Ölkə başçısının Sərəncamı ilə 2018-ci ildən qeyd edilən “Elm günü” müstəqil Azərbaycan dövlətinin yaradıcı ziyalılara, alimlərə, elm adamlarının xidmətlərinə verdiyi yüksək qiymətin əməli ifadəsidir. Keçən ilki “Elm günü”ndən keçən bir illik dövrün elm aləmi üçün ən böyük tarixi hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etməsi və dərin məzmunlu, proqram xarakterli nitq söyləməsi olmuşdur.
Bu sözləri AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, möhtərəm Prezidentin Akademiyaya səfəri və nitqi ölkəmizdə elm sahəsində yeni eranın başlanmasının strategiyasını müəyyən edib. O qeyd edib ki, dövlət başçısının nitqində Azərbaycan dili və Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Azərbaycançılıq ideyasının və ideologiyasının elmi əsaslarının daha dərindən və əhatəli şəkildə tədqiq edilməsinə dair müasir çağırışları əks etdirir.
Cənab Prezidentin tapşırığından irəli gələrək Akademiyada bu istiqamət üzrə fəaliyyətin genişləndirildiyini deyən akademik İsa Həbibbəyli Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin linqvistik korpusunun yaradılması sahəsində mühüm addımların atıldığını, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətləri üzərində işlərin tamamlandığını söyləyib. Bundan əlavə, şəxs adlarının yeni soraq kitabının hazırlanaraq aidiyyəti üzrə müvafiq quruma təqdim olunduğunu, Azərbaycan dilinin saflığının qorunması və qrammatikasının yenidən yazılması sahəsində də ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.
“Tarixçi alimlərimiz 15 cildlik “Azərbaycan tarixi” üzrərində iş aparmaqla bərabər, Azərbaycan Respublikası tarixinin, yeni müstəqillik dövrü tariximizin 3 cildi üzərində işi bu ilin axırınadək tamamlamaq üçün qüvvələrini səfərbər etmişlər. Həmçinin 10 cildi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin də artıq 7 cildi çap olunmuşdur”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubileyindəki tarixi nitqində texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşıya qoyduğu vəzifələrə də toxunan natiq Elektron hərəkat, rəqəmsallaşma və süni intellektin son 3 ildə Akademiyada həyata keçirilən yeniləşmə islahatlarının əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradılması ilə başlanan elektron hərəkat nəticəsində artıq Milli Elmlər Akademiyasının Elektron Arxitekturası formalaşdırılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, Akademiyanın bütün institutlarında, hətta regionlarda yerləşən Elmi Bölmələrində və Mərkəzlərində də Rəqəmsal elm sahəsi və süni intellekt şöbələri fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişafa dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Akademiyanın Rəqəmsal İnkişaf üzrə proqramının hazırlanmaqda olduğunu deyən akademik İsa Həbibbəyli institutlarda rəqəmsallaşma və süni intellekt üzrə direktor müavinlərinin təyin olunma prosesinin başa çatmaqda olduğunu diqqətə çatdırıb: “Akademiya üzrə Elektron sənəd dövriyyəsi tamamlanıb, Mərkəzi Elmi Kitabxanada isə elektronlaşdırma işi sürətlə davam etdirilir. Həmçinin 2025-ci ilin dekabr ayından Akademiyanın Elmi irs şöbəsində Elektron Arxiv quruculuğuna başlanılmışdır. Çalışacağıq ki, rəqəmsallaşma epoxasında qarşımıza qoyulmuş vəzifələri Qalib xalqın Qalib lideri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müəyyən etdiyi yüksək səviyyədə yerinə yetirək”.
Milli Elmlər Akademiyasında həyata keçirilən islahatların əsas istiqamətlərindən birini də elmi istiqamətlərin müstəqil dövlətimizin inkişaf strategiyasına, milli prioritetlərimizə cavab verməsinin təmin edilməsi ilə əlaqədar olduğunu deyən AMEA rəhbəri Qərbi Azərbaycan, Qarabağ, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi, Türk dünyası ilə əlaqələr, yeni tarixi dövrün milli ideyası kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.
Struktur islahatlarına da toxunan AMEA rəhbəri Milli Elmlər Akademiyasında 3 il ərzində daxili imkanlar və mövcud ştat vahidləri hesabına 54 yeni şöbə və sektorun yaradıldığını, bunlar sırasında Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycanın tarixi və folkloru, Məhkəmə arxeologiyası, Müasir Azərbaycan dili və mədəniyyəti, Onomastika, Türk sənət tarixi və mədəni irsi, Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi, Rəqəmsal elm sahəsi və süni intellekt və s. kimi aktual şöbələrin yer aldığını söyləyib.
AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan akademik İsa Həbibbəyli Akademiyanın fəaliyyət göstərdiyi 80 il ərzində ilk dəfə olaraq 4 beynəlxalq elmi təşkilatın - hazırda dünyanın ən böyük Akademik təşkilatı hesab olunan Beynəlxalq Elmi Şuranın, Beynəlxalq Tərəfdaşlıq Akademiyasının, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının və Beynəlxalq Akademiyalar Birliyinin tam hüquqlu üzvü seçildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Elmlər Akademiyasında hazırda yeni bir istiqamətdə islahata başlanıldığını, AMEA Rəyasət Heyətində keçirilən müşavirədə Akademiya əməkdaşlarının elmi-tədqiqat fəaliyyətinin bal sistemi ilə qiymətləndirilməsi modelinin hazırlanması haqqında ilk müzakirənin aparıldığını bildirib, Akademiyanın fəaliyyətini rəqəmsal inkişaf cəmiyyətinin yeni tələbləri səviyyəsində qurmaq və istiqamətləndirmək üçün yeni modelə keçməyin zəruri olduğunu söyləyib.
“Bilik məfhumu elm anlayışından daha geniş olub, ilk insan məskunlaşmasından indiki rəqəmsal inkişaf cəmiyyətinə qədərki bütün informasiya selini özündə cəmləşdirir. Elm isə sistemli bir təlim kimi cəmiyyətin yaranması ilə əlaqədar formalaşmışdır. Elm səbəbləri axtarıb araşdırır, nəticələri müəyyən edib ümumiləşdirir və proqnozlaşdırır. Elm ümumbəşəri hadisədir. Elmin vətəni yoxdur, lakin alimin vətəni vardır. Azərbaycan alimləri Prezident İlham Əliyevin Azərbaycan elmi, Milli Elmlər Akademiyası qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün var qüvvə ilə çalışmağı özünə şərəfli və məsuliyyətli borc hesab edir, dövlət başçısının apardığı siyasəti dəstəkləyir və müdafiə edirik. Cənab Prezidenti əmin etmək istəyirik ki, Azərbaycan alimləri bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər”, - deyə AMEA rəhbəri vurğulayıb.