Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı, "Theraplay" Psixologiya və Nitq İnkişaf Mərkəzi və "Məlhəm" Beynəlxalq Hospitalının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan, o cümlədən neyroinkişaf pozuntuları olan uşaqlar üçün ikigünlük sosial-mədəni və tibbi aksiya təşkil olunub.
Aksiyanın ilk günü "Theraplay" Psixologiya və Nitq İnkişaf Mərkəzində uşaqlar üçün bayram proqramı keçirilib. Tədbir çərçivəsində əyləncəli oyunlar, kloun şousu və bayram ziyafəti təşkil olunub, həmçinin balacaların kinoteatrda birgə film nümayişi keçirilib.
Tədbirdə tanınmış bloger Ruslan Aslanov texniki, təşkilati və sosial dəstəyi ilə fəal iştirak edib.
İkinci gün "Məlhəm" Beynəlxalq Hospitalında uşaqlar üçün bayram proqramı təşkil olunub. Uşaqlara "Materia Medica" şirkəti tərəfindən yazıçı və ictimai xadim Bəhram Bağırzadənin Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş uşaq kitabları, eləcə də yumşaq hədiyyələr bağışlanıb.
Eyni zamanda, APA-nın üzvləri və "Məlhəm" Beynəlxalq Hospitalının həkimləri tərəfindən uşaqların kompleks tibbi müayinəsi aparılıb.
Müayinələrdə Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri, tibb üzrə fəlsəfə doktorları - dosent Lalə Hidayətova, dosent Fəxriyyə Məmmədova, dosent Ülviyyə Hacıyeva, eləcə də Dr. Zabıta Abbasova, Dr. Sahilə Ələkbərova, Dr. Səid Səidov, Dr. Anar Qurbanov, Dr. Emilya Əfəndiyeva və digər mütəxəssislər iştirak ediblər.
"Məlhəm" Beynəlxalq Hospitalının rəhbərliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların tibbi nəzarətinin davamlılığını təmin etmək məqsədilə il ərzində zərurət yarandıqda əlavə kompleks müayinələrin də ödənişsiz şəkildə təşkil olunacağı nəzərdə tutulub.
Tədbirin təşkilinə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətə görə Azərbaycan Pediatrlar Assosiasiyası "Theraplay" Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Rufina Paşayevaya, "Məlhəm" Beynəlxalq Hospitalının rəhbərliyinə, xüsusilə Sevda Əlizadəyə, bloger Ruslan Aslanova, "Materia Medica" şirkətinə, "Lasomed Group"a eləcə də aksiyanın həyata keçirilməsində iştirak edən bütün həkim və könüllülərə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyası artıq 95 ilə yaxındır uşaqların sağlamlığının qorunması, həssas və sosial dəstəyə ehtiyacı olan qrupların müdafiəsi yönündə fəaliyyət göstərir, müxtəlif humanitar və tibbi layihələr icra edir.

