Masallı Rayon Ağsaqqallar Şurasının üzvləri Viləş kəndində şəhid qardaşların ev muzeyini ziyarət etmişlər

Masallı Rayon Ağsaqqallar Şurasının üzvləri Viləş kəndində şəhid qardaşların ev muzeyini ziyarət etmişlər
  • Cəmiyyət

  • 20 aprel 2026-ci il tarixdə Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və bir qrup fəal üzvləri ilə birlikdə Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə yaradılmış ev-muzeyini ziyarət etmişlər.

    Əvvəlcə Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərmizin kənd qəbiristanındakı məzarları ziyarət olunmuş, onların məzarları qarşısına gül dəstələri qoymuşlar. 

    Sonra ev-muzeyində şəhid qardaşların şəxsi əşyalarına, dövlət təltiflərinə, hərb sahəsində işlədikləri müddətdə aldıqları təşəkkürnamələrinə, geyimlərinə və ailə fotolarına baxış keçirilmişdir.

    Görüş zamanı şəhid qardaşların anası Ziba Əsgərova və atası Bayram Əsgərov şəhid övladlarının həyat yolu və döyüş şücaəti barədə xatirələrini bölüşərək muzey haqqında geniş məlumatlar vermişlər.

    Ağsaqqallar qəhrəman şəhidlərimiz Nurlan və İntiqam Əsgərlilərin ömür yolunu yaşadan, xatirələrini qoruyub saxlayan ev muzeyinin xatirə kitabına ürək sözlərini yazmışlar.

    Ələşrəf Niftiyev və ağsaqqallar çay süfrəsi arxasında valideynlərə övladlarının Vətən uğrunda göstərdikləri igidlikdən bəhs edərək şəhid və ailələrin daim diqqətdə saxlanıldığını bildirmişdir. O, şəhid ailələrinin xidmətində durmağın hər bir kəsin mənəvi borcu olduğunu qeyd etmişdir.

    Şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.

    Şəhid qardaşların ev – muzeyinin daha da zənginləşməsi üçün xatirə hədiyyələri, yazıçı-publisist Ə.Niftiyevin yeni kitabı və müxtəlif illərdə çap olunmuş kitabları hədiyyə olunmuş, Masallı rayon Ağsaqqallar Şurasının Fəxri fərman və diplomu ata-anasına təqdim edilmişdir. Onlara ailəsinə göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayon rəhbərinə minnətdarlıqlıq bildirmişlər.

    İbrahim ŞÜKÜROV,
    Masallı Rayon Ağsaqqallar Şurasının mətbuat katibi.
    PAYLAŞ:

    Oxşar xəbərlər