Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Masallı Kitab Festivalı – 2026” öz qapılarını kitabsevərlərin üzünə açdı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Masallı Kitab Festivalı – 2026” öz qapılarını kitabsevərlərin üzünə açdı
  • Cəmiyyət

  • 30 aprel, 1 və 2 may 2026-cı il tarixlərini əhatə edən “Masallı Kitab Festivalı – 2026”-nın təntənəli açılış mərasimi baş tutub. Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən bu möhtəşəm elm və mədəniyyət bayramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib. Festival Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Masallı Dövlət Regional Kolleci və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin “Sekret” kitab evi, “Rodoos” İnnovativ Təhsil Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, “Masallı xəbərləri”, “Azinfo.az” və “Hakimiyyət” informasiya Mərkəzinin tərəfdaşlığı ilə öz işinə başlayıb. 

    Tədbir müasir Azərbaycanın memarı Heydər Əliyevin kitaba, təhsilə və ziyalılığa verdiyi yüksək dəyərin rəmzi olaraq təşkil edilib. Festivalın açılış günündə Mərkəzi Rayon Kitabxanasının təqdimatında Ulu Öndərin zəngin ömür yoluna və siyasi irsinə həsr olunmuş xüsusi kitab stendi iştirakçıların böyük marağına səbəb olub.
    Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək rayonun mədəni həyatında mütaliənin əvəzsiz rolunu vurğulayıb. O qeyd edib ki, bu cür festivallar gənc nəslin dünyagörüşünün formalaşması və kitabın hər bir evə daxil olması üçün mühüm platformadır. Başçı həmçinin Masallının maarifpərvər ənənələrinin davam etdirilməsinin vacibliyini bildirərək, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Sonda o, bütün sakinlərini bu üç günlük bilik bayramında fəal iştirak etməyə çağırıb.

    Tədbirdə iştirak edən millət vəkilləri Cavanşir Paşazadə və Məşhur Məmmədov kitabın cəmiyyətin mənəvi saflığında oynadığı roldan bəhs ediblər. Məşhur Məmmədov çıxışında qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma nə qədər sürətli olsa da, klassik kitabın verdiyi biliyi və ruhu heç nə əvəz edə bilməz. Cavanşir Paşazadə isə vurğulayıb ki, Masallıda belə bir festivalın keçirilməsi rayonun intellektual potensialının göstəricisidir və bu ənənə gənc nəslin dövlətçilik ruhunda yetişməsinə birbaşa xidmət edir.

    Türk dünyasının görkəmli şairi Rüstəm Behrudi öz çıxışında sözün və fikrin ucalığından, festivalın mənəvi əhəmiyyətindən söz açıb. O, kitabın insanı öz köklərinə və tarixinə bağlayan ən güclü vasitə olduğunu qeyd edərək, məşhur “Dar ağacı” şeirini səsləndirib. Şairin təsirli ifası meydandakı iştirakçılara duyğulu və qürur dolu anlar yaşadıb.

    Daha sonra çıxış edən tanınmış alim Füzuli Bayat, mütaliənin və elmi araşdırmaların xalqın mədəni yaddaşını necə qoruduğunu elmi faktlarla diqqətə çatdırıb. O, türk ruhunun qədim kodlarının kitablarda gizləndiyini və gənclərin bu xəzinədən yararlanmasının vacibliyini bildirib.

    “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışında bu cür genişmiqyaslı təşəbbüslərin gənclərin hüquqi və iqtisadi biliklərinin artması ilə yanaşı, həm də onların mənəvi inkişafı üçün vacib olduğunu vurğulayıb. Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov isə təhsil alan gənclərin kitaba olan marağının artırılmasından danışaraq, kollecin müəllim və tələbə heyətinin bu festivalda fəal iştirakını təhsil müəssisəsinin maarifləndirmə missiyasının mühüm hissəsi kimi qiymətləndirib.

    Masallı meydanında qurulan çoxsaylı nəşriyyatların stendlərində oxuculara geniş çeşiddə kitablar xüsusi endirimlərlə təqdim olunur. Festival 1 və 2 may tarixlərində də davam edəcək. Proqram çərçivəsində panel müzakirələr, həmçinin tanınmış yazarlar — Varis, Rövşən Abdullaoğlu, Amin Oruc, Günel Əkbər, Elgüsel, Əziz Yaqubzadə, Əli Fərəcov, Samir Turan, Mail Yaqub, Mürçid Mehdi və Müşfiq Xan ilə görüşlər və imza saatları nəzərdə tutulmuşdur.








    PAYLAŞ:

    Oxşar xəbərlər