“Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransı keçirilib

“Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransı keçirilib
  • Cəmiyyət

  • AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransı keçirilib.

    Tədbir AMEA Gənclər Akademiyası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə olan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin elmi əhəmiyyətini qeyd edib.

    O, Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il oktyabrın 22-də Sərəncam imzaladığını xatırladıb. Vurğulayıb ki, düz bir əsr əvvəl Bakıda əsası qoyulan ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də öz aktuallığını qoruyur.

    Bakı şəhərinin XX əsrin əvvəllərində intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyini və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı deyən akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Qurultay ilk dəfə türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının elmi müzakirəsini apararaq türkoloji elmləri sistemli şəkildə beynəlxalq arenaya təqdim edib. Qurultayda iştirak edən 130-dan artıq ziyalıdan 80-dən çoxu sovet rejimi tərəfindən sərt repressiyaya uğrayıb.

    Akademik Gövhər Baxşəliyeva Türkoloji Qurultayda dilçilik, latın qrafikalı əlifba, orfoqrafiya, ədəbiyyat, tarix, folklor, incəsənət, etnoqrafiya, terminologiya və metodika kimi o dövrün ən aktual elmi-mədəni məsələlərinin əhatə olunduğu 38 məruzənin dinlənildiyini, konkret qərarların qəbul edildiyini diqqətə çatdırıb.

    Azərbaycanda türkologiyanın inkişafına böyük önəm verildiyini söyləyən alim AMEA-da bu istiqamətdə həyata keçirilən işlərdən, türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib. O, AMEA-nın bütün elmi-tədqiqat institutlarında türkologiya ilə bağlı şöbələrin yaradıldığını, Akademiyada Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini bildirib. Həmçinin qeyd edib ki, Şərqşünaslıq İnstitutunda yaradılmış Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əsas istiqamətlərini Türkiyənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının mühüm məsələlərinin elmi tədqiqi təşkil edir.

    Akademik Gövhər Baxşəliyeva bugünkü konfransın əsas məqsədinin klassik türkologiya irsini müasir elmi yanaşmalarla uzlaşdırmaq, akademik tədqiqatların bu sahədə rolunu gücləndirmək və gənc alimlərin Türk dünyasının ortaq elmi-mədəni məkanının formalaşmasında fəal iştirakını təşviq etmək olduğunu söyləyib.

    Sonra Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekanı fil.ü.f.d. Elçin Məmmədov çıxış edərək bildirib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək  Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda türk xalqlarının nümayəndələri ilə yanaşı, müxtəlif siyasi-ideoloji sistemlərdə fəaliyyət göstərmiş görkəmli alim və ziyalılar iştirak ediblər. Türk xalqlarının dil, tarix və mədəni yaddaşı üzrə elmi düşüncənin formalaşmasında mühüm mərhələ olan Qurultayın irsi bu gün də müasir türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirir.

    O, Qurultay çərçivəsində 17 iclasda 7 əsas istiqamət üzrə məruzələrin dinlənildiyini, əsas müzakirə mövzularından birinin isə keçmiş SSRİ ərazisində yaşayan xalqların yeni əlifbaya keçidi məsələsi olduğunu diqqətə çatdırıb. 1992-ci ildə Azərbaycanın latın qrafikalı əlifbaya qayıdışının türk dünyasında inteqrasiya yolunda mühüm addım kimi dəyərləndirildiyini deyən Elçin Məmmədov bildirib ki, bu proses sonradan digər türk dövlətlərində də davam etdirilib. Onun sözlərinə görə, hazırda ortaq türk əlifbasının ilkin layihəsinin mövcud olması bu tarixi prosesin məntiqi davamıdır.

    Elçin Məmmədov Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində BDU-nun bir qrup əməkdaşının hazırda Qazaxıstanda Qurultayın yubileyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etdiyini, iyun ayında isə universitetdə bu mövzuya həsr olunmuş geniş elmi konfransın keçiriləcəyini vurğulayıb.

    Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri fil.e.d. Sərxan Xavəri konfransın Birinci Türkoloji Qurultayın yubileyi çərçivəsində təşkil olunan silsilə elmi tədbirlərin tərkib hissəsi olduğunu bildirib. O, bu kimi konfransların gənc alimlər üçün elmi müzakirə və fikir mübadiləsi baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.

    Sərxan Xavəri 2024-cü il fevralın 24-də dövlət səviyyəsində türk dünyasında dil və elm sahəsinin inkişafına dair təşəbbüslərin irəli sürüldüyünü, 2025-ci ilin oktyabrında isə Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə mühüm qərarın qəbul edildiyini və yubiley tədbirlərinin keçirilməsinin rəsmiləşdirildiyini xatırladıb.

    Alim bildirib ki, son 100 ildə dünyada baş verən köklü dəyişikliklər türkologiya elminə də təsirsiz ötüşməyib. O, bu sahənin yalnız dilçilik çərçivəsində deyil, ədəbiyyat, mədəniyyət, fəlsəfə və digər humanitar istiqamətlər üzrə də inkişaf etdirilməsinin önəmini qeyd edib. Vurğulayıb ki, elmi metodologiyanın gücləndirilməsi və ideoloji yanaşmalardan uzaq, akademik əsaslı tədqiqatların aparılması olduqca vacibdir.

    Sərxan Xavəri çıxışının sonunda türkologiyanın gələcək inkişafının multidissiplinar yanaşmalar və beynəlxalq elmi əməkdaşlıq üzərində qurulmasının önəminə diqqət çəkib, konfransın işinə uğurlar arzulayıb.

    Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək bildirib ki, ölkə başçısının Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Sərəncamı ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açıb. Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktualdır. 

    O,  çıxışında Qurultayın məhz Bakıda keçirilməsinin səbəblərinə və digər mühüm məqamlara da toxunub.

    Sənan Həsənov Türkoloji Qurultayın elmi tədbir olmaqla yanaşı, milli düşüncənin tarixində dönüş nöqtəsi və bu gün də düşünən Türk dünyası üçün canlı ideya mənbəyi olduğunu vurğulayıb.

    AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev isə çıxışında konfransın Türkoloji Qurultayın yüzillik yubileyi ilə bağlı elmi ənənənin davamı olduğunu bidirib. O, “sələflər və xələflər” mövzusunun elmi varislik prinsipini ifadə etdiyini deyərək, müasir türkologiyada multidissiplinar yanaşmaların vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, türk dünyasında artan elmi inteqrasiya prosesləri ortaq mədəni və kommunikativ məkanın formalaşmasına xidmət edir.

    O, Prezident İlham Əliyevin Türk dünyasını “bizim ailəmiz” kimi xarakterizə etməsini xatırladaraq, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində elmi-humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.

    Elmi Babayev AMEA Gənclər Akademiyası tərəfindən həyata keçirilən layihələrin gənclərin elmi fəaliyyətə inteqrasiyasını gücləndirdiyini və milli-mədəni irsə bağlılığın möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

    Tədbirdə, həmçinin Türkiyə Elmlər Akademiyasının Gənclər Akademiyasının sədri dosent Mürsel Doğrulun və Qırğızıstan Elmlər Akademiyası Gənclər Akademiyasının sədri Elmira Alamanovanın videomüraciətləri təqdim edilib.

    Videomüraciətlərdə bu kimi elmi platformaların türk dünyasında gənc alimlər arasında əməkdaşlığın və akademik əlaqələrin güclənməsi baxımından mühüm rol oynadığı qeyd edilib.

    Daha sonra Folklor İnstitutunun direktoru fil.e.d. Hikmət Quliyev və həmin institutun aparıcı elmi işçisi, fil.e.d., dos. Səfa Qarayevin “Elmlərarası diskursda türkoloji folklorşünaslıq: inkişaf istiqamətləri”, eləcə də Milli Aviasiya Akademiyasının dosenti, tar.ü.f.d. Elnur Kəlbizadənin “Türk birliyi: ideoloji siyasi təməllərdən Texno-Turana” adlı mərzələri dinlənilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər