Azərbaycan Milli Elmlər Akademiyasında Xəzər Universitetində keçirilən “3-cü Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə doğru: 100-cü il dönümündə Türkoloji Qurultaydan bu günə ortaq əlifba məsələləri” adlı beynəlxalq elmi simpozium davam etdirilib.
Simpozimda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş nitqi ilə çıxış edib. Akademik qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirləri davam edir. Biz yüz il sonra bu salonda əhəmiyyətli beynəlxalq elmi konfrans keçirdik. Tədbirdə Türkiyədən, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Şimali Kiprdən qonaqlar iştirak etdilər. Bu gün AMEA-da Birinci Türkoloji Qurultayın yubileyi ilə bağlı növbəti elmi simpozium keçirilir. 100 il əvvəl Türk dünyasının birlik və həmrəyliyini ifadə edən qurultay türkologiya elmini formalaşdırmış, onun sistemini müəyyən etmişdir. Əgər qurultaya qədər yalnız dilçilik sahəsi aktual öyrənilirdisə, bu mötəbər tədbir ədəbiyyat, tarix, etnoqrafiya, foklor, sənətşünaslıq sahələrini də əhatə etdi. Sovet hakimiyyəti bu qədər geniş sahələrin inteqrasiyasının genişlənməsindən ehtiyat edərək onları repressiyaya məruz qoydu.
Bildirilib ki, Birinci Türkoloji Qurultay, həmçinin türkologiya elminin əsas hədəf və istiqamətlərini müəyyən edib. Qurultaydan bəri ötən dövr türkologiyaya daha geniş aspektdən yanaşılması, türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.
Hazırda AMEA-da çap olunan “Türkologiya” jurnalı ənənəni davam etdirir. Burada dilçiliklə yanaşı, folklor, etnoqrafiya, sənətşünaslıq, tarix, fəlsəfə və başqa elm sahələri istiqamətində məqalələr çap olunur. Azərbaycanda artıq Birinci Türkoloji Qurultayın müəyyən etdiyi türkologiya elmləri sistemi tətbiq olunur. Bu sahədə konkret işər görülür.
Qurultayın ən böyük xidmətlərindən biri də türksoylu ölkələrdə milli ziyalılığı qorumaq, inkişaf etdirmək və türk ölkələrində elmin təşkilatlanması məsələsi olmuşdur. Türkoloji qurultayın ən böyük zəfəri həm də latın əlifbasına keçiddir. 1926-cı ildə çoxcəhətli müzakirələrdən sonra latın əlifbası qəbul edildi ki, bu da Türk dünyasını birləşdirən və mədəni birliyi inteqrasiya edən mühüm faktorlardan biri idi.
Daha sonra Türk Dil Qurumunun üzvü, Hacettepe Universitetinin professoru Şükrü Haluk “Birinci Türkoloji Qurultaydan müasir Türk lüğətçiliyinin yaranmasına”, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, dosent Zülfiyyə Vəliyeva Önlen “Latın qrafikasına keçidin yüzilliyində yeni nəslin problemləri”, Özbəkistandan Daşkənd Universitetinin dosenti Jura Xudoyberdiyevin “Birinci Türkoloji Qurultayda türk dillərində sinharmonizmin müzakirəsi”, Qazaxıstan Dövlət Dilinin İnkişafı İnstitutunun professoru Bijomart Kapalbekovun “Türkologiyada avropamərkəzçilikdən müstəqil milli yanaşmaya” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə türkoloji qurultay üçün əhəmiyyətli mövzular ətrafında elmi-nəzəri tezislər səsləndirilib, prinspial təkliflər irəli sürülüb.
Konfrans məruzələr ətrafında müzakirələrlə yekunlaşıb.