademiyanın Rəyasət Heyətinin aparatında dövlətimizin və müasir dünyanın çağırışlarına uyğun olaraq, “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Həmçinin həmin dövrdə AMEA-nın elmi müəssisə və təşkilatlarında da “Elektron xidmətlər” şöbələrinin yaradıldığını, ilkin olaraq kadr bazalarının formalaşdırıldığını söyləyib. Ötən müddət ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox uğurlar əldə olunduğunu deyən akademik İsa Həbibbəyli yaranmış yeni reallıq şəraitində 2025-ci ilin sentyabr ayında “Elektron Akademiya” şöbəsinin adının “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” olaraq dəyişdirildiyini vurğulayıb.

    “Bu, sadəcə şöbənin adının dəyişikliyi deyil, onun funksiyalarının, fəaliyyətinin, əhatə dairəsinin genişliyini ehtiva edir”, - deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizliklə bağlı tapşırıqlarından və bu ilin 5 yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlərdən irəli gələrək 8 yanvar 2025-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə elmi müəssisə və təşkilatlardakı “Elektron xidmətlər” şöbələrinin bazasında “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələrinin yaradıldığını bildirib. Qeyd edib ki, həmçinin şöbələr köməkçi statusundan əsas şöbə statusuna keçirilib və artıq şöbələrin rəhbərliyində elmi işçilər təmsil olunur.

    Görülən işlərlə AMEA-nın rəqəmsal arxitekturasının ilkin modelinin formalaşdırıldığını vurğulayan akademik İsa Həbibbəyli ikinci mərhələdə bu istiqamətdə kadr hazırlığı ilə bağlı fəaliyyət planının qurulacağını diqqətə çatdırıb.

    Natiq bildirib ki, dövlət başçısının müşavirədə vurğuladığı kimi, rəqəmsallaşma fəaliyyətimizdə başlıca prioritet istiqamət olmalı və ardıcıl, fasiləsiz xarakter daşımalıdır. 

    “Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən irəli gələrək Akademiyanın yeni rəqəmsal arxitekturasını necə qurmalıyıq? İlk növbədə, Akademiyanın prezidenti bu işə maraqlı olmalı, onu strateji vəzifələrdən və əsas prioritetlərdən biri hesab etməlidir. Artıq qeyd etdiyim kimi, 2023-cü ilin yanvarından elektron xidmətlər sahəsində geniş işlər həyata keçirmişik. Ötən müddətdə AMEA əməkdaşlarının elmmetrik məlumatlar bazasını yaratmış, istinad sistemi qurmuşuq. Həmçinin jurnallarımızın elektron bazalarını formalaşdıraraq artıq bütün müəlliflərimizin məqalələrinə DOİ veririk. Eyni zamanda biri beynəlxalq konfrans olmaqla, mütəmadi olaraq bu istiqamətdə seminarlar keçiririk. O cümlədən “Elektron Akademiya” şöbəsi tərəfindən “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) robotu hazırlanıb. AMEA rəhbəri Akademiyada, direktorlar isə müəssisələrində rəqəmsal arxitekturanın qurulmasına məsuliyyət daşıyırlar. Müəssisələrdəki “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələri bu arxitekturanın əsas icraçı qollarıdır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

    Bu istiqamətdə mühüm nəticələrin əldə edilməsində kadr hazırlığı və maddi-texniki bazanın qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən AMEA rəhbəri elmi müəssisələrin zəruri avadanlıqlarla təchiz olunması məqsədi ilə müvafiq maliyyə vəsaitinin ayrıldığını söyləyib. Qeyd edib ki, institutların direktorları, elektron şöbələrin müdirləri dövlət başçısının rəqəmsallaşma ilə bağlı qarşıya qoyduğu vəzifələri, bu arxitekturanın qurulması istiqamətində aparılacaq işlərin mahiyyətini düzgün öyrənməlidirlər.

    “Bu, 21-ci əsrin çağırışı, 4-cü Sənaye inqilabının tələbidir. Bu texnoloji düşüncə, texnoloji inkişaf, texnoloji baxış, texnoloji nailiyyət olmadan, 21-ci əsrdə millətlər sırasında, akademiyalar sırasında dünya miqyasında sayılmaq, sıravi bir nəfər olmaq belə çətindir. Ona görə də, cənab Prezidentin Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulması layihəsi, əslində Azərbaycanın inkişafının indiki yeni mərhələsinin arxitekturası kimi başa düşülməlidir.

    Dövlət başçısının bu istiqamətdə işlərin daha səmərəli təşkili üçün hər bir qurumda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılmasını tapşırdığını deyən akademik İsa Həbibbəyli həmin şəxsin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə koordinasiyalı şəkildə çalışaraq əldə etdiyi bilikləri, yenilikləri növbəti mərhələdə çalışdığı müəssisədə tətbiq edəcəyini bildirib. Diqqətə çatdırıb ki, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev bu sahə üzrə ölkəmizdə tanınmış alimdir, İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edir və rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə Akademiyada bundan sonra da həyata keçiriləcək işlərə nəzarət edəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqəli şəkildə isə “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov fəaliyyət göstərəcək.

    Həmçinin akademik İsa Həbibbəyli “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsinin əməkdaşları tərəfindən AMEA-nın elmi müəssisələrindəki “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələrinin əməkdaşlarına təlimlər keçməsi barədə tapşırıq verib.

    Akademik İsa Həbibbəyli görülən işlərlə yanaşı, son illərdə AMEA-da elektron kitabxana, elektron arxiv və elektron sənəd dövriyyəsi quruculuğu istiqamətində də mühüm nailiyyətlərin əldə olunduğunu bildirib, Akademiyanın rəqəmsal arxitekturasının bundan sonra da genişləndiriləcəyini söyləyib.

    Sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək qeyd edib ki, dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə bu sahədə işlərin həyata keçirilməsində pərakəndəliyi aradan qaldıraraq idarələrarası koordinasiyalı fəaliyyətə təkan verəcək. Akademik Rasim Əliquliyev, həmçinin bu istiqamətdə normativ hüquqi bazanın vacibliyindən, Azərbaycan əhalisinin rəqəmsal savadlılığının təkmilləşdirilməsindən danışıb.

    Daha sonra “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov çıxış edərək AMEA-da elektron xidmətlər sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb və hazırda icra olunan işlər barədə məlumat verib.

    Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə dövlət başçısının sədrliyi ilə keçirilmiş müşavirədə irəli sürülmüş müddəalar və səsləndirilmiş yanaşmalar əsas götürülməklə, AMEA-da aparılan elmi tədqiqatlarda rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin daha da gücləndirilməsi qərara alınıb. Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə müavin vəzifəsinə irəli sürüləcək namizədlərin uyğunluğunu yoxlamaq üçün Komissiya yaradılıb.

    Daha sonra iclasda Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.

    Tədbirlər planında “Xaqani Şirvani poeziyasının ədəbi-bədii xüsusiyyətləri və Azərbaycan və Şərq ədəbiyyatında yeri”, “Xaqani Şirvaninin ideallar aləmi, sənəti və sənətkarlığı”, “Xaqani Şirvani poeziyasında dünyəvilik”, “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Xaqani Şirvani Azərbaycan və Şərq folkloru kontekstində”, “Söz mülkünün Xaqanı”, “Xaqani Şirvani və XII əsr ictimai-mədəni mühiti”, “Fəlsəfi şüur və şeir”, “Klassik Azərbaycan ədəbiyyatının tanınmış siması: Xaqani Şirvani”, “Nizami Gəncəvi və Xaqani Şirvani”, “Klassik poeziyanın Şamaxıdan doğan günəşi: Əfzələddin Xaqani”, “Xaqani Şirvani və Azərbaycan ədəbiyyatında intibah prosesləri” mövzusunda konfrans, elmi sessiya və dəyirmi masaların keçirilməsi, eləcə də “Xaqani Şirvaninin sənətkarlığı” monoqrafiyasının nəşri, Xaqani Şirvaninin qəzəl və qəsidələrinin filoloji tərcüməsinin çapa hazırlanması, ədibin həyat və yaradıcılığından bəhs edən biblioqrafik göstəricinin hazırlanması, ənənəvi və virtual sərginin təşkili əksini tapıb.

    Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiq edilib.

    Daha sonra iclasda müzakirəyə çıxarılan məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, Qurultayın türk xalqlarının ortaq tarixi-mədəni irsinin, elmi düşüncəsinin və humanitar inteqrasiyasının formalaşmasında müstəsna rolu xüsusi vurğulanaraq yubiley tədbirlərinin keçirilməsi tapşırılıb. Bundan irəli gələrək, Rəyasət Heyətinin müvafiq iclaslarında AMEA-nın Tədbirlər planı təsdiq olunub və Qurultayın yubileyinə hazırlığın yüksək səviyyədə təşkili məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

    Yubiley çərçivəsində tədbirlərin mərhələli şəkildə təşkilinin nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli Qurultayın ilk böyük tədbirinin 27 fevral 2026-cı il tarixində keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Sözügedən tədbirin “Birinci Türkoloji Qurultayın qurucuları və ənənələri: tarix və müasirlik” mövzusuna həsr olunmuş xatirə tədbiri formatında təşkil ediləcəyini bildirib. Qeyd edib ki, bu tədbirdə Birinci Türkoloji Qurultayın təşəbbüskarlarının, aparıcı simalarının və elmi ideyalarının xatırlanması, Qurultayın formalaşdırdığı elmi-mənəvi ənənələrin müasir dövrdə davamı məsələlərinin müzakirəsi əsas məqsəd kimi müəyyən edilib.

    Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, xatirə tədbiri çərçivəsində Birinci Türkoloji Qurultayın elmi irsinə və müasir türkoloji proseslərə həsr olunmuş geniş tərkibli elmi müzakirələrin və panel iclaslarının keçirilməsi nəzərdə tutulub.

    “Hazırlıq prosesində beynəlxalq elmi əməkdaşlığa xüsusi önəm verilib. Tədbirlərdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının türk xalqları yaşayan regionları, eləcə də digər ölkələrdən olmaqla 50-yə yaxın Türk dünyasını təmsil edən nüfuzlu alim və elm xadiminin iştirakı planlaşdırılır. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər AR Mədəniyyət Nazirliyi və AR Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Xəzər Universiteti isə əsas tərəfdaş təşkilatçılar kimi iştirak edirlər. Bu qurumlarla əməkdaşlıq çərçivəsində elmi proqramın hazırlanması, məruzəçilərin və panel iştirakçılarının müəyyənləşdirilməsi, beynəlxalq tərəfdaşlarla koordinasiyanın təmin edilməsi, eləcə də tədbirlərin təşkilati və mədəni proqramının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərilir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

    Eyni zamanda AMEA-nın elmi bölmələri və institutları tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfransların, dəyirmi masaların və müzakirələrin təşkili, xüsusi nəşrlərin hazırlanması, Qurultayın stenoqramının və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, eləcə də yubiley tədbirləri ilə bağlı materialların kütləvi informasiya vasitələrində işıqlandırılması istiqamətində sistemli işlər aparılır. Bu çərçivədə Birinci Türkoloji Qurultayın ideyalarının müasir Türk dünyası kontekstində elmi təhlili, ümumtürk dəyərləri və ortaq elmi yaddaşın formalaşdırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.

    Daha sonra AR Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun və Xəzər Universitetinin nümayəndələri çıxış edərək qeyd olunanlar barədə fikirlərini bildiriblər.

    Rəyasət Heyəti tərəfindən qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

    Eyni zamanda iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmiş Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında iştirakının yekunları haqqında məlumat dinlənilib.

    Həmçinin akademik Tofiq Nağıyevin 85,  akademik Faiq Bağırzadənin 100, AMEA-nın müxbir  üzvü Oqtay Əfəndiyevin 100 və AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 75 illik yubileyi haqqında qərarlar qəbul edilib.

    İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik İbrahim Quliyev, akademik Gövhər Baxşəliyeva akademik Arif Həşimov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər