Azərbaycan Milli Elmlər Akademiyasında AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksində bu məktəbin 9-10-cu sinif şagirdləri üçün Azərbaycan dili fənni üzrə olimpiadanın iştirakçıları və qalibləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, bu olimpiadanın keçirilməsində əsas məqsədimiz yeni nəsillləri Azərbaycan dilini daha dərindən öyrənməyə sövq etmək, ana dili vasitəsilə onlara ölkəni, vətəni sevməyi təlqin etməkdir. Çünki Azərbaycan dili bizim xalqın əsas atributlarından biridir; bayraq, gerb, himn kimi bizim əsas milli rəmzlərimizdəndir. Dilimizin Konstutisiyada dövlət dili kimi tətbiq olunması 1978-ci ildən etibarən Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O zaman sovetlər birliyi zamanında daha çox beynəlmiləlçilik şüarları aktual idi. Elə bir çətin zaman kəsiyində Ulu öndər dilimizlə milli kimliyimizi qorumağa çalışmışdı. Sonrakı dövrlərdə də dilimizin işlək forması, funksionallığının artırılması üçün bir çox tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən bu gün də həmin xətt uğurla və prinsipiallıqla davam etdirilir. Qloballaşma dövründə dilimizin imkanlarını artırmaq barədə ayrıca Dövlət proqramı qəbul edilib, latın qrafikalı kitabların nəşri üçün sərəncam verilib. Dövlət başçısının Akademiyanın 80 illik yubiley yığlıncağındakı çıxışında, televiziya kanallarına müsahibəsində dilimizə önəm verməsi yeni vətənpərvər gənc nəslin yetişməsi üçün olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan dilinin qrammatikasına dair kitabların yazılması, lüğətçiliyə dair əsərlərin ərsəyə gəlməsi dilıimizin inkişafına böyük töhfədir. 132-134 nömrəli Təhsil Kompleksində keçirilən olimpiada öz növbəsində yeni nəsildə dilimizə sevgi hisslərinin formalaşması üçün mühüm əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlığa həmişə açığıq. Bu ənənəni davam etdirmək lazımdır.
Sonra 132-134 nömrəli Təhsil Kompleksininin direktoru Aygün Mikayılova ana dili olimpdiasının əhəmiyyətdən söhbət açaraq bildirib ki, məktəb şagirdəri hansı sektorda oxumasından asılı olmayaraq dilimizin imkanlarına yüksək səviyyədə yiyələnirlər, dilimizi sevirlər. Və bu onu göstərir ki, yetişən gənc nəsil üçün ana dilinin təbliği mühüm göstəricidir. Ölkə Prezidentinin ana dilimizin qorunması ilə bağlı çıxışlarından və tapşırıqlarından sonra bu məsələ daha da aktuallaşıb və düşünürəm ki, bizim məktəblər ana dilimizin imkanlarını qorumaq, dilimizi sevmək, inkişaf etdirmək üçün əllərindən gələni edəcəklər.
Çıxış edən AMEA Rəyasət Heyəti Aparatı Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA və onun nəzdindəki Gənclər Akademiyasının bir sıra mühüm işlər gördüyünü və bunlardan biri kimi, ana dili olimpiadasının təşkilini vurğulayıb. O, AMEA-nın dəstəyi ilə görülən bu işlərin gənclərimizin, şagirdlərimizin vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını vurğulayıb.
AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək bildirib ki, olimpiadada məktəb üzrə Azərbaycan, rus və ingilis bölməsindən ümumilikdə 41 şagird iştirak edib. Maraqlıdır ki, dilimizlə bağlı olimpiadada rus bölməsindən olan şagirdlər daha yaxşı iştirak ediblər. Bu isə Azərbaycan dilinə sevginin və hörmətin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
Sonra olimpiada qalibləri olan 132-134 nömrəli Təhsil Kompleksinin onuncu sinif şagirdlərindən Kamilə Vəkilova, Zəhra Axundova, Rüfət Lətifli və Ayan Zeynalova çıxış edərək onlara yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Təhsil Kompleksinin olimpiadada iştirak edən və qalib gələn şagirdlərinə sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.


