Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə ölkə başçısının “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüyə “Tərəqqi” medalı təqdim olunub.
Həmçinin Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. İclasda, o cümlədən bir sıra alimə “Əmək veteranı” vəsiqələri təqdim olunub.
Rəyasət Heyətinin iclasında ilk olaraq akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri” haqqında məruzəsi olub.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının müsahibəsində müstəqil dövlətimizin beynəlxalq və regional miqyasda tutduğu mövqe, apardığı məqsədyönlü siyasət, qazandığı nailiyyətlərin real və geniş mənzərəsi canlandırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin rəhbərinin müsahibəsi müstəqil və müasir Azərbaycanın dünya miqyasındakı yerinin və mövqeyinin, ölkə başçımızın siyasi iradəsinin, strategiyasının dolğun, məzmunlu panoramıdır və Azərbaycan cəmiyyətinin qarşısında yeni üfüqlər açır, mühüm vəzifələr qoyur.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin gündəliyində sülh və təhlükəsizlik məsələləri xüsusi yer tutur. Cənab Prezident haqlı olaraq Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbəyə ötən ilin 8 avqustunda Vaşinqtonda, dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə siyasi möhür vurulmasını, Ermənistanla Sülh müqaviləsinin müddəalarının paraflanmasını “müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri, bəlkə də birincisi” adlandırıb. Natiq vurğulayıb ki, Azərbaycan xalqı indiki çətin geosiyasi şəraitdə Prezident İlham Əliyevin Sülh müqaviləsini uğurla başa çatdıracağına, xalqımızın dinc şəraitdə yaşayacağına, qurub-yaradacağına inamı tamdır.
Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibənin ana xətlərindən birini də “Biz həmişə güclü olmalıyıq” tezisinin təşkil etdiyini deyən akademik İsa Həbibbəyli bu gün BMT-nin dünyada gedən siyasi hadisələrə təsir mexanizminin olmadığını və qanunun aliliyi prinsipinə heç də hər zaman riayət edilmədiyini bildirib. Qeyd edib ki, bu gün ölkəmizin ABŞ-la yanaşı, Çinlə də yüksək əlaqələr qurması, D-8 Təşkilatının, Mərkəzi Asiya Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin müsahibəsində Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsinə xüsusi diqqət çəkdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçımızın səyləri nəticəsində son illərdə təşkilatın fəaliyyətinin gücləndiyini, Türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndiyini söyləyib.
Vurğulanıb ki, ölkəmizin tarixində gedən proseslərin Azərbaycan cəmiyyətinə çatdırılması da cənab Prezidentin müsahibəsində xüsusi yer tutur. Belə ki, Bakı şəhərinin daxilində 2 min 500 kilometrlik yol çəkilməsi, yaxın illərdə 10 metrostansiyasının tikiləcəyi, Qarabağda və Şərqi Zəngəzurda uğurla həyata keçirilmiş sosial-iqtisadi layihələr, Zəngəzur dəhlizi sahəsində atılmış mühüm addımlar və s. 2026-cı ilin də yüksək səviyyədə inkişaf etdiriləcəyini proqnozlaşdırmağa imkan yaradır.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Qalib ölkənin Qalib Lideri olan Prezident İlham Əliyev islahatçı dövlət rəhbəridir.
Prezident İlham Əliyevin “Mən, bunu dəfələrlə demişəm, bir daha deyirəm, …inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. ...Onların texnologiyaları haradan gəlir? Onların özləri onları icad edir? Yox, o beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik. ...Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik”, - sözlərini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı öz müsahibəsində müasir cəmiyyətin inkişafındakı xüsusi rolunu və əhəmiyyətini nəzərə almaqla, dünya nizamı və ölkə reallıqları ilə birlikdə elm və təhsil məsələlərini bir daha ictimaiyyətin diqqət mərkəzinə çəkmişdir. Akademik İsa Həbibbəyli son illərdə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların ölkəmizdə elm və təhsilin inkişafına özünün töhfəsini verməkdə olduğunu söyləyib.
AMEA rəhbəri elmlə təhsilin inteqrasiyası çərçivəsində alimlərimizin məktəblilərlə və tələbələrlə işin gücləndirilməsi, onlarla mütəmadi görüşlərin, mühazirə və seminarların keçirilməsi ilə bağlı tapşırıqlar verib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil dövlətçilik və Azərbaycançılıq təlimində ana dili – dövlət dili məsələsi həmişə xüsusi aktuallığa və əhəmiyyətə malik olmuşdur. Milli Elmlər Akademiyasının 70 və 80 illik yubileylərində Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının, xarici təsirlərdən qorunub saxlanılması və daxili imkanlar hesabına zənginləşdirilməsinin dövlət siyasətinin əsas müddəalarından biri olduğunu bəyan etmişdir.
“Dövlət rəhbərimizin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi məsələsini yenidən gündəmə gətirməsi bu faktorun ölkənin və xalqın taleyində və təkamülündə nə qədər məsuliyyətli olduğunu bir daha nümayiş etdirir. Cənab Prezidentin müsahibəsindəki Azərbaycan dili mövzusu Akademiyanın 80 illik yubileyində bu istiqamətdə irəli sürdüyü vəzifələrin daha da genişləndirilmiş, “çərçivələri daha da açılmış” və əsaslandırılmış davamıdır. Dil məsələlərinə ardıcıl münasibət Prezident İlham Əliyevin müstəqil dövlətçilik və milli kimliklə bağlı olan Azərbaycan dili siyasətinin davamlı və dönməz olduğunu göstərir. Azərbaycan dilinə haqlı olaraq dövlətin əsas atributlarından biri kimi xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin Azərbaycan dilinin statusuna, qüdrətinə və gözəlliyinə verdiyi yüksək qiymət ana dilimizi nə üçün qoruyub saxlamağın ən mükəmməl cavabıdır: “Dil dövlətin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. ...Dil o amildir ki, milləti millət edir. ...Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir millətin kölgəsində ola bilməz”, - deyə AMEA rəhbəri vurğulayıb.
Ana dilinin qorunub saxlanılması, mövqeyinin möhkəmləndirilməsi, daxili imkanlar hesabına zənginləşdirilməsi yollarının və vasitələrinin elmi cəhətdən müəyyən edilməsinin, xalqımıza çatdırılmasının AMEA-nın, xüsusən də humanitar və ictimai elmlər üzrə elmi-tədqiqat institutları əməkdaşlarının müqəddəs borcu və vəzifəsi olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan dilinin qrammatik əsaslarının elmi şəkildə tədqiq edilib öyrənilməsinin, yeni nəsillərə mənimsədilməsinin son yüz illiyin ən mühüm nailliyyətlərindən biri olduğunu söyləyib.
Azərbaycan dilinin saflığının qorunması istiqamətində AMEA-da atılmış addımlar haqqında bir sıra məlumatları təqdim edən akademik İsa Həbibbəyli hazırda Orfoqrafiya lüğətinin tamamlanmaq üzrə olduğunu, Orfoepiya lüğəti üzərində işin davam etdiyini bildirib. Yaxın günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılacağını diqqətə çatdırıb. Bundan əlavə, terminoloji lüğətlərin rəqəmsallaşdırılması, Milli Terminologiya Korpusunun yaradılması, geniş istifadə üçün onlayn lüğətlərin yaradılmasının, nitq mədəniyyəti fənninin yenidən tədris edilməsinin zərurətini vurğulayıb. Həmçinin televiziya məkanında Azərbaycan dili ilə bağlı verilişin bərpa olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dilinin saflığının qorunması yalnız Dilçilik İnstitutunun deyil, digər elmi-tədqiqat müəssisələrimizin, ümumilikdə bütün alimlərin üzərinə düşür.
Məruzədə o da qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı “Sizin üçün torpaq nədir” sualına cavab verərkən torpaq haqqında dediyi çoxmənalı ürək sözləri ölkə rəhbərimizin müstəqil dövlətçilik və Azərbaycançılıq baxışlarının obrazlı və ümumləşdirilmiş möhtəşəm yekunudur. Bu, ana torpaq haqqında dövlət başçısı səviyyəsində verilmiş vətənpərvərlik dərsləridir. Prezident İlham Əliyevin ana torpaq sevgisi və torpağı qorumaq andı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir.
“Bu gün Azərbaycan elmi və Milli Elmlər Akademiyasının alimləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmi fikrin daha da inkişaf etdirilməsi, elmin ölkəmizin inkişafına daha çox xidmət etməsi, milli-mənəvi dəyərlərin dərindən mənimsənilməsi, yeni elmi nəsillərin hazırlanması yollarında dönmədən çalışaraq, özlərinin məsuliyyətli tədqiqatçılıq vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün səfərbərdirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi AMEA-nın kollektivi adından əmin etmək istəyirəm ki, dövlət başçımızın AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində və Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər, qarşıya qoyulmuş vəzifələr, irəli sürülmüş çağırışlar alimlərimiz, elmi-tədqiqat müəssisələrimiz tərəfindən dönmədən həyata keçiriləcəkdir”, - deyə akademik İsa Həbibbəyli məruzəsinin sonunda bildirib.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın hazırlanması haqqında məsələ müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib.
İclasda, AMEA-nın elmi müəssisə və təşkilatlarının “Elektron xidmətlər” şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir. Dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. AMEA-nın Rəyasət Heyətinin aparatında 2023-cü ilin yanvar ayında “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən akademik İsa Həbibbəyli ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atıldığını bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində ötən ilin sentyabrında Elektron Akademiya şöbəsinin adı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi olaraq dəyişdirilib və bundan irəli gələrək elmi müəssisələrdəki müvafiq şöbələrdə də dəyişiklik zərurəti yaranıb.
Qeyd olunanları nəzərə alaraq, daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın elmi-tədqiqat müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən Elmi bölmələrdə və Elmi mərkəzlərdə isə Rəqəmsallaşma və süni intellekt şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.
Həmçinin iclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Elmi-Metodiki Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.
İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA əməkdaşlarının Naxçıvan Bölməsinə, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Ofelya Zöhrablı Gəncə Bölməsinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri Şəki Regional Elmi Mərkəzinə ezamiyyətlərinin nəticələri haqqında məlumat veriblər.
Daha sonra bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru İsmayıl Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərov Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Lalə Qurbanova Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin müdiri və Elşən Abdurahmanov həmin mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təsdiq ediliblər.
İclasda həmçinin akademik İsmayıl Hacıyevin 75, akademik Əbdülvahab Salamzadənin 110, akademik Səməd Vurğun Vəkilovun 120, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 və AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 90 illiyi haqqında qərarlar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professorlar Zemfira Hacıyeva, Nadir Məmmədli, Məsud Mahmudov, filologiya elmləri doktorları Hikmət Quliyev, Mayıl Əsgərov, texnika elmləri doktoru Hüseyn Hüseynov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.